Ali məqsədlər və adi nəticələr...
İlk dəfə beynəlxalq səviyyədə keçirilən "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda beynəlxalq elmi-praktik teatr konfransı artıq başa çatdı. Milli.Az xəbər portalı ilk gündən sona qədər bu tədbiri yaxından izlədi. 7-12 noyabr tarixləri arasında sürən bu konfransa, əvvəl də məlumat verdiyimiz kimi, Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edirdi. Dəvətlilər sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunangstan, Koreya, Tunis, Oman, Zernoqoriya, Cin, İran, hətta məlumatsızlığımızdan dolayı ümumiyyətlə, teatrın varlığından xəbərsiz olduğumuz Səudiyyə Ərəbistanı, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları vardı. Və bunları bir araya gətirmək, Azərbaycan teatrını müəyyən qədər də olsa diqqət mərkəzinə çevirmək və qarşılıqlı olaraq dünya teatrında baş verən proseslərlə, keçmiş tarix, istərsə də bu günkü yeni teatr cərəyanları ilə tanışlığa şərait yaratmaq... Bu idi əsas məram, əsas məqsəd.
Etiraf etmək gərək ki, Mədəniyyət və Turizm Nazirilyinin teatr sahəsi üzrə ən uğurlu addımlarından biridir bu konfrans. Və üstəgəl A.Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək yolu" adlı mərhələsi, hansı ki, konfransın səhərisi günü başlandı. Öncə də məlumat vermişdik ki, Çexov beynəlxalq festivalı çərçivəsində Azərbycan səhnələrində dünyada məhşur, Azərbaycanda isə sorağı ilk dəfə eşidilən teatr tamaşaları, teatr truppalarının iştirakı olacaq. Məlum festival hələ ki, davam edir və bu mövzuya növbəti yazılarda qayıdılacaq. Hələlik konfransın görünən və görünməyən tərəflərini sizinlə bölüşmək istərdik.
"Tənqidçi, teatra
yorğun və içkili gəlməməli, tamaşa zamanı yatmamalıdır!"
Konfransa qatılan qonaqlar təkcə məruzə ilə kifayətlənmədilər. Hərçənd bunlar arasında belə qısa, maraqlı açıqlamalarla bahəm, sovet dönəminin plenar iclaslarında olduğu kimi uzun-uzadı, çox darıxdırıcı quru məruzələr da vardı. Eyni vəziyyət konfrans çərçivəsində keçirilən müxtəlif ustad dərsləri, seminarlar, treninqlərlə də müşayət olunurdu.
İlk seminar, kanadalı teatr tənqidçisi Mişel Vaysın "Teatr tənqidi" mövzusunda oldu. Bilməyənlərə, tanımayanlara tanıdaq ki, Mişel Vays, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi, həmçinin "Oyun" adlı teatr jurnalının baş redaktorudur. Çıxışına bir tənqidçi kimi 20 illik fəaliyyətilə başlayan Mişel Vays, bu sahəyə radioda teatr haqqında verilişlər hazırlamaqla gəldiyini bildirdi. Mütəxəssis həmçinin dedi ki, Azərbaycandan fərqli olaraq Kanadada teatr tənqidçiliyi üzrə xüsusi təhsil yoxdur: "Onlar əvvəlcə sənət adamlarından müsahibə alır, sonradan özləri həmin xadimləri tənqid edirlər. Beləcə, teatrdan yaza-yaza tənqidçi olurlar. Tənqidçi, əsəri tənqid və ya mühakimə etmək üçün hazır olmalıdır. Teatra yorğun və içkili vəziyyətdə gəlməməlidir. Tamaşa zamanı yatması isə tənqidçinin əsərə olan reaksiyasıdır artıq. Teatrın inkişafı üçün tənqidçinin olması vacibdir. Eyni zamanda hər hansı bir əsəri, tamaşanı tənqid etmək mədəniyyəti və savadı olmalıdır..".
Tamaşa dekorasiyalarından körpü düzəldilirmiş!
