Mədəniyyət

"Bəyin oğurlanması", yaxud hər üç rejissorun seçdiyi Tamara Şakirova - FOTOSESSİYA

3 Mart 2015 00:20
2 Şərh     Baxış: 10 541

Əməkdar artist Füzuli Hüseynov filmin kadrarxası məqamlarını Milli.Az-a danışdı.
 

1985-ci ildə ekranlara "Bəyin oğurlanması" adlı rəngli kinokomediya çıxdı. Filmin ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, quruluşçu operator Ələsgər Ələkbərov və Rəşid Nağıyev, quruluşçu rəssam Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkar Emin Sabitoğlu, səs operatoru Əsəd Əsədov, geyim rəssamı Tatyana Əmirova, qrim rəssamı Elbrus Vahidov, mahnıların mətni İsa İsmayılzadə, mahnıları ifa edən Xədicə Abbasova, Cəfər Behbudov və Firəngiz Rəhimbəyova, baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədov, bədii rəhbər Eldar Quliyev, tryukların quruluşu Nizami Musayevindi. Çəkilişlərdə Azərbaycan Dövlət Rəqs Ansamblı və "Könül" rəqs ansamblının üzvləri iştirak ediblər. Rollarda Həsənağa Turabov (Əsəd), Səyavuş Aslan (Mustafa), Hacı İsmayılov (Tağı), Nəsibə Zeynalova (Nəsibə xala), Yaşar Nuri (İsrafil), Natəvan Məmmədova (Yasəmən), Tamara Şakirova (Nigar), Şamil Süleymanov (Həsən), Füzuli Hüseynov (Elxan), Firəngiz Mütəllimova (Telli), Vidadi Həsənov (Musa), Səməndər Rzayev (Hidayət), Nəcibə Behbudova (Bibixanım), Rəsmi Cəbrayılov (Əhməd), Mirzə Babayev (Amanoğlu), Gümrah Rəhimov (Brodyaqa), Arif Quliyev (Miriş), Ələsgər Məmmədoğlu (Pirotexnik Ələsgər), Lətifə Əliyeva (Həsənin anası), Şükufə Yusupova (Jurnalist), Eldəniz Zeynalov (Komissiya sədri), Muxtar Maniyev (Qonaq) və başqa gözəl aktyorlar çəkiliblər. Həsən obrazını Pərviz Bağırov, Əhməd obrazını Rafiq Əzimov, Bibixanımı Mirvari Novruzova, Elxanı Rasim Balayev, Həsənin anasını Əminə Yusifqızı, Rəqqasəni Nəcibə Hüseynova, Sinoptiki Nuriyyə Əhmədova səsləndiriblər. Filmdəki yağış, Pirotexnik Ələsgərin və operator Tağının yıxılması, Qonağın Mustafaya sillə vurması aktyorların özlərinin də gözlənilməz təəssüratına səbəb olan gerçək təzahürlərdi.
 

Sərxan Sərxan üçün yazılmış ssenari tanınmaz dərəcədə necə dəyişdi?
 

"Görəsən, monqol turistləri monqol dublyonkalarını burdan niyə alırlar?"

"Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib"

"Sənə əjdaha lazımdı?"

"Əşşi, nə tafootu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da"

"Səkkiz min pul alıblar, oynamaqlarına bax"

"- Ay yoldaş, bir az sakit olar?"
- Olar, niyə olmur ki?"
"Pis oynamırlar, bir az emosiya azdı"

"Nananay nay nay nananay nay - evdə uşaqlar da deyir ki, atamız işə gedib"
"- Ay kişi, istəmirsən səni - ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?"
- Yox...
- Düz deyirsən, səni elə görməsələr yaxşıdır"
"Nə var e, Ələsgər, Ələsgər..."

