Mədəniyyət

Aida Mahmudovanın ABŞ-da açılmış sərgisi beynəlxalq media tərəfindən geniş işıqladırılıb - FOTO

19 Yanvar 2021 17:11
Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 14-də Nyu-Yorkun Sapar Contemporary Gallery + Incubator qalereyasında açılan Azərbaycan rəssamı Aida Mahmudovanın "PASTPRESENTFUTURE" adlı sərgisi beynəlxalq KİV-lərin böyük marağına səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərgi "The Art Gorgeous" (https://theartgorgeous.com/female-led-exhibitions-we-cannot-wait-to-see-in-2021/) və "Art Daily" (https://artdaily.com/news/131994/Sapar-ContemporaryGallery---Incubator-opens-an-exhibition-of-works-by-Aida-Mahmudova#.YAbH0pMzaqC) kimi nüfuzlu nəşrlərdə işıqlandırılıb.

Sapar Contemporary Gallery + Incubator (Nyu-York), Azərbaycan rəssamı Aida Mahmudovanın - varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən "PASTPRESENTFUTURE" adlı yeni silsilə əsərlərini təqdim edir. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni silsiləsində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və mühafizə olunmayan dəyərləri göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist yaxmaları nəticəsində ərsəyə gələn "Mənşə" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq tərəqqi və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın öz sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir."

Rəssam haqqında

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Onun Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda qrup və fərdi sərgilər də daxil olmaqla, beynəlxalq səviyyədə iri miqyaslı sərgiləri keçirilib. Seçilmiş fərdi sərgilərinə daxildir: "İşığı tuta bilmirəm", Deweer Gallery, Otegem (2017); "Ötüb keçərkən", Leila Heller Gallery, Nyu-York (2015); və "Daxili sakitlik", Barbarian Art Gallery, Sürix (2013). Aida Mahmudovanın əsərləri 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində (2013) və 56-cı Venesiya Biennalesi çərçivəsində (2015) Artwise kuratorluğu ilə keçən "VITA VITALE" sərgisində nümayiş olunub.

Sapar Contemporary Qalereyası haqqında

SAPAR Contemporary Gallery + Incubator 3 nəsil və 5 qitəni əhatə edən beynəlxalq səviyyəli rəssamlarla çalışır. Onlar qlobal səviyyədə aparılan müzakirələrdə iştirak edir və Nyu-York, Berlin və Mexiko şəhərlərində olduğu kimi, Bakı, Almatı və İstanbulda da ciddi rezonans doğuran fikirlər sürürlər. Onların yaradıcılıq təcrübəsi meditasiya effekti verən ənənəvi kalliqrafiyadan tutmuş, proqram kodunun yazılmasına qədər müxtəlif sahələri əhatə edir; onları birləşdirən isə rəssamların empatiya qurmaq bacarığı, özünütənqidi və təxəyyülü, eksentrik və nəcib ruhu, habelə studiyada işləməyin çətinliyi və dərinliyidir. Qalereyanın proqramı birbaşa və qlobal, gələcəkyönümlü və əlçatan, çoxistiqamətli xarakter daşıyan unikal şərtlər təklif edir. SAPAR Contemporary, həmçinin xüsusi bir sahə üçün xarakterik olan, lakin rəssamların hissləri, xarakteri və keçmişdən gələn ənənələrə əsaslanan rəsm əsərlərini də təqdim edir.

SAPAR Contemporary, həmçinin Mərkəzi Asiyanın formalaşmaqda olan incəsənət qalereyası və mədəniyyət ənənələrinə yönəlmiş Neo-Nomad İnkubatorunu da yaradıb. İnkubator proqramının Baş ofisi Qazaxıstanın Almatı şəhərində yerləşir. Neo-Nomad İnkubatorunun ilk nəşri köçərilik təcrübəsi ilə bağlı olan ənənəvi və rəqəmsal nomadizm və estetika anlayışı əsasında hazırlanmışdır. Layihə çərçivəsində Mərkəzi Asiya və Yaxın Şərqin ənənəvi köçəri mədəniyyətləri, habelə miqrasiya, qloballaşma və hipermobililik reallıqları arasındakı əlaqə araşdırılmışdır. Hazırda qurumun bütün səyləri Mərkəzi Asiya, Qafqaz, Rusiyanın cənub-şərqi və Monqolustanda unikal incəsənət sərgilərinin işıqlandırılmasına yönəlmişdir. İnkubator proqramı 2020-ci ildən bəri diqqətini bu regiondan olan qadın rəssamlara yönəltmişdir.

Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi 14 yanvar - 16 fevral 2021-ci il tarixlərində Nyu-York ş., Nort-Mur küç., 9, NY 10013 ünvanında keçirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.