Mədəniyyət

Nəzakət Teymurova: "O qədər hönkürüb ağlamışam ki..." - MÜSAHİBƏ

22 İyul 2011 09:30
Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Nəzakət Teymurovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Muğam sənət aləmində ən çətin janr sayılır. Nəzərə alaq ki, sizin dönəmlərdə muğama diqqət və qayğı da bu günkü qədər deyildi, sənətə gələnlər özlərini ya toy bazarında, ya da estrada sahəsində sınamağa çalışırdılar. Çətinliklərlə qarşılaşmağa hər kəs hazır olmur...

- Mən qismətə çox inanıram. Düşünürəm ki, bu da mənim alın yazımdı. Qarabağlı olduğum üçün muğam mənim qanımdadı. Bundan əlavə, anamın çox gözəl səsi var. Bacımın da gözəl səsi olub, 28 yaşında dünyasını dəyişib. Atam da tez rəhmətə gedib. Yəni ailəmizdə nisgil olub. Anamın ağısını həmişə eşitmişəm. Bu gün də anamın səsini, oxumağını eşidəndə özümü saxlaya bilmirəm. Yanıqlı səsi olsa da anası onun sənətə gəlməsinə qadağa qoyub.

Uşaqlıqdan muğama marağım böyük idi. Orta məktəbdə pioner evinə getdim. Ancaq qoymadılar ki, sənədlərimi bu sahəyə verib. Bakıda texnikuma daxil oldum. Ancaq çox istəyirdim ki, Asəf Zeynallı adına musiqi texnikumuna sənədlərimi verim. Qoymadılar. Texnikumda oxuyanda özfəaliyyət dərnəklərinə gedirdim. 1989-cu ildə texnikumlar arası müsabiqə keçirildi. Mən orada birinci yeri tutdum. İndiki Heydər Əliyev adına Sarayda yekun konserti oldu. O zaman Lidiya Rəsulova mənə dedi ki, qızım, energetika sənlik deyil. Get Asəf Zeynallı adına musiqi məktəbinə. Göndərdi, tapşırdı da.

Mən musiqiylə yaranmışam. O illəri xatırlayanda, hərdən elə bilirəm ki, onları mən yaşamamışam. Nağıl kimi gəlir. Həm energetikadan oxudum, həm də Asəf Zeynallıda. Muğamın dəriniyini bəlkə də tələbə vaxtı başa düşmürsən. Çərçivədi, ondan kənara çıxa bilmirsən. Muğamın girişini, çıxışını, xırdalıqlarını öyrəndim. Elə muğamlarımızın əksəriyyətini də Asəf Zeynallıda öyrəndim. Sonuncu kursda, dövlət imtahanında "Çahargah"ı oxudum. Gəncliyin özəlliyi səsinin cingiltili olmasındadır. Hissiyyatdı, sənətə bağlılıqdı, illər sonra özünü göstərir.

- Necə oldu ki, operada özünüzü sınamağa qərar verdiniz? Axı Operada təkcə səs yetərli deyil. Hələ "Leyli"dən danışmırıq...

- Texnikumdan təyinatımı operaya verdilər. O dövrlərdə çox çətin idi. Zabit Nəbizadə ilə mənim təyinatım operaya verildi. Birinci dəfə qəbul etmədilər. Nə isə. İkinci dəfə dedilər baxarıq. Sağ olsun Akif müəllim, bizi qəbul etdi.

- Siz teatra gələn dövrlərdə "Leyli"ni oynayan güclü sənətkarlar var idi. Çəkinmirdiz?

- O dönəmlərdə Qəndab xanım Quliyeva, Səkinə xanım İsmayılova və Gülyaz idi, o da analıq məzuniyyətinə çıxmışdı. İnandılar mənə. Mən elə bir insanam ki, insanlarla tez ünsiyyətə girməyi bacarmıram. O insanı gərək o qədər tanıyım ki, onunla yaxınlıq edə bilim. Belə bir yerdə, bu xasiyyətlə işləmək çox çətin idi. Kollektivin hörmətini qazanmaq asan deyildi. Bəlkə də özümə qarşı soyuq münasibət hiss etsəydim, burdan  qaçardım.

- Bu qədər həssas olmaq çətinlik yaratmır?

