Mədəniyyət

Azərbaycan filmi beynəlxalq kino festivalının qalibi oldu

26 Aprel 2010 18:46
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu dəfə "Düyün" filmi ilə. Bu barədə Milli.Az xəbər portalına həmin mərkəzdən məlumat verilib.

Kuba Respublikasının Gibara şəhərində VIII Festival İnternasional Del Sine Pobre (http://www.cubacine.cult.cu/cinepobre/memorias/completo2010.php?NArticulo=0053) kecirilib. Bu festivalda ölkəmiz, "Dərviş" Prodüser Mərkəzinin istehsalı olan "Düyün" filmilə təmsil olunub. Xatırladaq ki, eyniadlı festivalda Azərbaycan ikinci dəfə iştirak edirdi. Festivalın sayca 6-cı tədbirində rejissor Asif Rüstəmovun "Ev" filmi "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi olmuşdu. Almaniya,  Kuba, Çili, İtaliya və İspaniyanın qatıldığı builki festivalda isə "Düyün" filmi "Jürinin xüsusi mükafatına" ("MENCIÓN ESPECIAL DEL JURADO")  layiq görülüb. Bu, "Düyün" filminin artıq 4-cü beynəlxalq mükafatıdır. Daha öncələr, bu ekran əsəri "Rahmat İnternational Film Festival" (İran) "Ən yaxşı bədii film" və "Didor" Beynəlxalq Kinofestiavlında (Tacikistan) "Ən yaxşi qisa metrajlı film" və "Ən yaxşı musiqi həlli" (bəstəkar: Xəyyam Mirzəzadə) nominasiyalarında qalib olub.
Filmin rejissoru Əli İsa Cabbarovun sözlərinə görə, kino aləmindəki bu kimi uğurlar İtaliya, İspaniya və ispandilli Latın Amerika ölkələrinin Azərbaycan filmlərinə maraq olmasının göstərgəsidir: "Ev" filmi də ilk mükafatını məhz İtaliya Respublikasından gətirdi. İndi də Kuba uğurumuz. Film Tacikisandan və İrandan mükafat gətirəndə əlbəttə ki,  sevinirdim. Amma din, dil, mədəniyyət nəzərindən tamamilə bizə yad olan Kubadan mükafat xəbəri məni ikiqat sevindirdi. Deməli, film tamaşaçı ilə kontakt yarada bilir...".

Qeyd edək ki, baş rolların ifaçıları Mehriban Zəki və Pərviz Məmmədrzayev filmdə gözəl tandem yarada biliblər. Ekran əsərindəki uşaq personajını da unutmaq olmaz. "Bir qayda olaraq uşaqlarla işləmək çətin olar. Biz, bu rola Pərviz Məmmədrzayevin oğlu Müzəffəri təsdiq etdik. Həyatda ata və bala, kadrda da ata-ogul münasibətlərini canlandırdı. Bu metod köməyimizə gəldi. Mehriban Zəki isə filmin "həmmüəllifi" səviyyəsində işləyən aktrisalardandır. Onun filmdəki "Kukla Barbi" imici onun kino yaradıcılığında cox gözlənilməz obrazdır. Qrim ustası Elbrus Vahidov və rəssam Əziz Məmmədovla obrazın vizual həlli üçün bir neçə parik və geyim variantlarını seçim etmişdik..." deyən Əli İsa Cabbarov, filmin uğurunu yaradıcı qrupun məhz yüksək peşəkarlıq meyarları nümayişilə əlaqələndirdi.
Ancaq uğurun təssüfləndirici məqamı da yox deyil. Belə ki, maliyyə  problemləri səbəbindən filmin yaradıcı heyətindən heç kim festivalda iştirak edə bilməyib.
Xatırladaq ki, "Düyün" filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan-Bu ekran" layihəsi çərçivəsində, "Buta Film", "Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası" və "24KL" kinoatelyesinin dəstəyi ilə "Dərviş" Prodüser Mərkəzində çəkilib. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Ramiz Fətəliyevdir. Quruluşçu operator Adil Abbasov, rəssam Əziz Məmmədov, ikinci rejissor Çingiz Həsənov, bəstəkar isə Xəyyam Mirzəzadədir.

P.S: Daha bir maraqlı fakt: festivalın qalibi Gürcüstan kinematoqrafiyasının istehsalı olan, rejissor Georgi Ovaşvilinin "O biri sahil" filmi olub. Diqqət cəkən məqam isə filmin ssenari müəllifliyinin Rüstəm İbrahimbəyovun etməsidir.

Sevda Babayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.