Mədəniyyət

Arif Quliyev: "Onların çıxışı mənə ləzzət edir" - MÜSAHİBƏ

22 Oktyabr 2011 12:38
2 Şərh     Baxış: 2 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xalq artisti Arif Quliyevin "Ekspress" qəzetinə müsahibəsi.

Xalq artisti Arif Quliyev illərdən bəri dadlı-duzlu yumoru ilə üzümüzə təbəssüm qondurub, ifası ilə bizləri elə qəşş etdirib ki, az qala nəfəsimiz kəsilib. Şou-biznesin əsirinə çevrilmiş telekanallarımızın sayəsində digər sevimli sənətkarlarımız kimi, onun çıxışları da "bayram şəkərburası"na çevrilib - gülüş ustasını yalnız bayramdan-bayrama izləyə bilirik...

Sevimli sənətkarımızla görüşəndə nədənsə həmişə üzügülər aktyorun qanı qara idi. Nə qədər çalışsam da, səbəbini öyrənə bilmədim. Elə bir onu dedi ki, "problemlərim var". Amma heç nədən şikayətlənmədi, sadəcə, bildirdi ki, "hər şey insanın öz əlindədir, əgər işləri alınmırsa, günah da elə onun özündədir".

Həmişə deyib-gülən gördüyümüz aktyorun əslində qəlbinin dərinliklərində böyük kədər yatır. Kiçik yaşlarından valideyn nəvazişindən məhrum olan, mehrini yaratdığı obrazlara salan gülüş ustası onlarla yaşayıb, onlarla deyib-gülüb. Və deyir ki, "onda valideyn sevgisinin yerini heç bir məhəbbət doldura bilməz, təkcə tamaşaçı məhəbbətindən başqa".

- Arif Quliyevin adı gələndə istər-istəməz adamın üzünə təbəssüm qonur. 40 ildir, adınız gülüşün sinonimi kimi işlənir. Bunu necə bacarırsınız?

- Çox gözəl sualdır. Amma bu sualı məndən həm yaşca, həm də başca üstün olan aktyorlara versəniz, daha yaxşı olar. Bu sualın kiçik bir qolu mənə aiddir. Fizikada bir qanun var: təsir əks-təsirə bərabərdir və yaxud ataların bir məsəli var: "Nə tökərsən aşına, o da çıxar qaşığına". Mən insanlara gülüş bəxş edirəm. İnsan yalnız sevincli anlarında gülə bilir, adamın atasını öldürüb onu gülməyə məcbur edə bilməzsən. Mən insanlarda xoş əhval-ruhiyyə yaratdığıma görə insanlar məni bu illər ərzində seviblər.

Ola bilsin ki, mənim gülüşüm bir az duzlu olduğuna görə, yaddan çıxmamışam. Gülüş insanın qəlbini, ürəyini, üzünü bəzəyir. İndi gülüş sənətində qocaman nəsil, orta nəsil və gənc nəsil var. Gənclərdən Coşqunla Rafaeli misal göstərə bilərəm. Lap cavanlardan isə Fərda, Elməddin hazırda öz təmiz, saf yumorları ilə keçmiş yumoru davam etdirirlər. Yəni ot kökü üstə bitər, onlar çalışırlar ki, öyrənsinlər və fikirlərini yumorla, mənalı tərzdə cəmiyyətə çatdırsınlar. Həmişə mənalı gülüşə üstünlük verirəm. Mənalı gülüş odur ki, tamaşaçının ürəyini aça, qəmini-kədərini yox edib onu ovuda biləsən.

- Bu 40 ildə xalqa nə vermisiniz, xalq sizə nə verib?