- O qədər yaradıb ki... Mən xərçəng bürcündənəm. İlim də siçan ilidir. Axı siçanlar çox hissiyyatlı olurlar. Ola bilsin ki, mən də teatra gələndə çox danışdılar, elədilər. Bu, təbii idi. İnsan özünü təsdiqləyincə, zamana ehtiyac hiss olunur. Mən 7 ay "Leyli" üçün məşq etdim. Bizim baş rejissorumuz məni o qədər ağladıb ki... Görürdüm tamam əldən düşürəm, ağlayıram, yalandan deyirdim ki, ay böyrəyim ağrıyır, oram ağrıyır, buram ağrıyır ki, məndən əl çəksin. Opera da həqiqətən soyuq olurdu, saatlarla məşq edəndə həqiqətən xəstələnirdim.

- Tərəf müqabiliniz Mənsum İbrahimov da deyirdi ki, Məcnun üçün səhnədə çox sürünüb...

- Mən həmişə deyirəm. O aktrisa, aktyor sənətkar deyil ki, operanın tozunu udmaya. Bu
sənət elə bir çətin sahədir ki, burada "mən" deməməliyəm. Ümumiyyətlə, sənətkar heç vaxt özündən razı olmamalıdır. Səhnədə sənətkar mütləq dəyişir. Ola bilər ki, həyatda elə insan var, onu qəbul etmirəm. Ancaq səhnəyə çıxanda onun qarşısında baş əyməliyəm. Elə insanlar var, bunu həzm etməyi bacarmırlar. Səhnəyə çıxan aktyor, aktrisa, sənətkar təkəbbürü, qüruru həmin anda kənara qoymalıdır. İnsan qürurlu olmağı bacarmalıdır, ancaq baxır harda. Sənətdə qürurun ola bilər, şəxsi həyatında da, ancaq səhnədə yox. Səhnədə qürura yer yoxdur.

- Operada olan hər bir xanım sənətçi Leylini oynamaq arzusunda olur. Çox gənc ikən Leylini oynadız. Qısqanclıqlar oldumu?

- Vallah, nə deyim? Onu deyə bilmərəm. Ola bilsin olub. Qoy mən özümdən danışım.
Məsələ burasındadır ki, ilk dəfə Leyli olandan sonra elə bildim ki, dünyanı dağıtmışam. Elə bildim, daha istədiyimə çatdım. Sonralar başa düşdüm ki, Leylini yaratmaq üçün bir dəfə səhnəyə çıxmaq yetərli deyil. Ancaq tamaşaçılar ilk dəfədən qəbul etdilər. O zaman mətbuat da mənim ilk səhnəyə çıxışımla, Leyli obrazı ilə bağlı müsbət fikirlər yazdılar.

İnanın ki, o vaxtlar göydə uçurdum. Deyirdim arzuma yetmişəm. Ancaq sənətin dərinliyinə varınca görürsən ki, yox, hər dəfə səhnədə axtarışda olmaq, yenilik etmək lazımdır. Beş il öncəki kasetlərimə baxanda analiz edirəm, görürəm ki, nə qədər çatışmayan şeylər var. Həm ifa tərzimdə, həm plastikada, səhnə hərəkətlərində, oxumaqda. Opera səhnəsində hər şey biri-birini tamamlamalıdır. Bunları sonralar başa düşdüm. Yaxşıdı ki, başa düşdüm. Elələri var ki, indi də başa düşmürlər. Elə bu sənətə necə gəlibsə, elə də gedir (gülür).

- Tərəf-müqabili sizin üçün kim deməkdir?

- Əslində, səhnədə tərəf-müqabili böyük əhəmiyyət kəsb edir. Mən qarşımdakı insandan, tərəf-müqabilimdən o hissi, duyğunu ala bilməsəm, oxuya bilmərəm. Mən səhnədə İbn-Səlamı, Məcnunu, anamı hiss etməsəm, Leyli oynaya bilmərəm. O duyğunu eyni zamanda onlardan almalıyam ki, özümü Leyli kimi hiss edə bilim. Tərəf-müqabillərim o hissi mənə verməsələr, uğurlu çıxışdan söhbət gedə bilməz. Eyni zamanda özümə qarşı da çox tələbkaram. Üzeyir Hacıbəyovun bir "Leyli və Məcnun"u ilə çox insanlar şan-şöhrət tapıb, çörəyə çatıb.

- Sözün həqiqi mənasında səhnədə Leyli olaraq ağladığınız zaman olubmu?

