Ölkə

Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev

12 Sentyabr 2026 18:02
Baxış: 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü çərçivəsində Kəlbəcərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İkinci Bal Festivalında deyib.

O bildirib ki, həmin vaxt 13-14 yaşında olmasına baxmayaraq 1993-cü ildə Kəlbəcərin işğalı zamanı baş verən hadisələri yaxşı xatırlayır.

"Kəlbəcər sakinlərinin ayağıyalın, başıaçıq, çörəksiz, qidasız halda ilk üz tutduqları yerlərdən biri məhz Gəncə şəhəri idi. Onların yerləşdirildiyi ilk məntəqələrdən biri Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası idi. Bizim evimiz də həmin ərazinin yaxınlığında yerləşirdi. O günləri hələ də böyük bir faciə kimi xatırlayıram", - deyə Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Kəlbəcər sakinləri ağır əzablardan keçərək, qarlı və çətin şəraitdə Ömər aşırımını keçib Gəncə şəhərinə pənah gətirmişdilər.

Onun sözlərinə görə, Kəlbəcər bir ilə yaxın müddətdə mühasirə şəraitində qalıb. Ağdərə istiqamətində Ermənistan qoşunları tərəfindən mühasirəyə alınan rayonun Laçının işğalından sonra həmin istiqamətdə də yolu bağlanmışdı. Digər tərəfdən isə Kəlbəcər Murov dağları ilə əhatə olunmuşdu.

"Bütün bunlara baxmayaraq, Kəlbəcər sakinləri öz əzmlərini, inamlarını və qürurlarını itirmədilər", -deyə o vurğulayıb.

Hikmət Hacıyev Tunel faciəsini də xatırladaraq bildirib ki, həmin hadisələr Azərbaycan tarixinin unudulmamalı səhifələrindəndir.

"Tunelin çıxacağında Yaxın Şərqdən gəlmiş erməni terrorçusu Monte Melkonyan və onun dəstəsi pusqu qurmuşdu. Orada çox qəddar faciə baş verdi, kəlbəcərlilərə ağır divan tutuldu. Biz bunları unutmamalıyıq, bunlar da tariximizin bir hissəsidir. Həmin vaxt öz namusunu və qeyrətini qoruyan kəlbəcərli bacılarımız özlərini Tərtər çayına atdılar", - Prezidentin köməkçisi deyib.

H.Hacıyev vurğulayıb ki, bu ağrılı hadisələrdən danışmaq çətin olsa da, bu gün həmin günlərin keçmişdə qalması və Kəlbəcərin yenidən dirçəlməsi qürurvericidir.

"Uşaqlıq illərimdə Kəlbəcərdə olmaq mənə nəsib olmamışdı. Kəlbəcərli dostlarımız həmişə buranın gözəlliyindən danışırdılar. Təsəvvür edirdim, amma Kəlbəcərin bu qədər gözəl olduğunu həqiqətən təsəvvür edə bilmirdim. Kəlbəcər çox gözəldir", - o bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Kəlbəcər yenidən qurulur və canlanır.

"Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Bundan sonra da burada daha böyük işlər görüləcək", - Hikmət Hacıyev bildirib.

Sonda o, bütün kəlbəcərliləri təbrik edib və diplomatik korpusun nümayəndələrinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

"Bundan sonra da biz yenə gələcəyik. Buraya bundan sonra yalnız toylara, xeyir işlərə gələcəyik", - Hikmət Hacıyev vurğulayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.