"Sən söhbətini elə"
 

Şəxsi müşahidələrimdən bilirəm, bu ifadələr ekranda səslənən gündən bəri məktəblilərdən, tələbələrdən tutmuş bir-birinə ərki çatan hər kəsin həvəslə yararlandıqları zarafat nümunələrinə çevriliblər. Bu da təsadüfi deyil - quruluşçu rejissorları kinonun əsl peşəkarları olmaqdan əlavə həm də hər biri özünəxas tərzdə güclü yumor hissinə malik Ceyhun Mirzəyevlə Vaqif Mustafayevin ilk və təəssüf ki, yeganə müştərək işi, hər ikisinin bədii kino rejissorluğunda debütü olan "Bəyin oğurlanması" tammetrajlı bədii filmində, üstəlik, çox gözəl aktyor ansamblı toplanmışdı. Və ən əsası istənilən keyfiyyətli filmin zəruri özəyi olan ustalıqla qələmə alınmış ssenarinin varlığı gözlənilən və ya gözlənilməz olmağından asılı olmayaraq onun xoşbəxt ekran həyatını təmin etmişdi. Doğrudu, proses əsnasında bu ssenari xeyli dəyişildi, amma bu və digər mübhəm məqamlar barədə bir qədər sonra.
 

Həyatın kinosu, yaxud kinonun həyatı. "Bəyin oğurlanması" filmini lakonik şəkildə belə səciyyələndirmək olar. "Azərbaycanın kino incilərindən" layihəmizdə bu dəfəki həmsöhbətimiz filmdə çəkilən filmin bəy obrazı olan Elxan rolunun ifaçısı Füzuli Hüseynovdu.
 

Əməkdar artist, Prezident mükafatçısı Hüseynov Füzuli İsmət oğlu 1962-ci il sentyabrın 9-da dünyaya gəlib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrının aktyor ştatına qəbul edilib. O dövrdə hələ gənc olan aktyor V.Səmədoğlunun "Yayda qartopu oyunu"nda Adil rolu ilə uğurlu debüt edərək teatrın səhnəsində qoyulan Azərbaycan və dünya klassiklərinin və müasir ədiblərin müxtəlif janrlı əsərlərində fərqli personajları özgür tərzdə çatdırmağı bacarmaqla sanballı rollar silsiləsini adı ilə bağlayıb. Teatrdakı fəaliyyəti kinorejissorların da diqqətini ona yönəlib və bu diqqətin sayəsində "Azərbaycanfilm"in istehsalı olan "Bəyin oğurlanması, "Təhminə", "Ölülər", "Cavid ömrü", "Qisas almadan ölmə. Keçmişdən məktublar" və başqa filmlərdə çəkilib.
 

F.Hüseynov, həmçinin Azərbaycan Televiziyasının istehsalı olan "Yad qızı", "Kamança", "Ortabab amerikalı qadın", "Dədə Qorqud", "Kimdir haqlı?" və başqa teletamaşalarda da yaddaqalan obrazlar yaradıb. Sonralar səhhəti ilə bağlı sənətdən ayrı düşmək məcburiyyətində qalmış F.Hüseynov 2004-cü ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və maraqlı repertuarını zənginləşdirməkdədir.
 

F.Hüseynov:
 

- 80-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunandan bəri "Azərbaycanfilm" kinostudiyasında çəkilən filmlərin 90 faizinin baş rollarına sınaq çəkilişlərinə dəvət olunmuşam. Ta 84-cü ildə əsgərliyə gedənə qədər və sonrakı illərdə "Park", "İşgüzar səfər", "Ötən ilin son gecəsi", "Gümüşgöl əfsanəsi", "Ölülər" və başqa filmlərin əsas personajlarının fotosınaq çəkilişlərində iştirak etsəm də, nədənsə heç birinə təsdiq olunmurdum. "Ölülər"də Tofiq Tağızadə məni Kefli İsgəndər roluna çəkmək istəyirdi, amma necə oldusa, o rola Türkiyədən dəvət olunmuş aktyor, həmin vaxt 60 yaşına çatmış Yılmaz Duru təsdiq olundu. O vaxt fikirləşirdim ki, yəqin təcrübəsiz olduğuma görə rejissorlar özlərini əziyyətə salmaq istəmirlər. Amma sonra başa düşdüm ki, bu sınaq çəkilişləri tam formal xarakter daşıyırmış. Əslində isə baş rollara bir qayda olaraq bəlirli bir zümrəninmi deyim, dairəninmi deyim, nümayəndələrini çəkirmişlər. Amma yəqin ki, mənim nəinki kinoda, teatrda da təcrübəsiz olmağımın təsiri də yox deyildi.