- Çox. İnanın ki, elə vaxt olub ki, səhnədə o qədər hönkürüb ağlamışam ki, səsimi idarə etmək çətin olub. "Leyli və Məcnun"da ölüm səhnəsi var. Dəfələrlə olub ki, o məqamda qəhər məni boğub. O obrazı içindən yaşayanda onu olduğu kimi də tamaşaçıya çatdıra bilirsən.
 
- Bəlkə bir az da ailənizdən danışaq. Deyirlər ki, sənət şəxsi ailəni qurban verməyə vadar edir. Deyirlər siz də şəxsi həyatınızı sənətə qurban vermisiz...

- Mən bütün bunları insanın taleyi ilə əlaqələndirirəm. Bunu sənətlə əlaqələndirmək
düzgün deyil. Yenə də deyirəm, alın yazısıdır. Ay kimin ailəsi var, kimin yoxdur. Elə insanlar var ki, sənətlə əlaqəsi yoxdur, bu gün evlənir, beş gündən sonra ayrılırlar. Özüm barədə danışırıqsa, bir qızım var. Şükür Allaha ki, şəxsi həyatımı sənətə qurban verməmişəm. Mən tələbə olandan sevdiyim insan mənim yanımdadır. İndiyə qədər də bu belədir.

1994-cü ildən bir yerdəyik. Özümə xoşbəxt deyə bilərəm. Mənə elə gəlir ki, hər bir qadının başının üstündə kişi olmalıdır. Xüsusən də söhbət sənətdə olan xanımdan gedirsə. Bəzən mən də sənətdə elə şeylər görürəm ki, utanıram. Deyirəm Allah, mən də oxuyanam. Sanki mən bu dünyanı bir dəfə yaşayıb, sonra getmişəm. Qadının yüngüllüyünü qəbul etmirəm.

İnsan tək olanda aciz olur. Ona görə də yanında həyatını bölüşən insan olmalıdır. Nə isə əldə etmək üçün - paltar, ev, maşın, filankəs qabaqdadır, "mən niyə getməyim" düşünənlər yanlış yoldadırlar. Madiyyatına görə şəxsiyyətini qurban verənlər olur. Qadının şəxsiyyəti puldan-paradan çox qiymətlidir. Ailəni də ali varlıq hesab edirəm. Ailə pulla alınıb-satıla bilməz.

- Deyirlər qadınlar çiçəyə bənzəyir. Sevib-sevilməsələr, yaşaya bilmirlər, solurlar...

- Təbii ki. İnsan sevməsə, yaşaya bilməz. Qadın ailəsi, uşağı üçün yaşamalıdır. Mənim üçün sevgidən başqa heç nə yoxdur. Həccə getdim, başımı qara daşa salanda Tanrıdan bir arzum, diləyim oldu. Dedim, ay Allah, mənim içimə sevgidən başqa heç bir şey salma. Dedim, sevgini məndən əskik etmə. İnanın, hətta uşağımla bağlı diləyim də bu duamdan sonra oldu. Demədim ki, canım sağ olsun, uşağıma bu həyatı arzulayıram. Tanrıdan birinci diləyim sevgini məndən əsirgəməməsi olub. Sevgisiz insan ac yatar. Sevgi insana mərhəmət verir. Həyatda elə insanlar olur ki, deyirəm İlahi, onun ürəyinə bircə damcı sevgi sal. O qədər insanların içi bulanıqdır ki, sevgidən uzaqdırlar.
 
- Sizcə, qadın sevərkən təhlükəli ola bilər?

- Baxır qısqanclığın dərəcəsinə. Əlbəttə, qısqanclıq insanı təhlükəli də edə bilər. Ola bilər qisas almaq üçün qadın təhlükəli olsun. Hətta özü istəməsə belə. Əslində bu, həm qadınlarda, həm də kişilərdə var.

- Qadınlar kişilərdən daha təkəbbürlüdür?

- Ola bilər. Qadın o qədər zəifdir ki, bağlandığı insandan uzaq düşəndə, hisslərini cilovlaya bilməyəndə təkəbbürlü də ola bilər, cinayətkar da.

- Nəzakət xanım nə qədər təhlükəli ola bilər?

- Düzünü deyim, bunu özüm də hələ ki, tam aşkar edə bilməmişəm. Bilirsən, mən necə adamam? Ailəmə qarşı da, ətrafımdakı insanlara qarşı da həmişə səmimi olmağa çalışmışam, onlardan da səmimilik gözləmişəm. Səmimi olmayan insan görəndə heç nə demədən onlardan uzaqlaşıram. Gözümün içinə baxa-baxa yalan danışan insanları qəbul edə bilmirəm.