Akademik Milli Dram Teatrının bədii şura otağında dünya şöhrətli teatr rəssamı İosif Yusupov növbəti seminara apardı. 30 ildən artıqdır ki, quruluşçu rəssam kimi çalışıb, keçmiş sovetin bir çox respublikalarına, eləcə də xarici ölkələrdə hazırlanan əksər tamaşalara quruluşçu rəssam kimi dəvət olunub. 1991-ci ildə Amerikaya köçən sənətkar hazırda "Metropoiltan Opera" Teatrının rəssamıdır. Teatr rəssamlığında istifadə olunan materiallardan - plastik şüşə, müxtəlif şəffaf materiallardan, bunlar vasitəsilə istənilən səhnə tərtibatına nail olmağın mümkünlüyündən, üstəlik bu əşyaların gözəl görünüşdən əlavə insana estetik zövq bağışlamasından danışdı. ABŞ-da fəaliyyət göstərən müasir teatrların ümumi mənzərəsindən də söz açan İofis Yusupov bildirdi ki, oradakı teatrların böyük əksəriyyəti kommersiya müəssisələridir: "Hər şey prodüserdən başlayır, o, tamaşalara böyük pullar cəlb edir. Teatrda işləyəcək komandanı da məhz prodüser müəyyənləşdirir". Qonaq həmçinin əlavə etdi ki, Amerikanın kino sənayesində istifadə olunan bütün dekorasiyalar layihə sona çatdıqdan sonra sındırılır. Çünki, bunların saxlanması belə böyük xərc tələb edir. Ancaq maraqlı istisnalar da yox deyil: "...Mənim təcrübəmdə belə bir hadisə olmuşdu ki, Yaponiyada "Çar Edip" tamaşasının dekorasiyaları yığılıb körpü şəklində təzədən qurulmuşdu. Yaponlar öz pullarını havaya sovurmurlar...".
Eyni saatlarda Akademik Milli Dram Teatrının kiçik səhnəsində amerikalı mütəxəssis Piter Qoldfarb "Teatr tənqidi" mövzusunda seminar keçirdi. Dünya miqyasında kifayət qədər tanınan Piter Qoldfarb, UNESCO-nun nəzdində fəaliyyət göstərən teatr təhsili və təlimi üzrə komissiyanın vitse-prezidenti, eyni zamanda Beynəlxalq Teatr İnstitutunun yüksək rütbəli üzvlərindən biridir. 40 illk teatr, kino və televiziya sahəsindəki fəaliyyəti ərzində dünyanın ən görkəmli sənətkarları ilə işbirliyi olub, bir sıra beynəlxalq mükafatlarının sahibi, beynəlxalq teatr və kino festivallarında münfislər heyətinin üzvüdür.
"Mən bura konfransa gəlmişəm, gəzməyə yox!"
Piter Qoldfarb sərbəstliyi və səmimiyyətilə elə həməncə auditoriyanı ələ almağı bacardı. Bölüşdüyü fikirlərdən yadda qalanları da oldu, qalmayanları da. "...Yaxşı aktyor olmağın yolları kitabdan yox, həyatdan keçir. Sizin məndən və ya müəllimlərinizdən dinlədikləriniz deyil, özünüzü daxildə nə dərəcədə təcrübəli hiss etməyinizdir. Gününüzü kitabxanalarda yox, səyahətdə keçirin. Məhz gördükləriniz sizin canlı kitabxananıza çevrilə bilər. Konsepsiyanı və ya hansısa bir ideyanı oynamaq mümkün deyil. Hisslərini, sərbəstliyini boğaraq özünə əziyyət verən insandan aktyor olmaz...". Yeri gəlmişkən, sərbəstliyə, ürəyin istəyən anda istədiyin hərəkəti etməyin vacibliyini dəfələrlə vurğulayan amerikalı qonaq, bunu Bakıda olduğu müddətdə də öz hərəkətlərilə isbatladı. Qonaqlar arasında ən kaprizlisi, heç bir plana uymuyan, qonaqlar bir tərəfə, o bir tərəfə olan Qoldfarbın məruzəsindəki sərbəstlik bəzi məqamlarda "ev sahiblərinə" hörmətsizliklə də əvəzləndi. Məsələn, konfrans müddətində tez-tez itib-batmağı ilə yadda qalan, öz məruzəsindən başqa heç kiminkini dinləməyən Qoldfarba sanki ayrıca bir müşaiyətçi, qid lazım imiş. Bundan başqa proqrama əsasən, qonaqların bir sıra mədəniyyət ocaqları ilə bahəm Şəhidlər və Fəxri Xiyabanlara ziyarəti də nəzərdə tutulmuşdu. Qoldbarb burda da özünü ayrı gördü. "Mən bura konfransa gəlmişəm, xiyabanları gəzməyə yox" deyə kobud cavabı ilə "daxili sərbəstliyi"nin canlı təzahürünü göstərmiş oldu.
