Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inflyasiyanı 2% səviyyəsində saxlamaq cəhdlərini poza biləcəyindən narahat olublar.
ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti nəticəsində dollara inamın azalması səbəbindən avro bu il dollara qarşı təxminən 14% dəyər qazanıb.
ECB-nin vitse-prezidenti Luis de Guindos xəbərdarlıq edib ki, avro/dollar 1.20-dən yuxarı qalxarsa, problem yaranacaq.
Qeyd edək ki, 1 avronun qiyməti 1,18 dollara yaxınlaşıb.
Azərbaycanda vəziyyət necədir?
Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə görə isə 1 avro 2 manat səviyyəsini də keçərək 2.0035 manat olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda sonuncu dəfə Avronun rəsmi məzənnəsi 2 manatdan yüksək 17.09.2021-ci il tarixində olmuşdu. Həmin gün Avronun rəsmi məzənnəsi 2.0014 manat olmuşdu.
Hansı məhsullar bahalaşacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, avronun bahalaşmasının Azərbaycana yan təsirləri qaçılmazdır:
"Yaxın zamanda Avrozonadan gələn məhsullar bahalaşacaq. Məlumdur ki, Avrozonadan böyük ölçüdə mal və məhsullar idxal edirik. Bu idxal məhsullarına avtomobillərdən tutmuş ərzaq mallarına qədər çox şey daxildir. Yəni Avropadan aldığımız bütün məhsullar manatla ifadədə bahalaşacaq. Bu bahalaşmanı yaxın zamanda aydın şəkildə görəcəyik".
Milli.Az