Həmin dövrün çox qəribə ab-havası var idi. Kinostudiyanın direktoru çıxıb-getmişdi, yerinə Eyvaz Borçalı gəlmişdi, milli qeyrəti olan insanlardan biridi. Bu filmin ssenarisi Sərxan Sərxan üçün yazılmışdı, gitara ifasında onun üçün xüsusi mahnılar da hazırlanmışdı. Rejissoru Tofiq İsmayılov olmaqla musiqili bir film olmalıydı. Hətta artıq sınaq çəkilişləri də başlamışdı. Məsələnin təfərrüatlarından xəbərim yoxdu, amma iş elə gətirdi ki, Eyvaz Borçalı direktor təyin olunandan sonra bu filmi çəkmək Ceyhun Mirzəyevlə Vaqif Mustafayevə həvalə olundu. Əvvəlki ssenari tamamilə fərqli idi. Onu da Mövlud Süleymanlı yazmışdı. Eşitdiyimə görə, mənim oynadığım obraz əsas qəhrəman olacaqmış. Ceyhunla Vaqif ssenarini xeyli dəyişdilər.
 

Üzüm yığımına mane olan kinoçıxaranların biri milisə niyə düşüb?

- Tofiq İsmayılovun seçdiyi aktyorlar arasında siz var idiniz?

- Yox. Mənim bildiyimə görə onun seçdiyi aktyorlardan yalnız Tamara Şakirova bu filmdə çəkildi. O ssenari fərqli olduğu üçün Tamara Şakirovanın da rolu ayrı rol olacaqmış. Nə isə, bir gün mənə dedilər ki, Ceyhun Mirzəyev səninlə kinostudiyada görüşmək istəyir. Həmin vaxt mən təhsilimi başa vurub, əsgəri xidmətə çağırılmağımı gözləyirdim. Əmin idim ki, kinostudiyaya bu gedişim də heç nə ilə nəticələnməyəcək. Sadəcə, vaxtım boş keçməsin deyə, getdim. Və Ceyhun Mirzəyevin necə real, bizə necə yaxın insan, sənətkar olduğunu gördüm. Çox mehriban görüşdük. Dedi ki, Füzuli, mən səni çəkəcəm, amma sınaq fotosessiyası olmalıdı. Şəkillərimi çəkəndən sonra gülüb dedim ki, Ceyhun müəllim, onsuz da, təsdiq olunmayacam. Cavab verdi ki, sabah sənə deyərəm. Ertəsi gün görüşəndə fotolarımı göstərib dedi ki, bir-ikisini cırmışam, yaxşı alınmamışdı, amma bax bu fotolara əsasən, deyirəm ki, səni çəkəcəm. Dedim, ola bilməz. Dedi, yox, mütləq çəkəcəm. Mənim kino təcrübəmdə sözünün üstündə dayanan yeganə rejissor o oldu. Ssenarini verdi ki, oxuyum. Sınaq çəkilişləri olmadı, çünki filmin təhvili vaxtına lap az qalmışdı. Çəkilişlərin əsas hissəsi Şamaxının Məlhəm kəndində aparılırdı, bəzi epizodlar isə kinostudiyanın həyətində. Məsələn, Elxanla Nigarın söhbət elədikləri yerdə Hacı İsmayılovun oynadığı operatorun onları lentə alması epizodu kinostudiyanın həyətində çəkilib. Mən Şamaxıya çəkiliş qrupunun üzvlərindən bir az sonra getdim. Biz Şamaxının mehmanxasında qaldığımız üçün bütün prosesi izləyə bilirdik.

