Mədəniyyət

Azər Paşa Nemət: “Dünyanın ən tanınmış teatrları Bakıdakı festivala gələcək"

28 Aprel 2010 10:17
Baxış: 374
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin noyabrında Bakıda Çexov Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalın hazırlıq mərhələsi, iştirak edəcək ölkələr və digər suallara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət Milli.Az portalına müsahibəsində aydınlıq gətirib.

- Azər Paşa bəy, geniş miqyaslı Çexov Beynəlxalq Teatr Festivalının Azərbaycanda keçirilmə fikiri haradan yarandı?

- Azərbaycan Teatr Xadimləri İttifaqı  Beynəlxalq Teatr Xadimləri İttifaqı Konfederasiyası və Yuneskonun Beynəlxalq Teatr İnstitutunun üzvüdür. Digər tərəfdən ölkə rəhbərliyinin imzaladığı 2009-2019-cu il teatr fəaliyyəti ilə bağlı tədbirlər planına Çexov Festivalının Azərbaycanda keçirilməsi də daxil idi. Bunu reallaşdırmaq təşəbbüsünü ilk dəfə mən göstərdim. Ümumi razılıq əsasında festivalın noyabr ayında Azərbaycanda keçirilməsinə qərar verildi.
Əvvəllər bu festivala 50-dən çox ölkə qatıldığından hər festival dövrü üç ay davam edirdi. Amma iqtisadi böhran səbəbindən bu müddət iki aya qədər azalıb. Azərbaycanda isə festival daha az müddət - təxminən 15-20 gün çəkəcək. Kanada, Böyük Britaniya, Fransa, Rusiya və Belarusdan tanınmış teatr kollektivləri gələcək və hər ölkə üç tamaşa nümayiş etdirəcək. Habelə, dünyada uğur qazanmış seçmə tamaşalar təqdim olunacaq. Yəni tamaşaçılar müasir, avanqard, eyni zamanda çətin, maraqlı teatr formaları, bir sözlə, bu günkü teatr cərəyanının ən irəliləyən nümunələrini görəcəklər.

- Festivalda Azərbaycanı hansı tamaşalar və teatrlar təmsil edəcək?

- Hələ dəqiq bəlli deyil. Bunu Mədəniyyət və Turizm Nazirliyi müəyyənləşdirməlidir. Onu da qeyd edim ki, xaricdən də tanınmış qonaqlar, rejissorlar, aktyorlar, teatrşünaslar gələcəklər. Mətbuat konfransları, seminarlar, görüşlər olacaq. Qonaqlar üçün, xüsusilə də teatrşünaslar üçün xüsusi  seçmə tamaşalar göstəriləcək. Bizim tamaşalar və festival haqda xarici mətbuatda məqalələr, resenziyalar yazılacaq. Bunun özü artıq böyük bir hadisədir.

- Bildiyimizə görə, festival çərçivəsində əcnəbi mütəxəssislər tərəfindən gənc rejissorlara, aktyorlara, rəssamlara və teatrşünaslara ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur...
 
- Konfederasiyanın toplantısında təklif etdim ki, yaradıcı gənclərə daha çox imkan yaradılsın. Onların potensial imkanlarını ortaya çıxarmaları üçün daha məqbul, rahat şərait yaradılmalıdır. Bu baxımdan gənc yaradıcı insanlara ustad dərsləri, seminarlar keçiriləcək. Onların püxtələşməsinə, inkişafına yönəlmiş bu təlimlər təkcə festivalla məhdudlaşmayacaq. Növbəti mərhələdə gənclər xarici ölkələrə sənət müdabilə ezamiyyətinə də göndəriləcəklər. İlkin olaraq gənc  teatrşünasların məqalələrindən ibarət çıxarılacaq topluya bizim teatrşünasların resenziyaları göndərilməlidir. Rus dilinə tərcümə olunub göndəriləcək resenziyalar peşəkar teatrşünaslardan ibarət ekspert qrupu  tərəfindən seçildikdən sonra həmin topluya salınacaq.
 
- Seçim zamanı əsasən hansı meyarlar nəzərə alınacaq?

 - Əsas meyar yeni fikir, yeni düşüncə, Azərbaycan teatrşünasının düşüncə tərzidir. Eynilə də Gürcüstan, Özbəkistan, Rusiya, Ukrayna və ya digər ölkənin teatrşünası necə düşünür? Onların xüsusi laboratoriyası olacaq. Seminarlar, ustad dərslərindən sonra tamaşalara baxıb resenziyalar yazacaqlar. Sonra hər teatrşünas öz məqaləsini oxumalı və bu məqalələr peşəkarlar tərəfindən dəyərləndirilməlidir. Ancaq bunun üçün gənc teatrşünaslar rus, yaxud ingilis dilini bilməlidirlər. Komissiyaya Rusiyanın tanınmış teatrşünası, dünyanın bir nömrəli şekspirşünası Aleksey Bartaşeviç rəhbərlik edəcək. Yeri gəlmişkən, noyabr ayında keçiriləcək Çexov festivalına Bartaşeviçin də gəlişi gözlənilir.

Festivala gənc dramaturqların əsərləri və rəssamların eskizləri də göndəriləcək. Ümumiyyətlə, nə teatrşünas, nə də rejissorlarla problemimiz var. Amma rəssamlarla bağlı problem var. Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti hər il teatr rəssamları məzun etsə də, bu gün gənc teatr rəssamı qıtlığı yaşanır. Bu sahəyə həvəslə gələn istedadlı gənclər sonradan dizayna, rəngkarlığa üz tuturlar. Yəni harada sosial vəziyyət daha qənaətbəxşdir, ora yönəlirlər. Teatrda çox təəsüf ki, maaş olduqca azdır. Gənclərin seçimini təbii ki, anlayıram. Ancaq digər tərəfdən teatr rəssamları da yetişməlidir axı.

- Təlimlərin nəticəsi olaraq ortaq bir tamaşa hazırlanacaqmı?

- Əlbəttə. Təlimdə iştirak edəcək gənclər ümumi bir tamaşa üzərində işə başlayacaqlar. Məsələn, bir tamaşada müxtəlif ölkələrdən rejissorlar və aktyorlar cəlb olunacaq. Təbii ki, söhbət, təlimdə iştirak edən ölkələrdən gedir. Ancaq tamaşanın hazırlanması üçün baza ölkə hələlik seçilməyib. Bu, Azərbaycan da ola bilər, Belorus da, Ukrayna da, yaxud başqa bir ölkə də. Bu məsələ hələlik ətraflı müzakirə olunmayıb. Ancaq böyük ehtimalla baza üçün daha yaxşı şərait yaradan, kifayət qədər maliyyə vəsaiti sərf edən ölkə seçiləcək. Azərbaycan da digər respublikalara nisbətən daha öndədir. Çexov festivalının bir qolunun ölkəmizdə keçirilməsi bu baxımdan liderlik deməkdir. Yəni, Azərbaycanın sözü, təklifi keçir. Bu isə çox vacibdir.

Sevda Babayeva
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.