Mədəniyyət

Eyzenşteynlə Kozintsevin tələbəsi Bakıda qısqanclıqla qarşılaşıb - FOTO

18 Avqust 2011 09:30
Baxış: 3 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli atası ilə bağlı xatirələrini Milli.Az xəbər portalına danışdı.

Bir neçə gün öncə Milli Kino Gününü qeyd etdik. Hərçənd, kinomuzun taleyi ətrafında olduğu kimi, bu tarix ətrafında da fikirlər haçalanır. Əlbəttə, ikinci mövzuya aid müşahidə olunan fərqli qənaətlər düşünmək qabiliyyətindən xəbər verdiyi üçün bizə plüralizmin müəyyən inkişaf mərhələsinə qədəm qoymağa imkan verir. Nə yaxşı ki, kino tariximizin özündə də plüralizmin, başqa sözlə, əsl sənətin təəssübünü çəkən şəxsiyyətlər olub. Həsən Seyidbəyli kimi.

Müxtəlif sənət adamlarının adı müxtəlif anımlar doğurur. "Həsən Seyidbəyli" ismi təxəyyül palitramıza həyata dayaqlanan ədəbi və kinematoqrafik plüralizm çaları ilə daxil olub. Məhz Həsən Seyidbəyli kimi az sayda rejissorlarımızın ekran əsərləri milli kinonun, bəzilərinin düşündüyü kimi, tarixə və gerçəkliyə çəhrayı eynək arxasından baxmaqdan ibarət olmadığını, bunun uçuruma aparan taktika olduğunu göstərir.

Kino mütəxəssisləri yeri düşdükcə Həsən Seyidbəylinin qadın obrazlarının xüsusi koloriti ilə fərqlənən xarakterlər olduğunu vurğulayırlar. Həsən Seyidbəyli müasiri olduğu qadınların kino obrazlarının ən hassas yaradıcılarından biri olmaqdan əlavə, ədəbi və ekran əsərlərində sosial xətlə lirik xətti paralel inkişaf etdirməyi bacaran sənətkar idi. Hətta fərdi düşüncə xüsusiyyəti ilə kollektiv təfəkkür sisteminin bir araya sığmaması, azad şəxsiyyət məsələsini Azərbaycan kinosuna gətirən ilk müəllif də məhz Həsən Seyidbəylidir.

Özü də ssenari müəllifi və quruluşçu rejissoru olduğu ilk filmi olan "Telefonçu qız"da - Mehribanın atasının uzun çəkən iş yeri axtarışlarından sonra məhz Baltik dənizinin sahilində qərar tapmasının kifayət qədər qabardılmasını anlamaq çətin deyil. Axı SSRİ vətəndaşları üçün Pribaltika özünü ifadə etmək üçün ən münbit məkan idi. Kinomuzun "qızıl dövrü"nün ən görkəmli sənətkarlarından olan Həsən Seyidbəylinin irsinin müasirliyi hələ on illər boyunca sonsuz heyranlıq doğuracaq.

DOSYE: Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olub. 1943-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb. "Bakıdan Göygölədək" (1947), "Böyük yol" (1948) kinooçerkləri onun müstəqil debütü olub. 1962-ci ildə özünün povesti əsasında çəkdiyi "Telefonçu qız" tammetrajlı bədii filmi ilə kinomuza yeni nəfəs gətirib.

Bundan savayı, H.Seyidbəylinin ssenarisi əsasında "Liftçi qız", "Qızmar günəş altında", "Döğma xalqıma" film-konserti, İ.Qasımovla birgə yazdığı ssenari əsasında "Yolda əhvalat", "Uzaq sahillərdə" bədii filmləri, "Toral və Zəri" multiplikasiya filmi çəkilib. Onun həm ssenari müəllifi, həm də quruluşçu rejissor kimi iştirak etdiyi "Cazibə qüvvəsi", "Sən niyə susursan?", "Bizim Cəbiş müəllim", "O qızı tapın", "Möcüzələr adası", "Ömrün səhifələri", "Nəsimi", "Xoşbəxtlik qayğıları" ekran əsərləri olmadan Azərbaycan kinosunu təsəvvür etmək çətin olardı.