"Leyli və Məcnun" üzdə "fantastika", arxada "çox aşağı səviyyəli tamaşa, ən primitiv folklor nümunəsi"dir?
Mədəniyyət ocaqları demişkən, səfər çərçivəsində Bakıda teatr tamaşalarına da baxış oldu. Səfərin ilk günü əksər qonaqlar Opera və Balet Teatrında "Leyli və Məcnun" opera tamaşasına getdilər. Getdilər, gördülər və nə qədər "səmimi" olduqlarını da göstərdilər. Tamaşa zamanı və daha sonra "ən ali sənət əsəri", "fantastika", "teatr tarixində görünməmiş bir hadisə" kimi bəh-bəhlə sözdə feyziyab olan əcnəbi qonaqlar, öz aralarında gedən səmimi söhbətləri əsnasında "çox aşağı səviyyəli bir tamaşa idi", "200 ildən qalma, muzeylik olan ən primitiv folklor nümunəsi" sözləri işlətməkdən də çəkinmədilər.
Pantomim Dövlət Teatrının təqdim etdiyi "Maska" tamaşası da qonaqları təəcübləndirmədi. Əks halda darıxdıqlarından nə fransalı qonaqlar yerində vurnuxaraq tamaşanın tez bitməsini gözləyər, nə amerikalılar arxa sırada söhbətləşər, nə də ünlü rejissor Robert Sturua tamaşanın əvvəlində yuxuya gedib, bir də sonunda ayılar və əlində hazır saxladığı fotoaparatın işə düşmədiyini xatırlayıb sonda aktyorların tamaşa finalında təzimindən bir neçə fotokadr çəkərdi. (Tamaşa zamanı yatmağın səhnəyə, tamaşaya ən böyük hörmətsizlik olduğunu elə Bakıdakı seminarda əcnəbi teatr xadimi vurğulamışdı.)
Düşmən Terri Devidson, hip-hopçu Azər Paşa Nemətov ...
Keçirilmiş ustad dərsləri arasında maraqlıları da oldu, maraqsızları da. Məsələn, "Soapstone" Teatr şirkətinin baş rejissoru, professor Roberto Vareonun "Plastika"dan keçdiyi ustad dərsində gənc teatrallarla bahəm ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson da qatıldı. Gənclərlə birgə tullandı-düşdü, müxtəlif fiziki hərəkətlər elədi, bir sözlə, aktivliyilə cavanlardan heç də geri qalmadı. Bir hərəkət isə xüsusilə maraqlı alınmışdı. Məsələn, hadisələrə, insanlara diqqətimizin nə dərəcədə yönəldə biləcəyimizi sınayan bir hərəkət vardı. Heç kimə hiss elətdirmədən dostunu və düşmənini ürəyində müəyyənləşdirməlisən. Düşmənə hücumunu və dostunu kənar hücumlardan müdafiəni də eyni anda etməlisən. Beləcə tapşırıq yerinə yetirilir. Hər kəs dost və düşmənini müyyənləşdirir. Və... Sonda qəfil hər kəs Terri Devidsonun üstünə düşür. Əvvəl düşündük ki, bəlkə hər kəs onu dost bilib müdafiəsinə qalxırlar. Ancaq, yox, Terri Devidson həmin anda hər kəsin gözündə sən demə, "düşmən" imiş. Hələ üstəlik yerdən yarızarafat, yarıciddi atılan "Qarabağı qaytarın" atmacası da əməlli-başlı gülüşə səbəb oldu.
