Mədəniyyət

Görkəmli alim Arif Paşayev haqqında biblioqrafiya çap edilib - FOTO

26 Aprel 2011 10:15
Baxış: 14 659
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən 1964-cü ildən bəri "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyası ilə hazırlanıb çap edilən universal xarakterli, geniş əhatəli retrospektiv şəxsi biblioqrafik vəsaitlər ölkəmizin biblioqrafik informasiya ehtiyatlarının çox mühüm tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Müxtəlif elm sahələrində çalışan görkəmli alimlərin həyat və fəaliyyətinə həsr edilmiş səciyyəvi tərtib metodikasına malik çoxsaylı şəxsi göstəricilər həm zəngin biblioqrafik vəsaitlər sırasında özünəməxsus yer tutur, həm də cəmiyyətin biblioqrafik informasiya tələbatının ödənilməsində mühüm rol oynayır.

Bu yaxınlarda nəfis şəkildə, yüksək poliqrafik icrada işıq üzü görmüş biblioqrafiya Dövlət mükafatı laureatı, AMEA-nın və bir sıra beynəlxalq akademiyaların akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Paşayevin həyat və fəaliyyətinə həsr edilib. Biblioqrafik gostəricinin tərtibçi-müəllifləri MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və texnika elmləri üzrə fəlsəfə doktoru Ənvər Həzərxanov, redaktorları MEK-in mütəxəssisləri Firəngiz Hüseynova və İsmət Səfərovdur.

"Arif Mir Cəlal oğlu Paşayev: biblioqrafiya" göstəricisinin üstün cəhətlərindən biri materialların 3 dildə - Azərbaycan, rus və ingilis dillərində verilməsidir. Bu da qloballaşan dünyada Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq aləmin qabaqcıl ölkələrində yayılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bəri başdan qeyd edək ki, Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olan Arif Paşayevin həyat və yaradıcılığı haqqında aydın təsəvvür yaratmağa kömək edən bu biblioqrafik əsər sahə mütəxəssisləri üçün əvəzsiz informasiya mənbəyidir.

Biblioqrafiyada akademikin 1970-2009-cu illərdə Azərbaycan, rus, ingilis və digər dillərdə çap edilmiş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri, ixtira patentləri, bütövlükdə 533 ədəbiyyat öz əksini tapmışdır. Göstərici "Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri", "Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları" (müəllifi akademik Mahmud Kərimovdur), "Arif Mir Cəlal oğlu Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında qısa oçerk" (oçerkin müəllifi akademik Arif Mehdiyevdir), "Elmi əsərlərin biblioqrafiyası", "İxtiralar və müəlliflik şəhadətnamələri", "Patentlər", "Aspirant və dissertantlara elmi rəhbərlik", "Həyatı və yaradıcılığı haqqında" bölmələrindən, eləcə də "Veblioqrafiya", "Əsərlərin əlifba göstəricisi", "Müştərək müəlliflərin əlifba göstəricisi", "Haqqında yazan müəlliflərin əlifba göstəricisi" adlı köməkçi aparatdan ibarətdir.

"Həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri" bölməsində akademik Arif Paşayev haqqında geniş informasiya verilib.

Biblioqrafik göstəricinin əvvəlində verilmiş 2 mühüm məqalə də diqqəti cəlb edir. Onlardan biri Azərbaycan MEA-nın prezidenti akademik Mahmud Kərimovun "Alim ömrünün elmi təfəkkürə köklənmiş kodları" məqaləsi, digəri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri akademik Arif Mehdiyevin qısa oçerkidir.

Biblioqrafiyadan aydın olur ki, 1934-cü ildə görkəmli yazıçı-pedaqoq Mir Cəlalın ailəsində doğulub boya-başa çatan Arif Paşayev 1941-1951-ci illərdə Bakı şəhərindəki 164 saylı orta məktəbdə təhsil alıb. O, orta məktəbi bitirən kimi Moskva Elektrotexnika Rabitə İnstitutuna daxil olmuş, sonra təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda davam etdirib. 1957-ci ildə ali təhsilini radiofizika ixtisası üzrə bitirərək Bakı Dövlət Universitetində laborant kimi əmək fəaliyyətinə başlayıb, 1959-cu ildən Azərbaycan MEA-nın Fizika İnstitutunun astrofizika bölməsinə keçib.

Arif Paşayev 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant olub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Arif Paşayev 1978-ci ildə "Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

1971-1996-cı illərdə Azərbaycan MEA-nın Fizika İnstitutunda Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları laboratoriyasına rəhbərlik etmiş, yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını hazırlayıb, bu sahədə yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə probleminin həllinə böyük əmək sərf edib.

Elmi axtarışlarının əsas istiqaməti yarımkeçiricilər fizikası və texnikası olan Arif Paşayev ilk dəfə yarımkeçirici materialların elektrofiziki parametrlərinin kontaktsız ölçülməsi üsullarının elmi əsaslarını işləmiş və bu üsulları reallaşdıran elmi cihazlar yaradıb.