"Nəsimi" filmi 1974-cü ildə VII Ümumittifaq Kinofestivalında "ən yaxşı tarixi film" nominasiyasının qalibi olmuş, "Xoşbəxtlik qayğıları" filmi isə 1977-ci ildə keçirilən X Ümumittifaq Kinofestivalının diplomuna layiq görülmüşdü. Kino tariximizə verdiyi əvəzsiz töhfələrlə yanaşı, H.Seyidbəyli ədəbiyyatda da öz izini qoyub. Onun İmran Qasımovla birgə və müstəqil qələmə aldığı "İki müavin", "Qığılcımlar", "Qiymətli damcılar", "Vəfalı it və oğru pişik", "Kənd həkimi", "Telefonçu qız", "Xidmət lifti", "Çiçək", "Tərsanə", "Cəbhədən cəbhəyə", "Medalyon", "İllər keçir", "Dəniz cəsurları sevir", "Sən nə üçün yaşayırsan?" (hər üçü İ.Qasımovla birgə) hekayə, povest, roman və pyesləri bütöv bir nəslin ən çox mütaliə etdiyi ədəbi nümunələr kimi tanınıblar.

H.Seyidbəylinin "Qızılaxtaranlar", "İmtahan", "Bağlı qapılar" dram əsərləri təkcə Azərbaycan səhnəsində deyil, həm də xarici ölkə teatrlarının səhnələrində də tamaşaya qoyulub. H.Seyidbəyli 1963-80-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, 1971-80-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqının katibi, 9-10-cu çağırış Azərbaycan Ali Sovetinin deputatı olub. Əmək və fəaliyyəti "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla qiymətləndirilib. 1960-cı ildə "əməkdar incəsənət xadimi", 1976-cı ildə "Azərbaycanın xalq artisti" fəxri adlarına layiq görülüb. 1980-ci il iyunun 25-də Bakıda dünyasını dəyişib.


Ziya Seyidbəyli:

- Sovet vaxtı əlaqədar qurumlar babamdan da, atamla əmilərimdən də "Seyidbəyli" soyadının sonluğunu "-ov"la əvəz eləməyi tələb etsələr də, razılaşmayıblar. Atamgilin əsli Abşeronludur. Atası nardaranlı, anasının ailəsi isə Maştağa, Buzovna kəndlərindəndi. Babam adi dövlət qulluqçusu olub, nənəm Rübabə xanım isə varlı ailənin qızı imiş. Atamın iki qardaşı da var idi - Kamil, Aqil. Üçü də idmanla məşğul olub. Kamil əmim hərbi sahəni seçib, Aqil əmim isə jurnalistikanı. AzTV-də idman verilişləri redaksiyasının şöbə rəisi idi.

Atam elə yeniyetməlik yaşından kino sahəsinə gedəcəyini bilirmiş. Rus dilini o qədər də yaxşı bilməsə də, məktəbi qurtaran kimi Leninqrad Kino Mühəndisləri İnstitutuna daxil olub, amma az müddətdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa başlayıb. Eyzenşteynlə Kozintsevin tələbəsi olub. Sonralar Kozintsevlə bir müddət məktublaşıblar. O məktubları bu yaxınlarda Dövlət Film Fonduna təhvil verdik. Atam 51-ci ildə ailə qurub. Anam Süsən xanım həkim idi. Biz üç uşaq olmuşuq - mən, bacım Məryəm və kiçik qardaşım Mehdi. Təəssüf ki, Mehdi bir neçə il bundan əvvəl rəhmətə getdi.
Nəvələri onun istedadını öz aralarında bölüşdürüblər.

- Heç birinizdə atanızın yolunu davam etdirmək həvəsi olmadı?