Ətrafımdakı insanlar mənim üçün çox əzizdir. Ətrafımda çox insan da yoxdur. Çərçivədədirlər. Onlar mənə qarşı haqsızlıq edəndə, yalan danışanda özümü bağışlaya bilmirəm. Yaxınlardan gələn zərbə daha ağır olur. Axır vaxtlar da çoxalıb. Çalışıram ki, dərinliyə varmayım. Çünki özüm əzab çəkirəm. Evdə hərdən deyirlər ki, boş ver, fikir vermə. Hamı ilə küsülü qalmaq olmaz.

- Tez küsənsiniz?

- Tez küsənəm, nə mənada - ətrafımdakı yaxın bildiyim insanlar mənə xəyanət edəndə, yalan danışanda küsürəm. Mən ümumiyyətlə, küsəndə yaxınlardan küsürəm. Çünki uzaq adam mənim üçün maraqlı deyil. Hətta sənət aləmində də önəm verdiyim insandan küsə bilərəm. Mənim üçün önəmi olmayan insandan küsməyi özümə yaraşdırmıram.

- Bütün ailələrdə söz-söhbət olur. Sizdə söz-söhbət olanda ilk addımı kim atır?

- Səmimi deyim ki, axır vaxtlar ilk addımı özüm atıram. İstəmirəm söz-söhbət olsun. Bilirəm ki, ömür qısadır. Görürəm ki, yoldaşım nəsə deyir, danışır, susuram.

- Yoldaşınız səhnədə sizi qısqanır? Bununla bağlı söz-söhbətiniz olub?

- Olur. Ailədir də, niyə olmur ki? Adətən evdə yeməyi özüm bişirirəm. Günorta evə gəldi, məni görmədi və ya iki gün ardıcıl məşqlərim oldu, evdə olmadımsa, başlayır. Deyir evin-eşiyin, ailən var.

- Bəs qastrol səfərləriniz olanda kim yola verir?

- Evdə bacım olur, anam olur. Kömək edirlər. Ancaq yenə də kişidir. Anamın, bacımın qulluğu başqadır, mənim qulluğum başqa.

- Olub ki, hər hansı bir qastrol səfərini onun sözünə görə təxirə salmalı olasız?

- O qədər elə olub ki. Çox. Olub ki, çox önəmli səfərlərimi təxirə salmalı olmuşam. Öz yerimə başqasını göndərmişəm. Düşünmüşəm ki, əgər getməyimi istəmirsə, buna görə evdə söz-söhbət salmayım.

- Bəs çətin olmayıb, bu illər ərzində həm ailəni qorumaq, ailənin qanunlarına tabe olmaq, həm də belə ciddi sənətlə məşğul olmaq?

- Təbii ki, hər bir ailədə olduğu kimi bizim də ailənin özünün qayda-qanunları var. Əgər evimin böyüyü, həyat yoldaşım mənim hansısa bir səfərə getməyimə etiraz edibsə, mən məcbur olmuşam ki, onun dediyini edim. Düzünü deyim, getmək istəmişəm. Ancaq olmayıbsa, zorla nəsə etməyə çalışmamışam. Hər şeyi ailəmə qurban vermişəm. Fikirləşmişəm ki, bu gün olmaz, sabah olar.

- Nəzakət xanım qızının səhnəyə gəlməsini rəva bilirmi?

- Sənət insana hər şey verir, şan-şöhrət, var-dövlət.  Ancaq hər sənətkar sevilmir. Bircə onu bilirəm ki, həmişə çərçivədə olmağa çalışmışam, hərəkətlərimə diqqət yetirmişəm. Fikirləşmişəm ki, bunu belə edərəm, camaat mənə pis baxar. Bir də hissiyyatlı insan üçün bu səhnədə çalışmaq böyük əsəb gərginliyi yaradır. Hər şeyi içimə salıram. Görürəm ki, məndən danışır, ancaq o insanın üzünə baxıb keçirəm. Tərbiyəm yol vermir ki, ona nəsə deyim. Ona görə istəmərəm qızım bu sahəyə gəlsin. Çünki bu sahə çox çətindir. Sənətdə olduğum gündən bu günə qədər də çalışmışam ki, insanlar mənimlə ünsiyyətdə müəyyən səddi qorusunlar. Çoxbilmiş, ikiüzlü insanlardan uzaq durmağa çalışıram.

