Sağlamlıq

Başgicəllənmə bu xəstəliyin əlamətidir

17 Mart 2026 01:01
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ani başlayan başgicəllənməsi xəstəlik əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, bu, çox vaxt sadə problem kimi qəbul edilsə də, bu vəziyyət daxili qulaq mənşəli bəzi xəstəliklərin əlaməti ola bilər.

Xüsusilə başgicəllənməsinə qulaqda küy, təzyiq hissi və eşitmə itkisi olarsa, diqqətli olmaq lazımdır. Bildirilir ki, bu cür əlamətlər gündəlik həyatı ciddi şəkildə çətinləşdirən Meniere xəstəliyinin xəbərçisi ola bilər.

Türkiyəli həkim Duygu Erdem bildirib ki, az miqdarda duz qəbulu və kifayət qədər maye içilməsi Meniere xəstələrində tutmaların yaranmasının qarşısını almağa kömək edir. O qeyd edib ki, Meniere xəstəliyini yüngül qəbul etmək olmaz.

Professorun sözlərinə görə, Meniere xəstəliyi gündəlik həyata ciddi mənfi təsir göstərir. Bu xəstəlik zamanı başgicəllənmə (vertiqo) tutmalar şəklində baş verir. Bununla yanaşı mütləq şəkildə eşitmə itkisi, qulaqda təzyiq hissi və küy yaranır. Xəstənin qulağında əvvəlcə sanki partlayacaqmış kimi güclü təzyiq hissi və küy başlayır. Daha sonra buna başgicəllənməsi qoşulur və eşitmə itkisi yaranır. Bu eşitmə itkisinin əsas xüsusiyyəti isə aşağı tezlikli səsləri (qalın və dərin səsləri) daha çox təsirləndirməsidir. Tutmalar adətən 2 saatdan 24 saata qədər davam edə bilər. Ən vacib əlamət isə odur ki, tutma keçdikdən sonra xəstənin bütün şikayətləri aradan qalxır.

Erdem bildirib ki, xəstəlik "dalğavari eşitmə itkisi" ilə müşahidə olunur. Bu eşitmə itkisinin sonradan keçməsi müsbət haldır, lakin xəstəlik müalicə olunmazsa və tutmalar tez-tez təkrarlanarsa, toxumalarda qalıcı zədələr yarada bilər.

Onun sözlərinə görə, Meniere xəstəliyi daha çox gənc və orta yaşlı insanlarda rast gəlinir və uzunmüddətli müşahidə tələb edir. Bu xəstəlik müəyyən müddət sonra keçə bilər, lakin hər xəstədə gedişi fərqli olur.

Həddindən artıq çay və qəhvə istehlakından uzaq durmaq tövsiyə olunur. Paketlənmiş qidalarda olan çoxlu qatqı maddələri və "Çin duzu" da xəstəliyin tutmalarını artıra bilər. Bundan əlavə, müasir dövrün problemi sayılan stress də xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Erdem vurğulayıb ki, əsas məqsəd xəstədə tutmaların yaranmasının qarşısını almaqdır. Bunun üçün müxtəlif dərmanlar istifadə oluna bilər, lakin duzun azaldılması və həyat tərzinin dəyişdirilməsi xüsusi əhəmiyyət daşıyır. Xəstə mütləq həkim tərəfindən müalicə olunmalıdır. Duz qəbulunun azaldılması vacib olsa da, kifayət qədər su içmək də çox önəmlidir. Çünki xəstə az duz qəbul etsə belə, kifayət qədər maye qəbul etməzsə, duz daxili qulaqda yığıla bilər.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.