- Təbii ki, sənətkar dövlətinə və xalqına sadiq olmalıdır. Mən bu sadiqliyi özümdə görürəm, sadiq olduğuma görə də həm dövlət, həm xalq tərəfindən hörmət, ehtiram və məhəbbət görürəm. İnsanda olan bütün istedad hamısı xalqındır. Nə qədər varsan, xalqına xidmət etməli, dövlətin qulluğunda durmalısan. Xalqıma mən sənətimi vermişəm, əvəzində xalq məhəbbəti qazanmışam. Dövlətimiz də məni layiqincə qiymətləndirib, hazırda prezident təqaüdçüsüyəm. Buna görə özümü xoşbəxt sayıram. Bacarığımı da heç vaxt dövlətimdən əsirgəmərəm.

- Əzablı bir ömür yolu keçən insan xalqı necə güldürür?

- İnsan sabahla yaşamalıdır. Kədərlər, əziyyətlər arxada qalıb. Mən istəyirəm ki, insanların ürəyindən qəmi-kədəri çıxarıb atım, əvəzinə sevinc toxumu səpim. Mən qəm-kədərin nə olduğunu bildiyim üçün heç kəsə bunu arzulamıram. Ölüm Allahın işidir, hamı ölənlə ölmür. Əgər ağlayanla ağlasaq, ölənlə ölsək, qalan işləri kim görər? Biz çalışmalıyıq ki, həyatı olduğu kimi insanlara çatdıraq. Onsuz da çətin zamandayıq. İnsanlara sevinmək lazımdır, kiçik bir sevinc, zarafat bəs edir ki, qəlbləri gülsün.

Mən ətrafımda olanları bir anlıq da olsa, düşdükləri aləmdən uzaqlaşdırıb, gülüş aləminə aparmağı bacarıram. İnsan ciddi olmağı da, zarafatcıl olmağı da bacarmalıdır. Düşdüyü mühitə uyğunlaşmağı bilməlidir. Allah fəsilləri də dəyişkən yaradıb. Amma bir şeydən zəhləm gedir ki, insan vəzifəyə keçəndən sonra dəyişsin. Ucalan insan daima sadə olmalıdır. Deyirlər ki, ağac bar verəndə başını aşağı əyər. Təəssüflər olsun ki, indi ucalan insan saymazlıq edir.

- Həyatın elə məqamları var ki, insan o anlara qayıtmaq istəmir. Siz hansı günlərinizə qayıtmaq istəməzdiniz?

- Uşaqlıq illərimə qayıtmaq istəməzdim. Düzdür, onda da sevgi ilə əhatə olunmuşdum - müəllimlərimin sevgisi ilə. Amma ata-ana sevgisinin yerini heç nə vermir. Bu baradə çox danışmaq istəməzdim. İndi isə mən tənha deyiləm. Mənim tamaşaçılarım var. Bütün sevincim - hər şeyim tamaşaçılarımdır.

- Ürəyinizdə həmişə ata-ana məhəbbətinin yeri boş qalıb. Övladlarınız o boşluğu doldura bilirlərmi?

- Düzdür, o boşluğu heç nə doldurmur. Amma övladlarım mənə müəyyən miqdarda sevgi veriblər.

- Övladlarınızdan razısınızmı?

- Razıyam.

- Siz komediya aktyorusunuz, ampluanızı dəyişib dramatik rollar oynamaq istərdinizmi?

- Dəvət eləsələr, oynayaram. "Mənim ağ şəhərim", "Qəm pəncərəsi" filmlərində rol almışam. Qeyd edim ki, Mərahim Fərzəlibəyov "Mənim ağ şəhərim" filmində mənə rol verərək bir növ sınadı. Həmin filmdə yaxşı rol oynamışam. Mənə elə gəlir ki, bacarıram.

- Azərbaycan estrada sənətində Arif Quliyevin öz adı, öz dəsti-xətti var. Amma bu gün estrada janrı özünün tənəzzül dövrünü keçirir. Bunu nəylə izah edərdiniz?

- Azərbaycan satirasının, yumorunun və estrada janrının bugünkü durumunu təhlil etmək mənlik deyil. Çünki hərənin öz işi, öz düşüncəsi və səviyyəsi var. Arif Quliyev ifaçılardan biridir. Ona görə də ümumi danışa bilmərəm. Bu işdə əsas söz sahibi yazıçılardır. Mən sadəcə ifaçı olduğuma görə heç kim məndən vəziyyətin belə olmasının səbəbini soruşa bilməz. Bu, böyük bir məsələdir, burada Yaşar Nuri, Səyavuş Aslan kimi korifey sənətkarların, tanınmış yumor yazarlarının fikirləri çox önəmlidir.