- Elə qadınlar var ki, xəyanəti bağışlamırlar. Həyat yoldaşınız sizə xəyanət edibmi? Bağışlaya bilmisizmi?

-( Bir anlıq susur.) Bağışlamışam...ailəmi uşağımı nəzərə almışam, bağışlamışam.

- Xəyanət sizə nə qədər mənən zərbə vura bilər?

-   Xəyanət mənə çox böyük zərbələr vurub. Xəyanət mənə elə bir zərbə vura bilər ki, mənəvi dünyamı dağıdar. (Yenə susur). Bilirsiz, qadın ailəsini qorumaq üçün bəzən ən böyük xəyanəti belə bağışlamaq məcburiyyətində qalır. Mənim bir xasiyyətim, bədbəxtçiliyim ondadır ki, insanların etdiklərini tez unuduram. Ailədir də. Bizim kişilərdən kim düz yol gedir ki? Heç kim düz getmir. Müəyyən vaxt danışıram, edirəm, deyinirəm, sonra keçir gedir. Kinli deyiləm deyə içimdə çəkirəm, sonra da unuduram. Bu xasiyyət mənə o qədər problem yaradıb ki...

- Sizcə qadının gözəl görünməyi üçün pul vacibdir?

- Mənə elə gəlir ki, bugünkü gündə pul insana lazımdı. Amma pul hər şey deyil. Pul insana hörmət, şəxsiyyət vermir. İnsan var ki, pulu var, gələndə pula görə hörmət edirlər, ancaq ağzını açanda, görürsən ki, ilahi pulu kimlərin əlinə vermisən?

- Pul insanların çirkinliyini üzə çıxara bilirmi?

- Pul insanları əzən insanlıqdan çıxarır. Bəzən pulu olanlar elə ucuz hərəkətlər edir ki, iyrənirsən. O hərəkət nə vəzifələrinə yaraşır, nə adlarına. 

- Deyirlər ki, xanəndə xanımlar arasında paxıllığınızı çəkənlər var. Onlara sözünüz nədir?

- Bilirsən necədi, onların kimliyini bilirəm. Ancaq mənimçün maraqsız insanlardırlar. Mənim barəmdə elə sifarişli yazılar yazdıranlar olub ki, o məqalələri oxuyanda, başımdan tüstü çıxıb. Kiməsə paxıllıq etmək mənlik deyil. Bu sənətdi, səhnədi. Mənim deməyimlə, danışmağımla deyil. Əgər doğrudan da məndən güclüdürsə, onu səhnədə göstərsin.

Onlara bir sözüm var. Əgər özünə əminsənsə, çıx səhnəyə, məndən yaxşı elə, məndən yaxşı oxu! Bax, budu sənət. Mən nə qədər danışsam da xeyri yoxdu. Elə o insanlar da məndən danışmaq əvəzinə, o vaxtlarını sənətə sərf etsinlər. Mən nə edim ki, sən o şeyləri bacarmırsan, mənim kimi oxumursan? Allah bunu sənə verməyib, zorla deyil ki. Belələrinə yazığım gəlir. Allah-Təala, elə şeylər var ki, onu başqa qadınlara verib, mənə verməyib.

Axır vaxtlar çox həssas olmuşam.

- Qarabağlısız. Qarabağ alınsa, Ən çox İsa bulağında hansı muğamı oxumaq istərdiz?

(Danışa bilmir. Gözləri dolur, ağlamağa başlayır. Söhbətə başlamaq istəyirik. Göz yaşını saxlamır. Otaqdan çıxır. Ağlayıb, sakitləşdikdən sonra söhbətimizi davam edirik)

- Allah o məqamı, o sevinci bizə qismət etsin. Mən ordan çıxanda 16 yaşım var idi. 16 yaş nə idi ki. Ancaq o yaşda elə şeylər yaşamışam ki, onu yaşlı insanlar yaşamayıblar. Mən yuxularımda həyətimizi, Qarabağı, evimizi görürəm. Oranın daşlarına qədər
yuxularımda görürəm. Evimiz, həyətimiz üçün çox darıxıram. Allah heç kimə didərginlik qismət etməsin. Mən evimizdən çıxanda elə dəhşətlər yaşamışam ki, unutmaq mümkün deyil. Anam çıxmırdı. Qardaşlarım müharibədə idi deyə, anamı oradan zorla çıxarmışam...

Tahirə Məmmədqızı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.