O dövrdə Azərbaycanın tanınan aktyorlarının, demək olar ki, hamısı bu filmə dəvət olunmuşdu. Nə o aktyorlar nədən ötrü dəvət olunduqlarını bilirdilər, nə də onları dəvət edənlər. Çünki ssenari tamamilə dağıdılıb yenidən yazılmışdı, daha doğrusu, səhər çəkiləcək epizodun ssenarisi axşam yazılırdı. Və heç kim bilmirdi ki, ertəsi gün nə çəkiləcək. Axırda belə bir film alındı. Biz Şamaxıda olduğumuz günlər üzüm yığımı vaxtına təsadüf etmişdi. Sentyabr-oktyabr ayları idi. Səhər saat 6-da bütün Şamaxının üzərində səsgücləndiricilər vasitəsilə camaatı yuxudan oyadıb üzüm yığımına səsləyirdilər. Biz də həmin vaxt film çəkdiyimizə görə kütləvi epizodlarda çəkilmək üçün camaatın əksəriyyəti üzüm yığımına getmək əvəzinə çəkilişlərdə iştirak edirdi. Ona görə Şamaxının o vaxtkı birinci katibi şikayət eləmişdi, Eyvaz Borçalını Şamaxıya çağırmışdı, Eyvaz müəllim də bizi yığıb bir az danladı, dedi, çəkilişləri elə aparın ki, heç kimə mane olmayasınız. Camaatın da marağını başa düşmək olardı. Təsəvvür edin ki, mobil telefonun, internetin, kabel televiziyasının olmadığı bir dövrdə Bakıdan kəndə bütün tanınmış aktyorlarla birlikdə kino çəkilişi qrupu gəlsin, özü də belə bir şən filmin çəkilişlərini aparsın - təbii ki, hamı işini-gücünü atıb bizə tamaşa etməyə yığışırdı. Maraqlı dövr idi. Amma üzüm yığımı dövrünə düşməyimiz daha bir çətinlik törətmişdi - həyətdə kütləvi səhnə qarışıq bir epizodun çəkilişində xoşagəlməz hadisə baş vermişdi, "partkom" həyətə girərək camaatı dağıtmışdı, hətta nalayiq sözlər işlətmişdi, Arif Quliyev də belə davranışa görə özündən çıxaraq həmin "partkom"u vurmuşdu, buna görə hətta Arif Quliyevin hüquq-mühafizə orqanları ilə problemləri də yarandı, amma qısa zamanda hər şey yoluna qoyuldu.
 

Səməndər Rzayevin "Sənsiz" romansı

- Çəkildiyiniz ilk epizod hansı oldu?
 

- Yadımda deyil. Çünki filmə düşməyən epizodlar da var. Montajda çox şey dəyişildi. Mənim bir çox epizodlarım kəsildi. Bəziləri sırf texniki baxımdan yararsız alınmışdı, bəziləri rejissorların baxışları ilə üst-üstə düşmədiyinə görə filmə salınmadı. Məsələn, Elxanla Nigarın küçədə gedə-gedə söhbət elədikləri epizod çəkilmişdi, o, montaj edilib.

Mənim üçün bu filmdə iştirakın ən əhəmiyyətli tərəfi aktyorluq fəaliyyətinin başlanğıcında olan bir gənc olaraq Səməndər Rzayev kimi sənətkarla mehmanxanada bir otaqda qalmağım, birlikdə çörək yeməyim, Həsənağa Turabov, Nəsibə Zeynalova və başqa ustadlarla yaxın ünsiyyətdə olmağım idi.
 

- Tərəf-müqabillərinizlə işgüzar əlaqə necə yarandı? Yəqin ki, əsas tərəf-müqabiliniz olan Tamara Şakirovadan başlasaq, yaxşıdı. Tanışlığınızın ilk təəssüratı necə oldu?

- Çox maraqlı aktrisadı. Bu filmə qədər mən onu yalnız sovet vaxtı "Odlu yollarla" adlı çoxseriyalı özbək filmində görmüşdüm. Şamaxıya avtobusla Səməndər Rzayevlə birlikdə yollanmışdıq. Çox maraqlı yol yoldaşı idi. Onun qeyri-adi istedad sahibi olması təkcə aktyorluğuna aid deyildi. Gözəl musiqi duyumu və ifa qabiliyyəti var idi - istənilən musiqi növünü pianinoda gözəl çalır və həm də təkrarsız şəkildə oxuyurdu. Mən onun ifasında "Sənsiz" romansını dinləmişəm və qeyri-adi təəssürat qazanmışam. Bu təəssürat ondan əvvəlki və ondan sonrakı təəssüratları hələ də kölgədə qoyur. Avtobusda yol gedəndə xahiş edirdik bəstəkar və xalq mahnıları oxuyurdu. Rəhmətlik əhli-kef adam idi... Şamaxıya çatanda axşamüstü mənə dedilər ki, aşağıda düzəldilmiş kostyum sexinə düşüm ki, mənə libas seçsinlər. Sexin qabağında rejissor assistenti Tamarayla gəldi, məni ona təqdim edib rusca dedi ki, tanış olun, bu, sizin filmdəki tərəf-müqabilinizdi. O da çox rahat, sərbəstcəsinə mənə yaxınlaşıb qoluma girdi, maraqla mənə baxıb dedi: "Ой, какой молодой парень!.." ("Ah, necə də gənc oğlandır!..")
 

