Mədəniyyət

Əməkdar artist elə şeylər DANIŞDI Kİ: "Heç bir kişi mənə dözməz" - FOTO

15 Fevral 2017 21:10
2 Şərh     Baxış: 6 994
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu xanıma baxanda adama elə gəlir ki, çörək yeyib, su içmir. İllərdir çəkisi nə artır, nə də azalır. Bəlkə də köklükdən əziyyət çəkən bəzi həmkarları ona baxıb, xəlvətlikdə bəxtəvərlik də verirlər. Əməkdar artist, aktrisa Hüsniyyə Mürvətovanı deyirəm. Çoxdandır seriallarda görünməyən aktrisa ilə söhbətə sənətdən başladıq, şəxsi həyatla bitirdik. On ildir həyat yoldaşından ayrılan həmsöhbətim indiyə qədər ailə qurmamasın səbəblərini də açıqladı.

Aktrisanın Milli.Az-a müsahibəsini təqdim edirik.

- Bir çox aktrisalar sosial şəbəkədə tez-tez statuslar paylaşıb rejissorlardan gileylənirlər ki, təsadüfi insanları gətirib seriallara çəkirlər, peşəkarlar da qalır qıraqda... Siz də onlardan birisiniz.

- Mən, əlbəttə ki, onların tərəfini tuturam. Elə özüm də bu yaxınlarda hirslənib belə bir stutus paylaşmışdım. Əslində, özünə hörmət edən rejissor heç vaxt qeyri-peşəkarı öz filminə çəkməz. Nadir halda bu mümkün ola bilər ki, rejissor həmin təsadüfi adamı mükəmməl bir aktyor səviyyəsinə qaldıra bilsin. Biz də aktrisayıq, işimiz budu və təbii ki, filmlərə, seriallara çəkilmək istəyirik.

- Dəvət etmirlər ki?

- Son iki ildə çəkilən yerli serialların heç birində rol almamışam. İki filmə dəvət almışam, ikisi də hələ ki, maliyyə axtarışındadır və mən də gözləmə mövqeyindəyəm. Seriallar da belədir ki, arzuladığım rolları oynamaq istəyirəm. Mən indi o statusda aktrisayam ki, istəyirəm film mənim üzərimdə qurulsun. Çünki mən həmişə baş rollarda oynamışam, artıq bütün mərhələləri keçmişəm. İndi durub birdən-birə sıradan bir obraz oynaya bilmərəm axı.

- Maraqlıdır, hansı rejissorun serialında rol almaq istərdiniz?

- Mən yerli seriallardan "Vicdan haqqı" serialına baxıram və çox xoşuma gəlir. Rövşən İsax məni dəvət etsə, məmnuniyyətlə, onun çəkdiyi seriallarda çəkilərəm.

- Bəs necə bir obrazda görünmək istərdiniz?

- Mən adətən drammatik obrazlar yaratmışam. Buna görə də rejissorlar məni həmişə drammatik obrazlara dəvət edirlər. Amma pozitiv insanam, özümə görə müəyyən xüsusiyyətlərim var. İstərdim ki, fərqli ampluada rollar oynayım və içimdəki potensialı göstərə bilim. Bax rejissor istəyirəm ki, məni bu istiqamətdə kəşf eləsin. Mənə sübut etsin ki, bax, sən Hüsniyyə dram oynadığın kimi, komik obrazın da öhdəsindən məharətlə gəlirsən. Hələ ki, bu rol arzu olaraq içimdə qalıb.

- Türk seriallarını yerli seriallarla müqayisə edirsinizmi heç?

- Onlar bu sahədə çox inkişaf ediblər. Türk sənətçilərinin aldıqları qonorarı müqayisə etsək, bizim aldığımız qonorar çox gülməli görünər. Əlbəttə, türk aktyorları gecə-gündüz zəhmət çəkirlər, nəticədə də gördükəri iş mükəmməl alınır. Bizim aktyorlarımıza da o pulun yarısının yarısı verilsə, görün necə oynayırlar. Amma aldığımız qonorarla heç nə eləmək olmur. Elə seriallara çəkilməməyimin bir səbəbi də budur. Aktyor yaşamalıdır, yaxşı geyinməlidir, lüks həyat tərzi olmalıdır.

- Lüks həyat yaşamırsınız?

- Hələ də oğlumla anamın evində qalıram.

- Ev almışdınız axı?

- Kreditlə almışam ikiotaqlı ev, amma onun təmiri üçün pul lazımdır. Mən hələ heç krediti verib qurtarmamışam da. Səhnə adamı gözəl geiynməlidir, tamaşaçısının gözünü oxşamalıdır.

- Yaxşı ki, bəzi həmkarlarınız kimi kilolu deyilsiniz, yoxsa, plastik əməliyyatlara da xeyli pul xərcləmiş olardınız...

