Mədəniyyət

Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu

24 Oktyabr 2020 17:45
Baxış: 4 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kulis.az-a istinadən böyük şair Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidlə bağlı maraqlı faktları təqdim edir.

Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra o, elə həmin il Bakı Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olur.

***

Onun müəllimi - dahi bəstəkar, Konservatoriyanın rektoru Üzeyir bəy Hacıbəyli olub. Xanəndə Bülbül tərəfindən konservatoriyada xalq musiqisinin tədqiqatı ilə məşğul olan kabinənin fəaliyyətində də gənc Ərtoğrul böyük həvəslə çalışır. O, Bülbül ilə Azərbaycanın bir sıra rayonlarına folklor toplamaq üçün ekspedisiyalarda iştirak edir.

Ərtoğrul qələmini dramaturgiya və poeziya sahəsində də sınayaraq xeyli uğurlu əsərlər yaradıb. O, 200-dən çox el havalarını nota köçürmüş, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya almış, öz yaradıcılığında onlardan qidalanmış, gözəl əsərlər yaratmışdır.

***

İlk böyük əsəri fortepiano üçün yazılmış "Doqquz variasiya" olub. Skripka ilə fortepiano üçün poema, Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, N.Rəfibəylinin "Eşq olsun", türkmən şairi Kəminənin "Leylanın vəsfi", T.Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə romans və mahnılar bəstələyib.

***
Ərtoğrulun özünün pianinosu olmayıb. Konservatoriyada dərs deyən vaxt həmişə boş otaq axtarar, harda pianino olsa gedib çalarmış. Onun həmçinin gözəl rəssamlıq qabiliyyəti olub. Şekspirin, Bethovenin şəkillərini çəkib. Ərtoğrul həm də çox yaxşı şahmatçı olub.

1937-ci ildə Hüseyn Cavid repressiyaya məruz qalaraq sürgün olunur. Onun ailəsini yaşadığı mənzildən çıxarıb, Sovetskidə bir neçə ailənin yaşadığı qapısız, pəncərəsiz evdə yerləşdirirlər. Qohumların, dostların da çoxunun üz çevirdiyi o ağır illərdə Müşkinaz xanım tikiş maşını ilə ailəsini dolandırır. Cavid əfəndi gedərkən anasını və qızını Ərtoğrula tapşırır.

***

1942-ci illərdə konservatoriyanın əlaçı tələbəsi Ərtoğrul Cavid ordu sıralarına çağırılır. Lakin, "xalq düşməni"nin oğlu olduğu üçün o, cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna göndərilir.

***

Ərtoğrul anasından və bacısından narahat idi. Ümid yeri olan müəllimi Üzeyir bəyə 1942-ci ilin 25 fevralında məktub yazır: "Hörmətli Üzeyir bəy! Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə də, qismət olmadı. Yeganə narahatçılığım anam və bacımın acınacaqlı halıdır. Rica edirəm, keçirdiyimiz səmimi dərs günləri və ümidli gələcək xatirinə, mümkün ola biləcək yardımınızı əsirgəməyin. Anam uşaq bağçalarında işləyə bilər. Bacım həm bağçada, həm maşinistkalıq, həm də ibtidai məktəbdə dərs deyə bilər. Lakin ən lazım məsələ çətin hallarda nəzər etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz".

Məktubu alan Üzeyir bəy lazımi yerlərə zəng edir. Bundan sonra Turan xanımı Radio Verilişləri Komitəsinə, Müşkinaz xanımı "Klara Setkin" adına tikiş artelində işə götürülür. Bütün bunlardan məlumatsız olan Ərtoğrul Cavid martın 15-də yenidən müəlliminə yazır:

"Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu - hər tərəf qarlı dağlar, soyuq, ağır iş. Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam. Hətta ailəmizdən də. Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır; səhhətim zəifləyir. Lakin nə olursa-olsun, mən səhhətimi saxlayacağam. Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə də yataqdadır, bacım həyatı dərk etməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim".

"Xalq düşmənləri"nin oğulları ən ağır işlərdə çalışdırılır. Tunel tikintiləri Ərtoğrulun da sağlamlığını əlindən alır. O, vərəm xəstəliyinə tutulur. Tiflis hospitalına gətirilsə də tərxis olunmağı ləngidilir. Vərəmin ağrıları isə getdikcə şiddətlənir. Anası Müşkinaz xanım oğlunun xəbərini eşidəndən sonra çətinliklə Tiflisə, onun yanına gedə bilir. Həmin ərəfədə isə onun vəziyyəti daha da ağırlaşır.

***

Onun Bülbülə yazdığı son məktublarının birində deyilir: Aprel ayının 7-dən başlayaraq ta 18-nə qədər sinəmdən qan gəldi. Temperaturum səhərlər 38-dən aşağı enmir. Gecə isə 40-a qədər qalxır. Lazımi davacat və yeməyin olmaması işləri daha da ağırlaşdırır. Son dərəcə zəifəm. Yerimdə otura bilmirəm. Doktor yazmağa yol vermir. Məktubu gizli, uzandığım halda yazıram.

1943-cü ilin sentyabrında, nəhayət, Ərtoğrul ordudan tərxis edilir. Yaşamaq istəyir. Onu gündən-günə zəiflədən xəstəliklə mübarizə aparır, sabaha ümid arayırdı. Ancaq Tiflisdə vəziyyəti ağırlaşdığından onu Naxçıvana qohumlarının evinə aparırlar. Lakin, o, burada da rahatlıq tapa bilmir. Xəstəliyi şiddətlənir.

***

Ərtoğrulun son günləri çox ağır keçir. Ölümlə həyat arasında çırpındığı vaxtlarda yeganə istəyi anasını və bacısını görməkdi. Amma son arzusuna da çata bilmir. İyirmi dörd yaşlı Ərtoğrul Cavid 1943-cü ilin 14 noyabrında atasının taleyindən xəbərsiz Naxçıvanda vəfat edir.

***

Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində, atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.