Akademik Arif Paşayev 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodik işlər yüksək səviyyədə təşkil edilmiş, yeni kafedra və ixtisaslar açılıb, burada ilk dəfə Azərbaycan dilində təhsilin aparılmasına başlanılıb.

Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyasının elmi fəaliyyəti buradakı dozimetrlərin, pilotsuz uçan aparatların, minaların axtarılması və zərərsizləşdirilməsi üzrə radioidarəolunan robotların, radiotexniki təminat obyektlərinin texniki vəziyyətinə avtomatlaşdırılmış nəzərət sistemlərinin yaradılmasına və s. yönəldilib.

Bütün bu uğurların nəticəsi kimi Milli Aviasiya Akademiyası Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülüb və Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilib.
Dünyada ilk dəfə akademik Arif Paşayevin rəhbərliyi ilə işlənib hazırlanmış "Təyyarə salonlarının dezinfeksiyası üçün ozonlaşdırma üsulu və qurğusu"na İsveçrədə PCT Beynəlxalq Patent Təşkilatının patenti verilib.

Akademik Arif Paşayevin rəhbərliyi ilə Milli Aviasiya Akademiyası, AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Zeytun" Elm-İstehsalat Müəssisəsi birgə yüksək elektrik izolyasiyalı, korroziyaya və rütubətə davamlı, səs dalğalarının yayılması üçün şəffaf kipləndirici olan yeni poliefiruretan əsaslı lak-kompaundun, aviasiya təyinatlı aşağı temperaturlu sürtkü materialları və hidravlik mayelərin, həlledicilərin istehsalı texnologiyasını işləmişdir. Alınan nailiyyətlərin orijinallığı, ilkinliyi Azərbaycanın və Rusiya Federasiyasının patentləri ilə təsdiqlənib.

Akademik Arif Paşayevin rəhbərliyi ilə dünyada ilk dəfə həm yaşıl, həm də yetişmiş zeytunun ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən səmərəli elektrik üsulu ilə emalı və konservləşdirilməsi texnologiyası işlənmiş, bir neçə müasir qurğu yaradılmış və istehsalat bazasının layihəsi hazırlanıb. Bu üsulla işlənmiş qurğulara Azərbaycan Respublikası və Rusiya Federasiyasının patentləri alınıb.

Milli Avrasiya Akademiyasında elmi işlər və mütəxəssis hazırlığının müasir səviyyəsi nəinki "AZAL" üçün yüksək ixtisaslı, səriştəli kadrların hazırlanmasına, hətta beynəlxalq aviasiya təşkilatlarının da səriştəli mütəxəssislərlə təmin edilməsinə və aviasiyada istifadə olunan nadir cihazların yaradılmasına imkan verir.

Akademik Arif Paşayev ölkəmizdə aviasiya təhsilinin müasir səviyyədə inkişafına gərgin əmək sərf edən, gənc nəslin təlimini və yüksək vətənpərvərlik ruhunda tərbiyəsini həmişə diqqətdə saxlayan qayğıkeş rəhbər, təəssübkeş məsləhətçidir.

Biblioqrafiyada da qeyd edildiyi kimi, son vaxtlar Azərbaycanda kosmik sənayenin inkişafına xüsusi diqqət yetirilir. Ölkə rəhbəri bununla əlaqədar 4 noyabr 2008-ci ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peykinin orbitə çıxarılması haqqında", 17 avqust 2009-cu ildə "Kosmik sənayenin yaradılması və inkişafı Dövlət Proqramının təsdiqlənməsi haqqında" sərəncamlar imzalayıb. Dövlət Proqramının əsas hissələrindən biri telekommunikasiya peykinin orbitə çıxarılmasıdır. Bu məqsədlə də dövlət başçısının müvafiq sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bununla bağlı təşkil edilən Kosmik Məsələlər üzrə Şuranın məqsədi sərəncamdan irəli gələn tapşırıqların həlli, kosmik sənayenin yaradılması, beynəlxalq təcrübədən uğurla istifadə olunması, kosmik fəaliyyət sahəsində qabaqcıl təcrübənin və elmi-texniki nailiyyətlərin öyrənilməsi, bu sahədə səmərəli təkliflərin hazırlanması və dövlət siyasətinin reallaşdırılmasıdır. Azərbaycanın Kosmik Məsələlər üzrə Şurasının ilk sədri vəzifəsinə isə akademik Arif Paşayev seçilmişdir. Bu da təsadüfi deyil.

Biblioqrafik göstəricinin əsas bölmələrindən biri olan "Elmi əsərlərin biblioqrafiyası"nda akademik Arif Paşayevin 1970-2009-cu illərdə Azərbaycan, rus və ingilis dillərində çapdan çıxmış 390 adda kitab, monoqrafiya, dərslik, dərs vəsaiti və elmi məqalələri xronoloji qaydada öz əksini tapıb. Bölmədən aydın olur ki, alimin İ.Baxşıyevlə birlikdə yazdığı ilk kitabı 1970-ci ildə "Maarif" nəşriyyatında buraxılıb 70 səhifədən ibarət "Məktəbli - radio həvəskarı" adlanır. Bu kitabçada elementar şəkildə radiotexnikanın və radioelektronikanın əsasları izah olunub.