- Həvəsi yaradan istedaddır. Görünür, bizim heç birimizdə istedad olmayıb, ona görə də həvəsimiz yaranmayıb. "Bizim Cəbiş müəllim" filmində üçümüzün də çəkilməyimiz bir yadigardır. Həm də Namiqlə mənim xarakterim uyğun gəlirdi - mən də onun kimi sakit, məktəbdə yaxşı oxuyan oğlan idim. Yadımdadır ki, Makedona şillə vurmağım alınmırdı. Atam hər dublda deyirdi ki, bu şillə ilə sənin olan münasibətinin dəyişməyi bilinməlidir.

Ondan əvvəl bacım "Telefonçu qız"da Mehribanın uşaqlığını oynamışdı, mən "Sən niyə susursan?"da bir epizodda çəkilmişdim. Atamın yolunu, deyəsən, mənim oğlanlarım davam etdirəcəklər. Özü də elə bil, onun ədəbi və kinematoqrafik istedadını öz aralarında bölüşdürüblər - böyük oğlum Həsənin ilk ədəbi fəaliyyəti uğurlu alınıb. Kiçik oğlum Fərəc isə kino istehsalı ilə çox maraqlanır.

- Atanız mükəmməl kino təhsili alsa da, yaradıcı fəaliyyətinin ilk və böyük dövrü ədəbiyyatla bağlıdır.

- Atam Moskvada Ali Ssenari Kursunu da bitirmişdi. Həm də təhsilini tamamlayıb Bakıya qayıdanda müəyyən qədər qısqanclıqla qarşılaşıb. Quruluşçu rejissor kimi fəaliyyətə başlamasına mane olanlar tapılıb.
 
 - Həsən Seyidbəyli ən mütərəqqi, müasir düşüncəli rejissorlardan idi. Bəs ailədə necə insan idi?

- Atam çox zəhmətkeş adam idi - sutkanın, demək olar ki, iyirmi dörd saatının hamısını işi ilə məşğul olurdu. Amma bununla belə, ailə onun üçün əsas idi. Çox zarafatcıl, uzügülər idi. Son illər bağda qalmağı xoşlayırdı. Yəqin ki, bu, səhhətinə görə idi - həm ürəyi xəstə idi, həm də diabeti vardı. Yaxşı ki, anam həkim idi, xəstəliklərin əlamətlərini vaxtında aşkar edirdi. Xarici ölkələrə gəzməyə də həmişə anamla gedib. Bizə tam sərbəstlik verirdi, amma müəyyən həddə qədər.

Bir hadisə yadıma düşdü. O vaxtlar "Bitlz" qrupunun musiqisi çox populyar olduğu üçün bütün gənc oğlanlar onlara bənzəmək istəyirdilər, onlar kimi geyinir, saçlarını uzadır, bakenbard saxlayırdılar. Mən də belə edirdim. Atamın isə bakenbarddan heç xoşu gəlmirdi. On altı yaşım var idi. Bir gün evdən çıxmağa hazırlaşanda soruşdu ki, hara gedirsən? Dedim, gəzməyə gedirəm. Dedi, bəs niyə pul istəmirsən? Dedim, elə indi istəyəcəkdim. Atam da dedi ki, gəl, bakenbardlarını mənə sat. Mən əvvəl razılaşmadım. Dedi, sat da, neçəyə desən alacam. Dedim ki, yaxşı, əlli manata satıram. Razılaşdı. Bakenbardın birini təraş edəndən sonra atam mənə iyirmi beş manat verdi. Mən təəccüblənəndə isə dedi ki, o biri bakenbardı saxlaya bilərsən. Bax, belə məzəli adam idi. Özü də zarafatları zəhərli, acı yumordan azad olduğu üçün heç kim ondan inciməzdi.


İncəsənət sahəsindən olan yaxın dostu ona xainlik eləmişdi

 
- Bəs özü ən çox nədən inciyirdi, hansı hərəkəti bağışlaya bilmirdi?

- Yalanı, yaltaqlığı xoşlamırdı. Xainliyi isə ümumiyyətlə, bağışlamırdı. Bir dəfə bir yaxın dostu ona xəyanət eləmişdi. Ondan sonra aralarında söhbət olsa da, həmin adam vaxtaşırı zəng etsə də, atamın ona olan münasibəti artıq əvvəlki kimi ola bilməzdi. Xasiyyəti belə idi.

