Mədəniyyət

Azərbaycanlı aktrisa: "Təmiz adımı qorumaq üçün..." - FOTO

24 Avqust 2017 21:05
89 Şərh     Baxış: 21 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Raksana İmirin Milli.Az-a müsahibəsi.

- Raksana xanım, keçən ilki müsahibənizdə seriala çəkilmək arzunuzun olduğunu bildirmişdiniz. Bu arzunuza çatdınız?

- Keçən ildən bu ilə kimi sənətimdə çox dəyişikliklər olub. Şükürlər olsun hər şey yaxşılığa doğru irəliləyir. 1 tammetrajlı ("Eşq qurbanları"), 1 qısametrajlı ("İzyatiye") və bir də bu günlərdə çəkilişləri baş tutan "Ögey ana" serialında rol almışam.

- Bildiyim qədərilə ATV-nin qadın səsisiniz. Bəs sizi teleaparıcı kimi niyə efirdə görmürük?

- Siz mənim yaralı yerimə toxundunuz (gülür). 2 ildir teleaparıcı olmaq arzusundayam, amma hələ səbr edirəm. Bu yaşda ATV kimi məşhur bir telekanalın qadın səsi olmaq çox şərəflidir, çünki mənim yerimdə olmaq istəyənlər çoxdur. Çox şükür edirəm ki, bu yaşa qədər nailiyyətlər qazanmışam. İnşallah, uğurlarımın davamını gözləyirəm.

- Hansı teleaparıcını özünüzə kumir seçmisiniz?

- Nərgiz Cəlilovanı özümə kumir seçmişəm, o xanımın vurğunuyam.

- ATV-dən bəs kimləri? Yoxsa onlar artıq sizin gələcək rəqiblərinizdir?

- Xeyr, mən heç vaxt "böyük danışmaram". Sadəcə uşaqlıqda Nərgiz Cəlilovanı görüb sevmişəm. ATV-də isə Afaq Gəncəli, Lalə Azərtaş, Əsmər Nəcməddinqızını bəyənirəm.

- Əslində ATV şou kanalıdır. Yəqin ki, şou aparıcısı olmaq istəyirsiniz.

- Verilişimin filmlərlə bağlı olmağını istəmişəm. İstəyirəm ki, aktyorların, rejissorların həyatı, filmlərdə səhvlər və s. kimi maraqlı məqamları önə çəkim. Əminəm ki, bu istəyimə də çatacağam. Səbr bütün arzuların açarıdır.

- Həyatda elə bir istəyiniz olubmu ki, ona çatmamısınız?

- Hələ mənim nə yaşım var ki, arzularım bitmiş, tamamlanmış olsun. Hər şey qarşıdadır. Mənim özgüvənim çox yüksəkdir.

- Niyə digər aktrisalar kimi tanınmırsınız, gündəmdə deyilsiniz?

- Mən hər dəvət aldığım yerə getmirəm, seçim edirəm. Nə qədər kobud da olsa bir misal çəkəcəyəm. Pişik 3 aydan bir, şir isə ildə bir dəfə balalayır. Şir həmişə şirdir. İldə bir dəfə olsun, amma dəyərli yerdə görünüm.

- Raksana, digər həmkarlarınızın yəqin ki, müsahibələrini də izləyirsiniz. Sizcə, çox açıq-saçıq etiraflar etmirlər?

- Bu hər bir kəsin öz şəxsi işidir, şəxsi həyatıdır. Mən heç vaxt bu cür yollarla məşhur olmaq istəmərəm, öz qüruruma sığışdırmaram bunu. Mənliyim, təmiz adım mənim üçün hər şeydən önəmlidir. Təmiz adımı qorumaq üçün lazım gəlsə, sənətdən də gedərəm.

- Yeni mövsümdən sizi hansı serialda görəcəyik?

- Hal-hazırda "Ögey ana" serialında çəkilirəm, İnşallah, sentyabr ayının 11-də, saat 21:15-də hər kəsi ATV-də baxmağa dəvət edirəm. Bir həmkarım ilə sevgi rollarını paylaşacağam.

- Yəqin ki, həyatda sevgiliniz yoxdur, yoxsa sizi qısqanardı. Bu baxımdan çox rahatsınız.

- Xeyr, sevgilim yoxdur. Məqsədim sadəcə karyeramı qurmaqdır. Valideynlərimin sevgisi hər bir sevgidən üstündür. Mən demirəm sevdiyim olmayacaq, qismət deyilən bir şey var. Amma valideynlərimin sevgisi kimliyindən asılı olmayaraq, hər bir kəsin sevgisindən daha dəyərli və daha önəmli olacaq.

- Həyatınızda heç sevməmisiniz?

- Məni sevən çox olub və hal-hazırda da var. Hər kəsin hisslərinə hörmətlə yanaşıram. Amma hələ ki, belə bir fikrim yoxdur.

- Gözəl və cazibədar xanımsınız. Yolda görüb, sizə söz atanlar olurmu?

- Bəli, bu cür hallarla çox rastlaşıram. Anam mənlə şəhərə çıxanda özüylə dərman gəzdirir, çünki çox əsəbləşir. Mən həmin insanları nə eşidirəm, nə də ki, görürəm.

- Xalqımızın qızqaçırtma kimi gözəl bir adəti var. Qorxmursunuz ki, sizi qaçırarlar?

- Qapıya qədər arxamca gələnlər olur. Allah etməsin ki, bu cür halla üzləşim. Mən özüm bir yana o gün anamın ürəyi dayanar. Kimliyindən asılı olmayaraq, bu hərəkəti etməyə heç kimə imkan vermərəm.

- Həyatda necə bir xarakterə maliksiniz?

- Mən çox səmimiyəm, amma yeri gələndə çox sərtəm. Çox pozitiv insanam, amma hər kəslə sərhədi saxlayan biriyəm. Hər şeyi qədərində sevirəm. Xoşuma gəlməyən tərəfim isə hamıya tez inanmağımdır.

- Başınız bu xasiyyətinizə görə çox bəlalar çəkib?

- Aktrisa olmağıma baxmayaraq, həyatda aktyorluq etməyi bacarmıram. Bəli çox bəlalar çəkib. Həmişə inandığım insanlar arxamdan iş çevirib. Ona görə də daha yaxınıma heç kimi buraxmıram. Hamıyla sərhəd saxlayıram. Yeganə rəfiqəm anamdır. Hamıyla gözəl münasibətdəyəm, amma rəfiqəm yoxdur.

- Heç kimə inanmırsınız?

- Yenə də inanıram (gülür). Halbuki başıma gələn bütün hadisələr də bundan irəli gəlir.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.