Bu bölmə oxucuya akademikin elmi yaradıcılığının sadədən mürəkkəbə, ilk məqaləsindən dərin elmi tədqiqatlara qədər keçdiyi inkişaf yolunu pillə-pillə, mərhələ-mərhələ izləmək imkanı verir.
Biblioqrafik göstəricinin "İxtiralar və müəlliflik şəhadətnamələri" bölməsində görkəmli alimin 24 ixtira və müəlliflik şəhadətnaməsi, "Patentlər" bölməsində isə 37 patenti barədə biblioqrafik yazılar toplanıb. Burada alimin texniki yaradıcılığında baş verən yeniliklər, nailiyyətlər, kəşflər, ixtira etdiyi cihazlar və qurğular barədə yığcam məlumat verilir.

Akademik Arif Paşayevin elmi-pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı ayrıca yer tutur. Biblioqrafik göstəricinin "Aspirant və dissertantlara elmi rəhbərlik" bölməsindən göründüyü kimi, alim gərgin elmi-tədqiqat işi aparmaqla yanaşı, yüksək ixtisaslı kadr hazırlığı sahəsində də mühüm uğurlara nail olmuşdur. Onun elmi rəhbərliyi ilə 10-dan çox aspirant, dissertant və doktorant namizədlik və doktorluq dissertasiyası müdafiə edib. Akademik Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Latviya və Estoniyada müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.

Akademik Arif Paşayevin Azərbaycan və dünya elmini zənginləşdirən araşdırmaları həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda layiqincə dəyərləndirilib. Hələ 1991-ci ildə avtonom hidroakustika informasiya sisteminin yaradılması sahəsində kompleks işlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ ixtiraçısı" medalına, akademik Y.Məmmədəliyev adına medala layiq görülüb.

Sonralar akademik Arif Paşayevin mükafatları sırasına İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin "Qızıl medal"ı, "VEKTOR" Beynəlxalq Elm Mərkəzinin "XXI əsrin tanınmış alimi" beynəlxalq diplomu, Beynəlxalq Elmlər Akademiyasının "Qızıl döş nişanı", Beynəlxalq Mühəndislik Akademiyasının "Qızıl medal"ı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Qızıl medal"ı, "Dədə Qorqud" Milli Fondunun "Dədə Qorqud" mükafatı, "Azərbaycan dünyası" jurnalının "Vətən övladı" qızıl medalı, Təhsil Nazirliyinin "Azərbaycanın qabaqcıl təhsil işçisi" diplomu və medalı, Rusiya Elmlər Akademiyasının P.L.Kapitsa adına qızıl medalı, Ukraynanın "Şərəf və ləyaqət" qızıl ulduzu, Ukrayna Milli Aviasiya Universitetinin "Böyük Qələbə" ordeni, Dövlətlərarası Aviasiya Komtəsinin "Qızıl medal"ı əlavə olunub.

Azərbaycanda elmin və təhsilin inkişafında yüksək xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə ölkə Prezidentinin fərmanı ilə "Şöhrət" ordeni, 2009-cu ildə "Şərəf" ordeni ilə təltif edilib.

Bütün bunlar barədə biblioqrafik göstəricidə əhatəli məlumat verilib.

Akademik Arif Paşayev Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, Azərbaycan MEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində birləşmiş ixtisaslaşdırılmış şuranın həmsədridir.

Azərbaycan MEA-nın həqiqi üzvü olan Arif Paşayev eyni zamanda Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiyalaşdırma akademiyalarının akademiki, bir sıra universitetlərin fəxri doktoru və professorudur.

Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə göstəriciyə "Veblioqrafiya", "Əsərlərin əlifba göstəricisi", "Müştərək müəlliflərin əlifba göstəricisi", "Haqqında yazan müəlliflərin əlifba göstəricisi" kimi köməkçi aparat tərtib edilib. Bu köməkçi aparatı tərtib etməkdə əsas məqsəd daxildə xronoloji ardıcıllıqla düzülmüş materialların əlifba qaydası ilə tez tapılmasına yardım etməkdən, alimin müxtəlif dillərdə nəşr olunmuş əsərlərini daha tez müəyyənləşdirməkdən, haqqında yazmış müəlliflər barədə informasiya almaqdan ibarətdir.

Göründüyü kimi, akademik Arif Mir Cəlal oğlu Paşayevin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında mükəmməl məlumat verən bu biblioqrafik vəsait müvafiq sahənin biblioqrafik informasiya təminatında mühüm rol oynayacaq. Ümumiyyətlə, yeni göstərici Azərbaycanın zəngin biblioqrafik sərvəti içərisində mühüm yer tutmaqla yanaşı, texniki elmlərin biblioqrafik informasiya təminatında xüsusi əhəmiyyətə malik olan vəsaitlərdən biri kimi olduqca dəyərlidir.

"Azərbaycan" qəzeti



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.