Mədəniyyət

Əməkdar artist vəfat edib

5 İyul 2020 21:35
Baxış: 7 651

Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, əməkdar artist Tofiq Hüseynov vəfat edib.

Milli.Az bildirir ki, Tofiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Tofiq Hüseynov bir çox teatrların səhnəsində çalışmış, müxtəlif obrazlar oynamışdı. Bunlar: Rza bəy ("O olmasın, bu olsun", Ü.Hacıbəyov), Əzrayıl ("Bu meydan, bu şeytan",F.Aşurov), Mərd Mazarov ("Adamın adamı",Anar),Hacı Namazalı ("Danabaş kəndinin məktəbi" C.Məmmədquluzadə),Tülkü ("Cücələrim" T.Mütəlibbov), Cəbi ("Hacı Qəmbər", N.Vəzirov), Şah Kreon (J.Anuy "Medeya"), Vəzir Zəban (O.Altunbay "Tomris") obrazlarıdır.

Tofiq Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. Teatrın repertuarındakı müxtəlif janrlı tamaşalarda rollar oynayıb. Onlardan: Komiyonçu "Kəllə"(N.Hikmət), Knyaz Orbeliani "Brüsseldən məktublar" (H.Həsənov),Oqtay "Rəqabət"(B.Vahabzadə), Hacı Kərim "Ölülər" (C.Məmmədquluzadə), Rüstəm xan("Eloğlu",A.Şaiq),Qala rəisi ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev),Bekar Ağabala "Dirilən adam" (Mir Cəlal), Katib "Ölüləri qəbiristanlıqda basdırın" (İ.Şıxlı), Ağamusa Fərəcov "Dəlilər və ağıllılar" (İ.Əfəndiyev), Əcəl "Alın yazısı" (T.Minnullin) və digər obrazları tamaşaçı maraqla qarşılayıb.

Aktyor "Meteranpaj"(Kamayev), "3-mollanın sərgüzəşti"(Mola Vəli),"Şkafda adam"(Ər),Molla Nəsrəddinin lətifələri əsasında eyniadlı əsərin tamaşalarında, "Marş" (Komandir), "Dəvətnamə"(Briqadir), "O dünyadan salamlar"(Əli bəy), "Bahar ərəfəsində"(Direktor) və s.filmlərə çəkilib.

Tofiq Hüseynov 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun və teatrımızın kollektivi adından Tofiq Hüseynovun yaxınlarına dərin hüznlə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirir. Tofiq Hüseyov iyulun 6-da öz vəsiyyətinə uyğun olaraq Xırdalan qəbiristanlığında anasının və atasının yanında torpağa tapşırılacaq. Ruhu şad olsun!

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.