- O adam incəsənət sahəsindən idi?

- Bəli. Ümumiyyətlə, atam çox xeyirxah insan idi. 70-ci illərin axırı, 80-ci illərin əvvəli bir neçə istedadlı gəncin "VQİK"-ə qəbul olunmasına kömək etmişdi. Oranın müəllimləri arasında axı atamın kurs yoldaşları da var idi. Həmin adamlara sadəcə, bu gənclərin ümidverici olduğunu demişdi. Sonralar həmin gənclər bacarıqlı rejissor oldular.

Sədri olduğu Kinematoqrafçılar İttifaqının üzvlərinin qayğısına qalmağı, onların məişət problemlərini həll etməyi də özünə borc bilirdi. Adi insanlara da münasibəti təəccüblü şəkildə xeyirxah idi. Bir dəfə onunla maşında gedirdik. Bir çəlikli kişi az qala maşının altına yıxılacaqdı. Atam onu maşına oturtdu. Məlum oldu ki, həmin adam həbsxanadan təzə çıxıb. Təsəvvür edirsiz, atam onu yaxşı bir yerə işə düzəltdi. Həbsxanadan çıxmış adamlar üçün axı qapılar taybatay açılmır. O kişi sonralar da atamın yaxşılığını unutmadı.


Bədii şura ilə onun fikri uyğun gəlmirdi



- Elə rejissor kimi də tanınmış aktyorlarla yanaşı, az tanınan, hətta heç aktyor olmayan şəxsləri filmlərinə çəkməyə üstünlük verirdi. Aktyorlar qısqanmırdılar ki? 

- Bilmirəm. Hər halda eşitməmişəm. Amma atamın iş prinsipi bu idi - məşhur aktyorlar stereotipindən azad olmaq. Sözsüz ki, çox sevdiyi, onlarla işləməkdən zövq aldığı aktyorlar var idi - Şəfiqə Məmmədova, Fazil Salayev, Xalidə Qasımova - eləcə də filmlərində çəkdiyi digər gözəl aktyorlarımız.

O illər kinoda italyan neorealizminin çiçəkləndiyi dövr idi. Atam da təbii ki, bu üslubu çox xoşlayırdı. O, eyni zamanda həm çox milli, həm də dünyaya açıq rejissor idi. Gənclərlə işləməyi sevdiyi və bacardığı üçün ssenarilərində, əsərlərində onlara geniş yer ayırdığı kimi, çəkiliş prosesində də cavanlarla işləməyə üstünlük verirdi.

Ümumiyyətlə isə aktyorlara tam sərbəstlik verən rejissor idi. Məsələn, "Bizim Cəbiş müəllim" filmində Nəsibə Zeynalova ilə Əliağa Ağayeyin bombardman zamanı olan dialoqları onların özünün improvizəsi idi. Atam çəkilişlərə başlamazdan əvvəl aktyorlarla uzun müddət məşq edirdi. Məşqlər zamanı ssenarinin mətnində "raskadrovka" aparırdı. Ümumiyyətlə isə rejissorluq çox əsəbi işdir.

- Həsən Seyidbəylini ən çox əsəbiləşdirən nə idi?

- Bədii şura ilə onun fikri uyğun gəlmirdi. Hər dəfə "yuxarıdan" zəng edib hansısa rola onun seçdiyi aktyorun əvəzinə başqasını çəkməyi təkidlə xahiş edirdilər. Amma atam heç vaxt öz seçiminə dönük çıxmayıb. Nəsimi roluna çox gənc aktyor olan Rasim Balayevi çəkmək istəyəndə çoxları buna etiraz etmişdilər. Amma filmə baxandan sonra hamı bir nəfər kimi atamın seçimini alqışlayırdı. Məncə, bu rol Rasim Balayevin "şah əsəri"dir.