- Bizdə bu genetikdir. Nə qədər yesəm də kilo almıram. Amma deyim ki, heç yeyən də deyiləm. Yayda, ümumiyyətlə, çox az yeyirəm, istidə iştahım olmur. Amma dadlı yeməkləri çox sevirəm. Səhhətim zəifdir deyə ət məhsullarından çox istifadə edirəm.

- Adam var e, cürbəcür pəhrizlər saxlayır, dərisinin nəm qalması üçün iki litrə qədər su içir.

- Mən heç vaxt pəhriz saxlamamışam. Yadıma düşəndən-düşənə su içirəm. Arada salona gedib, üzümə kosmetik qulluqlar edirəm, vəssalam.

- Mətbəxlə, biş-düşlə aranız necədir? Beş barmağınızın beşi də mərifət, yoxsa?

- Yemək bişirməyi bacarıram, amma bişirmirəm. Həyat yoldaşımla ayrıldığım on ildir, həmin vaxtdan bəri bir dəfə də olsun qazana yaxın getməmişəm.

- Niyə, söz vermisiniz ki, həyat yoldaşınızdan başqa heç kimə yemək bişirməyəcəksiniz?

- Yox, sadəcə olaraq, anamgildə qalıram və yeməkləri də o bişirir.

- Həyat yoldaşınızdan ayırılmısınız. Subay, yaraşıqlı qadın, deməyin ki, həyatımda kişi yoxdur?

- Vallah-billah, nəyə inanırsınız and içim ki, həyatımda heç kim yoxdur.

- Nə əcəb?

- Mən çox kaprizli qadınam, mənə dözmək hər kişinin işi deyil.

- Nə mənada?

- Çox qısqancam. Həyat yoldaşımı da dəhşət çox qısqanırdım. Amma o, mənim kaprizlərimə dözürdü. Əksinə, o, hətta mənim qısqanclığımı xoşlayırdı. Ümumiyyətlə, xasiyyətcə naz çəkməyi sevirdi. Onun kimi məni bu həyatda tanıyan ikinci bir kişi ola bilməz.

- Eləydisə, daha niyə əlinizdən verirdiniz ki?

- Başqa keyfiyyətləri də vardı ki, ayrılmağımıza gətirib çıxardı. Bəlkə də zaman keçsəydi, səbrli olsaydım, o xüsusiyyətlərini yola vermək olardı. Çox yaxşı insandır, mən heç vaxt onun barəsində pis şeylər danışmıram. Amma xasiyyətində elə şeylər vardı, qəbul edə bilmirdim. Bəlkə də uşağın xətrinə dözmək olardı. Amma qərara gəldik ki, ayrılsaq, ikimiz də daha xoşbəxt olarıq.

- Evlənib, münasibətləriniz necədir, çünki bir oğlunuz da var?

- Çoxdan evlənib, amma oğlumuza görə bir-birimizə hörmətlə yanaşırıq. Məni sevən adam kaprizlərimə dözməlidir. Bu adamın günü-güzarı olmamalıdır. Həmişə mənim yanımda olmalıdır. Hara getdi, harada oturdu, kimlərlə danışdı, mən bilməliyəm.

- Daha deyin kişinin gününü göy əskiyə bükəcəkiniz də...

- Elə ona görə də təkəm də, yanımda heç kim yoxdur. Bəlkə də o adam hardadırsa, yaşayır, nə vaxtsa qarşılaşacağıq.

- Evlilik mütləqdir, yoxsa, sizin üçün rəsmi nikahın önəmi yoxdur?

- Qadın ailə qurmalıdır. Mən yarı orda, yarı mənim yanımda olan kişini qəbul etmirəm. Kişinin həyatında tək qadın olmalıyam, ikinci olmaram. Niyə axı mən kiminsə həyatında ikinci olmalıyam? Sevgini bölüşməyi sevmirəm. Bəlkə elə buna görə də təkəm. İnanın ki, öyrəşmişəm belə həyata, bütün sevgimi oğluma, anama və ailəmə həsr etmişəm.

- Amma qadın seviləndə xoşbəxt olur...

- Məni xoşbəxt eləyə bilən biri qarşıma çıxsa niyə də yox deməliyəm.

- Bəs o kişinin xarici görkəmi sizin üçün önəmlidir? Yoxsa elə meymundan bir balaca fərqlənsə, yetər?

- Çox surətpərəstəm, amma elə bir kişi ola bilər ki, qəşəng olmasa da, məni nəyləsə cəlb edə bilər. Boy-buxun, yarışıq, əslində, boş şeylərdir. Çelentano yaraşıqlı deyil, eybəcər kişidir, amma bütün qadınlar cavanlığında ondan ötrü ölürdü. Ola bilər kişi eybəcər olsun, amma mən ondan elektrik almalıyam. Amma yox e, mütləq yaraşıqlı olmalıdır.

Cəvahir Səlimqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.