Firnini qarışdırmaq bir dəfəyə alınmayıb
 

- Görünür, həyatda da elə roldakı kimidi. Ümumiyyətlə, o filmdə elə bil heç kim rol oynamır, hamı özüdü.

- Tamamilə düz deyirsiniz. Çünki heç kim əvvəldən bilmirdi ki, nə oynayacaq, nə kimi bir obrazı ifa edəcək. Bu filmdə iştirak etmək mənim üçün o cür böyük sənətkarlarla eyni çəkiliş meydançasında işləmək cəhətdən çox əhəmiyyətli oldu, onları müşahidə etməklə daha bir məktəb keçdim.
 

- Məsələn, nələri müşahidə elədiniz?
 

- Məsələn, Həsənağa Turabovu, məmnuniyyətlə, müşahidə etdikcə kinoda reallığın nə qədər mühüm cəhət olduğunu dərk etdim. Kinoda olduğun kimi görünməlisən, heç nəyi şişirtməməlisən. Konkret epizodun hansı planda çəkilməyindən asılı olaraq aktyor bəzi nüanslara diqqət yetirməlidi. Beləliklə, kino ilə ilk təmasım bu filmlə başladı və o çəkilişlərdə çox şey öyrəndim.
 

- Çətinliklə, bir neçə dubla alınan epizod oldumu?

- Yadıma gəlir ki, Yaşar Nurinin firnini qarışdırmaq səhnəsi çox uzun çəkdi. Onu pavilyonda çəkirdilər, onunla da ancaq Vaqif Mustafayev özü işləyirdi. Səhv eləmirəmsə, azı yarım saat o firnini qarışdırmağın arzuolunan şəkildə alınmasına sərf olundu. Çəkilişlər nə qədər qəribə idisə, nəticə ondan da qəribə, gözlənilməz oldu. Vaqif Mustafayev mənim yanımda bir neçə dəfə deyib ki, o çəkilən epizodlardan film alınacağı, özü də indiyə qədər seviləcəyi heç ağlına gəlmirmiş.
 

- Filmdəki "Brodyaqa"nın "Avara" filminə 43 dəfə baxdığı kimi bu film də dəfələrlə baxılır.
 

- (gülərək) Elədi. Yeri gəlmişkən, "Brodyaqa"nı oynayan Gümrah Rəhimov özü də hind filmlərini çox xoşlayırdı.
 

- Filmi ilk dəfə görəndə təəssüratınız necə oldu?
 

- Film təhvil verilən vaxt mən əsgərlikdə idim. Ezamiyyətə buraxılıb Bakıya gələndə tələbə yoldaşlarımla görüşdüm, dedilər ki, "Azərbaycan" kinoteatrında "Bəyin oğurlanması" gedir. Elə əsgər paltarında apardılar məni kinoteatra, qapıda da dedilər ki, bu oğlan həmin filmdə çəkilib, indi əsgəri xidmətdədi... Biletsiz keçirdilər məni içəri. Mən heç vaxt öz işimdən razı qalmıram. Təbii ki, film baxımlıdı, yumor hissi güclüdü, baxdıqca ləzzət eləyir. Amma öz rollarımın heç birindən razı qalmıram, hesab edirəm ki, nəticədən on qat daha yaxşı canlandıra bilərdim, həmçinin bu fimdəki rolumu da.

Samirə Behbudqızı

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics