Mədəniyyət

Gülnar Salmanova ilə son söhbət - FOTOSESSİYA

28 Oktyabr 2015 00:05
5 Şərh     Baxış: 7 969
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Feliçita"nın qəhrəmanları illər sonra xatirələrini bölüşdülər. Bir neçə gün sonra isə Gülnar xanım dünyasını dəyişdi...

Azərbaycan televiziyasında illər keçsə belə, yaddaşlardan silinməyən tamaşalar vardır. Bu tamaşalardan biri də o zamanlar "Feliçita" adı ilə tarixə düşən və məşhurlaşan ekran işi idi. Uşaqdan-böyüyə "Feliçita" adı hamının dilinə düşüb, əzbərlənmişdi. Tamaşanın sevilməsinin bir səbəbi də həyatda baş verən reallıqları göstərməsi idi. Tamaşada, əsasən, qısa zaman ərzində məşhurlaşıb, harınlayan müğənnilərin həyatı və onların insanlara aşağıdan yuxarı baxması öz əksini tapırdı. Elə bugünkü kimi... Məgər bu gün şou-biznesdə feliçitalar azdır ki? Ekran işinin qəhrəmanları - xalq artisti Ağaxan Salmanlı və əməkdar artist Gülnar Salmanova tamaşa haqqında xatirələrini Milli.Az-la bölüşüblər. 

Ağaxan Salmanlı: ""Feliçita səhnələrinin maraqlı və önəmli tarixi var. Onu deyim ki, biz bu tamaşanı başladıq amma xalq davam elətdirdi. Bu səhnə "Səhər görüşləri"nin adi, növbəti bazar günləri gedən səhər proqramlarından biri idi, əlbəttə ki, ilki. Sonralar xalqın xoşuna gəldiyindən məktublar, zənglər, müraciətlər əsasında həmin mövzuda ardıcıllıq yarandı. Onu da qeyd edim ki, bu, həm də yüksək vəzifəli şəxslərin istəyi idi. Xoş gələn mövzu aktuallığı idi və şübhəsiz, aktyor seçimi ilə bərabər maraqlı ifa tərzi. Mövzu "ara" müğənnilərin toy biznesinə, reklamına, səviyyəsiz, savadsız, istedadsız musiqiçilərin özünü reklam edib, pullar qazanmasına həsr olunmuşdu. Ssenarinin ideya müəllifi AzTV-nn rejissoru Hafiz Fətullayev, yazarı bir çox komediyaların müəllifi, çağdaş dövrümüzün komedioqrafı Əhməd Orucəli idi. Aktyorlar isə Ofeliya Məmmədzadə, Gülnar Salmanova və mən idim. Yəni ki, biz çəkilişlərdə görüşürdük, deyim ki, möhkəm dostluq əlaqələrimiz də yox idi. Sadəcə, rejissor tərəfindən müxtəlif teatrlardan seçilmiş tərəf müqabilləri idik. Bir-birimizə hörmətlə yanaşırdıq, çalışırdıq ki, oynanılan mövzunu dolğun və maraqlı ifa edək. Mövzu aktuallığı barədə bir hadisəni xatırlatmaq istəyirəm. Növbəti səhər görüşlərində kiçik bir səhnə oynadıq, axırda mənə gətirib quzu verirdilər.