Mən həmişə ayağımı yorğanıma görə uzatmışam. Çox doğru buyurdunuz ki, bu gün Azərbaycan səhnəsi satira cəhətdən kasıbdır, axsayır. Amma var, bunu inkişaf etdirmək çətin deyil. Misal üçün, Rəfael İsgəndərov, Coşqun Rəhimov, Fərda Xudaverdiyev və digərləri. Onlar üçün yazarları tapıb ortalığa çıxarmaq lazımdır.

- Onlar üçün yazanlar sizə niyə yazmırlar?

- Mənim üçün nə yazmalıdırlar ki, mən Musiqili Komediya Teatrında işləyirəm.

- Estradanı artıq bir kənara qoymusunuz?

- Xeyr, belə deyil. Mənim telekanallardakı son çıxışlarımı görsəniz, belə deməzdiniz.

- Demək istəyirəm ki, bu gün yumor sənətində Arif Quliyevin yeri görünür, çıxışlarınıza çox az-az rast gəlirik...

- Birinci səbəb odur ki, əsərlər yoxdur. Yəni nə qədər köhnə mövzularla çıxış etmək olar? Tamaşaçı usanır axı. İkinci tərəfdən, bu işlə mütəmadi məşğul olmaq üçün vəsait də lazımdır. Əgər hansısa bir kanalda yumor verilişi açmaq istəsəm, məndən pul istəyəcəklər, axı, bu kanallar ödənişlidir. Mən estrada janrı ilə məşğul olan gənclərimizin səviyyəsi barədə bir neçə kəlmə demək istərdim. Bu gün Rəfaellə Coşqunun, Fərdanın, eləcə də "Bakılı oğlanlar"ın - Tahir və Cabir İmanovların çıxışları məni çox qane edir. Onlar hər an yeniliyə can atırlar. Onların çıxışı mənə ləzzət edir.

- Amma yaşlı sənətkarlar onlar barədə heç də həmişə razılıqla danışmırlar. Deyirlər ki, cavanlar əndazəni aşırlar...

- Ola bilsin, onlar belə qəbul etsinlər. Çünki hərənin bir zövqü var. Bayaq da dedim ki, mən ümumi danışa bilmərəm. Amma mən elə fikirləşmirəm ki, onlar əndazəni aşırlar. Sadəcə olaraq, gəlin, zəmanənin dəyişdiyini və bu gənclərin də zəmanəyə uyğun hərəkət etmələrini qəbul edək. Onlara uyğunlaşmalıyıq.

- Belə çıxır ki, köhnələr yeni qaydalara öyrəşə bilmirlər, təzələr də köhnə qaydaları qəbul etmirlər...

- Onsuz da təsir əks-təsirə bərabərdir, istər-istəməz hər iki tərəf bir-birini qəbul edib ortaq məxrəcə gələcək. Mən buna inanıram. Yəni mən bugünkü yumoru başa düşməliyəm və özümü ona uyğunlaşdırmalıyam. Mən indi bu işlərə çox vaxt ayıra bilmirəm deyə, o qədər də ətraflı məlumatım yoxdur. Vaxtımın əsas hissəsini teatra həsr edirəm.

Digər tərəfdən, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində "estrada aktyoru" fakültəsi fəaliyyət göstərir. Estrada janrının bugünkü durumu oranın dekan və müəllimlərini daha çox narahat etməlidir. Onlar gələcək üçün estrada akytorları yetişdirirlər, sabah onların aqibəti necə olacaq, bunu düşünməlidirlər. Ona görə də estrada janrında yazanları axtarıb tapmalı, onlarla əməkdaşlıq etməlidirlər.