"Möcüzələr adası" ilə bağlı hadisənin xoşagəlməzliyi isə bir az böyük oldu. Kino işləri üzrə kurator filmə baxandan sonra demişdi ki, süjeti bir az dəyişdirib oradakı mənfi obrazı çıxarmaq lazımdır. Atam da cavab vermişdi ki, neftçilər arasında da mənfi adam ola bilər, əgər bu obraz çıxarılsa, süjet bəsitləşəcək. Bu söhbətdən sonra həmin adamla atam arasında gərgin münasibət yarandı. Problem onda idi ki, kuratorlar çox vaxt sənətdən başı çıxmayan, tamamilə başqa sahənin adamları idilər.


Nizami Gəncəvi haqqında da film çəkmək istəyirdi



- Bəlkə elə bu cür prinsipial olmağındandır ki, çəkə biləcəyindən daha az ekran əsəri qoyub gedib? Sonuncu filmini, "Xoşbəxtlik qayğıları"nı isə 76-cı ildə çəkib.

- Bu barədə qəti fikir bildirə bilmərəm. Hər halda o, həm sənətinə, həm də tutduğu mövqeyə görə çox tanınmış adam idi. SSRİ Ali Sovetinin deputatı idi. Film çəkməyinə qadağa qoyulması inanılası deyil. Son dörd ili film çəkməməsini səhhəti ilə bağlamaq olar. "Nəsimi"dən sonra Nizami Gəncəvi haqqında da film çəkmək istəyirdi. Belə filmlər isə uzunmüddətli hazırlıq prosesi tələb edir. Son vaxtlar fikri elə bununla məşğul idi.

- Bilmirsiniz, baş rola kimi nəzərdə tutmuşdu, ssenari müəllifi kim olacaqdı?

- Yox, məlumatım yoxdur. Yəqin ki, "Nəsimi"nin yaradıcı heyətini təkrar bu filmə gətirməyəcəkdi.

Samirə Behbudqızı
Milli.Az



Azərbaycanın kino incilərindən:

"Çəkilişlərdə məzəli bir hadisə olmuşdu..." - FOTO - MÜSAHİBƏ


Ramiz Əzizbəyli: "Məni öldürmək istəyirdilər..." - MÜSAHİBƏ


"Kinostudiyanın yanından keçəndə o tərəfə baxmıram" - FOTO


"Babamı qınayanlar haqlı deyillər" - FOTO


Cəbiş müəllim damdan niyə yıxılıb?


Ürəyini səsinə verən müğənninin oğlu: "Atamla şəhərə çıxıb iki addım getmək mümkün deyildi" - FOTO


Artistlik etməyən Aktyor: gülə-gülə ölən Əliağa Ağayev son filmində niyə ağlamışdı? - FOTO



Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib - FOTO

"Dəli Kür" filminin Rus Əhmədini erməni öldürüb - FOTOSESSİYA

"Əhməd haradadır"ın Ceyranı: "Bakıda aldığım travma mənə ömürlük bəs etdi"- FOTO-VİDEO

Rəna Səlimova: "Aktrisa olduğum üçün həyat yoldaşımın ailəsi məni qəbul etmirdi" - FOTO 

"Yeddi oğul istərəm"in Qəqənisi: "İçimdəki "ağlamaq mexanizmini" işə saldım və ..." - FOTO 

"Asif, Vasif, Ağasif" filminin Asifi: "Xristianlığı qəbul edəndə ailəm şoka düşdü" - FOTO 

Tamara Ağamirova: ""O olmasın, bu olsun" filmini tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım da var idi" - FOTOSESSİYA 

Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik" - FOTO

Fuad Poladov: "Təlxək rolunu oynayana "xalq artisti" adı verdilər, o da Qacarı yaratmış aktyora - Hamletə "sağ əlim sənin başına" deyirdi"

Qara Qarayevin oğlu Fərəc Qarayev: "Evə gələndə üst-başı qan içində idi..." - FOTO

Bəstəkar Nazim Mirişli: "Futbolun ucbatından Bethovenin konsertini ifa etməkdən məhrum oldum" - FOTOSESSİYA

Bakı nostaljisi: Azərbaycan yəhudiləri haqqında film çəkiləcək - FOTO 

Azərbaycanın cizgi filmlərini hansı məşhurlar səsləndiriblər?


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.