Guya ki, səhnədə tamaşaçı rəğbətidir. Əslində, qohumuna əvvəlcədən tapşırıq verilmişdi. Bir-iki gün sonra təsadüfən məşhur müğənni Səxavət Məmmədovla AzTV-də görüşdük. Salamlaşandan sonra mənə dedi "Sənə onu kim demişdi?" Mən "nəyi" deyə soruşanda, dedi ki, "yaxşı özünü bilməməzliyə vurma". O, mənə dedi ki, "3 gün bundan əvvəl Filarmoniyada çıxışım oldu, dostlarım, ellilərim konsertdən sonra mənə bir çəpiş bağışladılar. Sənə də efirdə quzu bağışladılar. Düzünü de bunu sənə kim deyib?" Mən and-aman etdim ki, bu, oxşar hadisədir, heç kim deməyib. Lakin onu inandıra bilmədim. Bu, onu göstərir ki, göstərilən hadisələr həyata, reallığa çox yaxın olduğu üçün xalqın böyük rəğbətini qazanmışdı və dönə-dönə o mövzuda səhnələr görmək istədiklərini bəyan edirdilər. Və beləliklə, adi bir səhər görüşlərində oynanılan səhnə indiki dillə desək, dönüb bir serial oldu. Hər hansı bir mövzunu seriala çevirmək mümkünlüyünü ortaya qoydu. Misal üçün, "Sonqulunun Cubuşla sərgüzəştləri" sonradan belə yarandı. "Feliçita" tamaşalarına mahnı mətnlərini şair Dəmir Gədəbəyli yazırdı. Feliçita tamaşaları səhnələr kimi yadda qalıb. Onun da səbəbi vardır. Ümumiyyətlə, səhər proqramlarında müxtəlif mövzularda səhnələr oynanılırdı. Lakin feliçita olan verilişlər başdan-başa bu mövzuya həsr olunurdu və üç aktyorun ifasında göstərilirdi. Mənim üçün nə qədər xoş olur ki, hələ də o səhnələri xatırlayanlar var. Ofeliya xanım rəhmətə gedib, torpağı nurla dolsun. Gülnar xanımın eşitdim ki, vəziyyəti pisləşib, ona da şəfa diləyirəm. Deyilənə görə son vaxtlar yaxşılaşıb. Biz dost olmamışıq, kənardan dəvət olunan tərəf müqabilləriyik. Bu isə gedib-gəlmək söhbətinə aparmır. İstəsəm də, gedə bilmərəm... Ümumiyyətlə, bir vaxtlar qıvraq gördüyüm insanları əyilmiş görəndə özümü hədsiz dərəcədə pis hiss edirəm və bu da həmin insana dərin psixoloji təsir edir. Ona görə də Gülnarın yanına getməyə çəkinirəm".

Gülnar Salmanova: "Bu tamaşa o vaxtı cəmi 12 seriya getdi. Tamaşanın rejissoru Hafiz Fətullayev Musiqili Komediya Teatrından məni və Ofeliya Məmmədzadəni, Gənc Tamaşaçılar Teatrından isə Ağaxan Salmanlını dəvət etmişdi. Çəkildik, çox da uğurlu alındı. Bu tamaşa səhər görüşlərində gedirdi, səhər efirə çıxan kimi axşam şəhərdə hamı məni barmaqla göstərirdi. "Feliçita, feliçita" deyib arxamca düşürdülər (gülür). Bəzən müğənnilər evində görmədiyi yeməyi toyda görəndə deyirdi ki, yox bunu mən bəyənmirəm, ağız büzürdülər. Biz bu cür müğənnilərin iç üzünü açıb tamaşaçılara göstərirdik. Tamaşada mən Gülövşə, Ofeliya xanım Gülyanaq, Ağaxan isə Ağəli rolunda idi. Hamı elə bilirdi ki, biz Ağaxanla ər-arvadıq. Ağaxan bir dəfə rayona gedəndə məni soruşub deyiblər ki, yoldaşın niyə gəlməyib? O da deyib ki, Gülnar mənim sənət yoldaşımdır, həyat yoldaşım yox. Tamaşada elə sözlər var idi ki, biz onları özümüzdən əlavə etmişdik. Məsələn, Ağaxan mənə deyirdi ki, ürəklə oyna, öz havamızdır". Mən isə cavabında deyirdim ki, "heç sümüyümə düşmür, şabaşsız oynaya bilmirəm"(gülür). Bu tamaşadan sonra mənim adım Feliçita qaldı. Hara gedirdimsə, mənə deyirdilər ki, Feliçita, xoş gəlmisən. İndi bu cür tamaşalar yoxdur. Ağaxan gözəl insandır, çox gözəl aktyordur. Hal-hazırda biz görüşə bilmirik, çünki onun öz işləri var. Amma telefonla zəngləşib, danışırıq. Zəng edərkən ilk sözü bu olur ki, "Feliçita, nətərsən?"(gülür). Bu tamaşa o qədər məşhur idi ki, məktəblərdə tənəffüs vaxtı uşaqlar qapını bağlayıb "Feliçita" mahnısını oxuyub-oynayırdılar. Tamaşa dildən-dilə düşmüşdü. İndi artıq nə Feliçita var, nədə ki o şan-şöhrət. Mən heç vaxt keçmişimlə yaşamamışam. Amma indi buna məcburam, çünki nə etmişəmsə, o vaxtı etmişəm. Xəstəliyim məni sənətimdən, tamaşaçılarımdan, ən əsası da səhnədən uzaqlaşdırıb. Artıq 7 ildir ki, mən teatr səhnəsinə çıxa bilmirəm. Siz mənə bu gün nostalji anlar yaşatdınız. Ağaxanı görsəniz, mənim də salamlarımı çatdırın".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.