- Sizi səhnədə həmişə deyib-gülən görmüşük. Bəs həyatda necəsiniz?

- İmkanım olanda gülürəm, imkanım olmayanda ciddi oluram. Vaxta baxır. İnsan həmişə gülə bilməz. Problemlər hamıda var. Hamının bir gün gülüb, bir gün ağalayan vaxtı olduğu kimi, mənim də belə anlarım olur. İnsana xas olan hər nə varsa - gülmək, ağlamaq, kədərlənmək, əzab çəkmək, sevinmək, hiss etmək məndə də var. Mən bir insan kimi bunların hamısını qəbul edirəm. Çünki nə qədər həyat var, bunlar olmalıdır. Mənim həyatda nə qədər səmimi, hazırcavab olduğumu kənardan baxanlar görə bilərlər.

- Eyniliklərdən bezmirsiniz?

- Hər gün eyni olmur axı. Tamaşalar hazırlayırıq, görüşlərə gedirik. Bu, bizim işimizdir. İşimizdən yorulsaq, deməli, sənəti sevmirik və bu sənəti seçməyimizə peşman olarıq. Buna görə də bizim üçün gündəlik tamaşalar, konsertlər həmişə maraqlı olmalıdır. Yəni tamaşaları oynamağın, sevdirməyin özü xoş əhval-ruhiyyə yaradan amildir.

- Şan-şöhrət, xalq sevgisi, məşhurluq öz yerində. Maddi baxımdan bu sənət sizə nə qazandırıb?

- Bu sənətin bir o qədər də qazancı yoxdur. Ən böyük qazancı yenə də tamaşaçı məhəbbətidir. Səni tanıyanların sənə olan böyük məhəbbəti qazanc deyil, bəs nədir? Digər tərəfdən, bu o demək deyil ki, sənətə gəlmişəm, nə isə qazanmalıyam. Sənətimdən aldığım zövq, məhəbbət mənim qazancımdır. Yəni bunlar hər şeyi həll edir. Çünki tamaşaçı sevgisi onları tamaşalara gətirir, səni toylara dəvət edirlər və buradan da qazancın çıxır.

- Toylara tez-tez dəvət alırsınız?

- Həftədə bir dəfə (zarafatla). Toy el şənliyidir, sən el sənətkarısansa, çağırılan yerə getməlisən. Deyirlər, "çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə".

- Həyatda da rola girirsinizmi?

- Hərdən işin xatirinə rola girmək olar. Amma mən işin xatirinə də rola girməmişəm. Çünki haraya gedirəm, hamı kömək edir. Rola girməyə ehtiyac qalmır.

- Yaradıcılığınızın şah əsərini yaratmısınızmı?

- Şah əsər ola bilməz. Yəni hər bir əsər şah əsər olmalıdır. Tutaq ki, mən iki rol oynayıram - müəllim rolu və sürücü rolu. Demək, birini yaxşı oynayım, birini pis? Şah əsər insanın yaradıcılığı olmalıdır. Şah əsər özünə tələbkarlıq olmalıdır. Yoxsa bir obrazı oynadım, yaxşı alındı deyə, əlimi qoyum başımın altına, yatım? Belə olmaz.

Mənim üçün şah əsər bütün əsərlərimdir. "Bəyin oğurlanması" filmində Miriş obrazını yaratdım. Miriş hamının yaddaşında qalıb. Kiçik roldur, amma yadda qalıb. Deməli, o, mənim şah əsərimdir. Bütün rollar aktyor tərəfindən yüksək dərəcədə işlənilməli və tamaşaçıya çatdırılmalıdr. Əgər mən rollarımı necə oldu oynasam, bu, mənim üçün tamaşaçı itkisinə gətirib çıxara bilər. Aktyor belə itkiyə yol verirsə, onun yaradıcılığı süquta gedir. İstəyirsənsə tamaşaçı məhəbbəti olsun, həmişə yüksək səviyyəli rollar yaratmalısan. Məhəbbəti saxlamaq istəyirsənsə, rolu yaxşı oynamalısan.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.