Mədəniyyət

Azərbaycan teatrı - olum, ya ölüm?

22 Aprel 2010 10:06
Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teatr bir sənət kimi hələ çox qədim zamanlardan insanların diqqətini çəkə bilib. Elə bu cazibə qüvvəsi teatra maraq yaradıb. Hələ qədim zamanlarda insanlar döyüşlər, həyatın müxtəlif sahələri ilə bağlı  səhnələr hazırlayıblar. Hələ qədim  zamanlardan insanlar dərk ediblər ki, hadisələri gözlə görmək, müşahidə etmək onları oxumaq və eşitməkdən daha təsirli, daha maraqlıdır.

Teatr mədəniyyətinin böyük tarixi izi var. Bu sənət  növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, formalaşıb və onun əhatə dairəsi  genişlənib. Belə ki, əgər qədim dövrlərdə teatrlar ən ibtidai üslub və formalarda nümayiş olunurdusa, son iki əsrdə teatrla bağlı institutlar, məktəblər yaranıb, teatr sahəsi genişlənib, inkişaf edib və müxtəlif şöbələrə ayrılıb.

Doğrudanmı teatr ölümsüz sənətdir?

Bu da bir həqiqətdir ki, XX əsrdə teatr inkişafı özünün kulminasiya nöqtəsinə çatdı və bundan sonra o, kütləvi formada çıxış etməyə başladı. Səhnələr lentə alındıqda onun tamaşaçı əhatəsi dünyəvi şəkil aldı. XX əsrdən başlayaraq onun pərdələrdə nümayişi, xüsusən də radio-televiziyanın imkanlarından bəhrələnməklə bəşər həyatına nə dərəcədə təsir etdiyi danılmaz bir faktdır. Xoşbəxtlikdən, bəzi rejissorların düşündükləri kimi kinematoqrafiya meydana çıxmasıyla teatr sənəti arxivlərə tapşırılmadı. O indi də bütün xalqlar tərəfindən istənilir, onlarda daim yadda qalan təəssüratları canlandırır. Bəs teatrın ölümsüzlüyünün, əbədiliyinin sirri nədədir?

Doğrudanmı teatr ölümsüz sənətdir? Əgər belədirsə, nədən son illər teatrlarda tamaşaçı qıtlığı  hiss olunur. Söhbət bizdən, Azərbaycan teatrlarından gedir. Niyə tamaşaçıların teatra marağı azalıb? Və ya sualımızı bir qədər fərqli şəkildə qoyaq. Teatrlara maraq azalıb, ya teatr bu günün tamaşaçısının zövqünü tamamlaya bilmir? Əlbəttə, əslində bu kimi suallar çoxdur. Bəs problem nədədir?

Hələ ötən əsrin əvvəllərində belə bir fikir formalaşmışdı ki, kino yarandıqdan sonra, teatr çox yaşamaz. Kinonun yaranışı teatrın ölümünə verilən hökmdür. Çünki texnikanın inkişafı, televiziya və radio yaranması teatrın sıxışdırılması ilə də müşayiət olundu.

Teatrşünasların yazılarını oxuyanda o da məlum olur ki, ötən əsrin 70-ci illərində hətta teatrın məhvinə inananlar, bu sənətin üstündən iki çarpaz xətt belə çəkməyə hazır olublar.

Hətta o dövrlərdə məşhur kino rejissoru Mixail Roll "Sovetskaya kultura" qəzetində teatrın gələcəyi ilə bağlı məqaləsində "Kino və televiziya inkişaf etdikcə, teatr məhvə doğru gedir" ifadəsini işlədib. Zaman isə sözünü deyə bildi, sübut etdi ki, bu təsirlər teatrı heç vaxt məhv edə bilməz.

Bu gün də teatr yenidən imtahan qarşısındadır. Yenidən tarix sanki təkrarlanır. Bu gün də teatr olum və ya ölümlə üzü-üzə durub.


Nicat Kazımov: "Maddi problemləri bəhanə etmək lazım deyil"


Problem nədədir?  Niyə teatrlara tamaşaçı  gəlmir? Repertuar qıtlığı varmı?  Rejissorlar maraqlı pyeslər tapa bilmirlərmi? Ya aktyor ifasında, tamaşa quruluşunda problem var? Hətta bir çoxları teatrlara tamaşaçı qıtlığını sosial problemlərin varlığı ilə əlaqələndirirlər. Sosial problemlərin varlığı insanın mənəvi ehtiyaclarını təmin etməsinə sədd çəkə bilərmi?

Bizə elə gəlir  ki, sosial problemlər bütün zamanlarda mövcud olub. Ancaq bu, insanların teatra gəlişinə elə böyük təsir göstərə bilməyib, teatra marağı azaltmayıb. Bəs onda problem nədir? Səbəbi Mədəniyyət Nazirliyinin teatra az vəsait ayırmasıdır? Bugünkü nəslin teatra marağının azlığıdır? Bəlkə səbəb bugünkü teatr səhnələrinin cırlaşması, yadlaşmasıdı? Teatrın problemlərindən danışanda, rejissor aktyor qruplaşması məsələsi də önə çəkilir. Hər dövrdə teatrda cəmiyyətin problemləri qəhrəmanın dili ilə səslənirdisə, bu gün teatrlarımızda problemlər də aktuallıq baxımından tamaşaçı marağına xidmət etmir. Bəlkə prolemin biri də elə budur? Mövzuların bir o qədər də zəruri olmamasıdır? Yoxsa səbəb televiziyalarımızın bu gün qərbsayağı filmlərə, əcnəbi seriallara daha çox yer ayırması nəticəsində teatr mədəniyyətimizin kölgədə qalmasıdır?

Bu suallarla  teatr sahəsində çalışan insanlara  üz tutduq. Maraqlandıq görək onlar  nə düşünürlər? Onların problemləri  baxış bucaqları hansı istiqamətdən ölçülə bilər.

Bir məqamı da diqqətinizə  çatdıraq ki, bu dəfə o qədər də yaşlı nəslin nümayəndələri ilə həmsöhbət olmadıq. Çünki yaşlı nəslin problemlərə yanaşması daha fərqlidir. Elə bu fərqi sizin də görməyinizi istədik. Hər halda gənc nəslin nümayəndələrinin üzərinə də böyük yük düşürsə və onlar da teatrın yaşaması üçün məsuliyyət daşıyırlarsa, demək onların da fikirlərini bilmək vacibdir.

Sualımızı Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Nicat Kazımov cavablandırdı: "Mən o fikirlə qətiyyən razılaşmıram ki, teatrlara tamaşaçı gəlmir, tamaşaçı qıtlığı var. Yaxşı tamaşaya tamaşaçı gəlir. Başqaları barəsində deyə bilmərəm, ancaq mənim tamaşalarım var. Səhnəyə qoyduğum tamaşalara da yetərincə tamaşaçı gəlir. Keyfiyyətli tamaşanın həmişə tamaşaçısı olur. Qaldı teatrlarda çalışan aktyorların maddi durumuna, bu həmişə belə olub. Mənə elə gəlir ki, peşəkar aktyor səhnəyə çıxandan sonra maddi iproblemlərini unudur, daha doğrusu, unutmalıdır. Əgər bugünkü məvacib onu qane etmirsə, taetrdan gedə bilər. Ancaq əsl aktyor səhnəyə çıxanda, o ancaq canlandırdığı obrazın həyatını yaşayır. Əgər ümumi şəkildə teatrlardakı prolbemlərdən  danışsaq, həqiqətən teatrlarımızda zəif tamaşalar çoxdur. Təbii ki, zəif tamaşanın tamaşaçısı ola bilməz. Teatra tamaşaçı gəlmirsə, bu, ilk növbədə teatrın günahıdır. Maddi problemləri bəhanə etmək lazım deyil.".

Nicat Kazımov rejissor-aktyor qruplaşması, rejissorun aktyorla şəxsi münasibəti məsələsinə də özünəməxsus şəkildə, həm də səmimi cavab verdi: "Mənə elə gəlir ki, bu elə-belə olmalıdır. Əgər rejissorla aktyor arasında normal münasibət yoxdursa, problemləri varsa, onlar heç vaxt bir yerdə çalışa bilməzlər. Tamaşaçıya keyfiyyətli tamaşa təqdim etmək üçün mütləq rejissorla aktyor arasında normal münasibət yaranmalıdır. Əks təqdirdə bu soyuqluq tamaşa boyu hiss olunacaq, tamaşaçı görmək istədiyini tapa bilməyəcək. Əgər bir rejissorun aktyorla dünya görüşləri, ruh dünyaları biri birinə yaxın deyilsə, şəxsi intriqaları varsa, onların işbirliyindən danışmağa dəyməz".

Azər Axşam: "Əgər aktyorun qarnı tox deyilsə..."

Tele-aparıcı, aktyor Azər Axşamın da  teatrın prolemlərinə yanaşması fərqli oldu: "Teatrda həmişə problemlər olub. Mənə elə gəlir ki, bu sahəyə gələn insan bunu bilməlidir. Teatrda yalnız teatrın fanatı olan insanlar sona qədər qala bilir. Məndən soruşanda deyirəm ki, aktyor üçün  teatr özünə yaxşı iş yeri tapana qədər  müvəqqəti iş yeridir. Əgər onun maddi ehtiyaclarını təmin edə bilən iş yeri olsa aktyor mütləq gedəcək. Yalnız teatrın fanatı olanlar yaxşı işdən imtina edib, teatrda qala bilər. Deyirlər, qarın qardaşdan irəlidir. Əgər aktyorun qarnı tox deyilsə, mənəvi cəhətdən tamaşaçını necə doyuzdura bilər? Problem ilk növbədə elə maddiyyatla əlaqədardır. Elə rejissor, aktyor münasibətləri, qruplaşmalar da özünü göstərir. Maraqlı pyeslər olmalıdır ki, akyor da maraqlı çıxışla tamaşaçı diqqətini çəkə bilsin".

Tahirə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.