Konfransın sonuncu günündə "Teatr alternativləri: Hip-Hop teatrı" mövzusunda, rejissor, xoreoqraf və təlimçi, "Sərhədsiz teatr" Beynəlxalq Teatr Təşkilatının həmtəsisçisi Daniel Banks, Hip-Hop Teatrın - rəqsin, dialoqun və şəhər musiqisinin yeni teatr forması kimi təzahüründən, Hip-Hop teatr mədəniyyətinin yaranma tarixindən danışarkən bu janr üzrə quruluş verdiyi tamaşaların, sosial-mədəni aksiyaların videogörüntülərini da nümayiş etdirdi. Daha sonra Hip-Hop teatrı janrında tamaşa qoymağın ilkini addımlarını, belə demək caizsə, əlifbasını öyrətmək üçün hər kəsi səhnəyə dəvət etdi. İstənilən şəxs qatıla bilərdi, bunun üçün gənc və aktyor olmağın da şərt deyildi. Necə ki, Teatr Xadimləri İttifaqının idarə heyətinin sədri, xalq artisti, rejissor Azər Paşa Nemətov, ABŞ səfirliyinin ictimai əlaqələr üzrə şöbənin müdir müavini Brent Mayer qatılmışdılar. Hər ikisinin, xüsusilə də Azər Paşa Nemətovun gənclərlə birgə Hip-Hop dediyini, müavfiq əl-qol hərəkətləri etdiyini görmək xoş bir gülüş oyadırdı. Heç vaxt təkrar olunmayacaq bu görüntüləri sadəcə qaçırmamaq lazım idi. Bunlar seminarın maraqlı tərəfləri idi. Təəssüf ki, digər seminarlar, ustad dərsləri haqqında bunları demək olmaz. Məsələn...
"Tapança" haqda suala "qazança" haqda cavab
... proqrama görə, ABŞ-dan olan mütəxəssis Rut Maqraff Dramaturgiya və Vokal ifaçılığı üzrə seminar keçməli idi. Keçdi də, təbii əgər buna seminar demək olarsa. Dramaturgiyaya həsr olunmuş seminarda dramaturgiyadan başqa hər şeydən danışdı. Kilsədə aldığı təhsildən tutmuş səhnələşdirdiyi "Vampir" operasına, tamaşa quruluşlarında yol verdiyi "xaltura"lara qədər. Vokal ifaçılığı seminarını isə özünün mini konserti zənn etdi. Onu, bozuki alətində müşayət edən yunan əsilli əri ilə kiçik audtoriya üçün çalıb oxudular. Vokalla ilgili, hətta bəzən çox inadla, təkrar-təkrar verilən çox sadə sualları bir kəlmə ilə, "cavablandırdı". Ancaq sualın mahiyyətini nə özü anladı, nə də cavabın mahiyyətini anlada bildi. Necə deyərlər, tapança haqda verilən sualın cavabı qazança haqqında oldu. Nəticə etibarilə beyində bir sual yarandı: ABŞ-da, Çikaqoda professor kimi tanınan (!) Rut Maqraffın Bakıya, məlum konfransda iştirakının məqsədi, məramı nə idi?!
NƏTİCƏ
Heç bir iş görməyib, ya da gördüklərimizlə xarüqələr yaratdığımıza inanmaq, "məndən yoxdur" düşüncəsilə yaşayıb "yaratmaq" nə qədər ki, bizim sənətçilərdə var, tamaşalarımız da "səviyyəsiz, primitiv folklor nümunəsi" kimi qəbul ediləcək, tamaşalarımızda şirin yuxuya dalınacaq... Çünki, özümüzə olan hədsiz aşiqlik, burnumuzdan uzağı görməmək istəyimiz, müştəbehlik buna rəvac verir. Necə ki, məlum konfransda şahidi olduq. Nə qədər acı olsa da, konfransda barmaqla sayılacaq qədər gənc sənətçi görmək olardı. Hər addımbaşı özünün əvəzedilməz sənətkar olduğunu deyən əksər gənclər çox güman ki, əlavə məlumata ehtiyac duyulmadığı qənaətindən dolayı konfransda görünmədilər. Qınaqlar təkcə gənc nəslə deyil, yaşlı nəslə də ünvanlanmalıdır. Azərbaycan teatr sənətini dünyanın sənət mərkəzi sayan, özünü isə dünyada 1 nömrə dahi hesab edən Akademik Milli Dram Teatrının bir aktyoru məlum seminarı "bütün qida məhsullarının atıldığı qazan"a bənzətdi. Və bu qədər milləti Bakıya yığmağı Mədəniyyət və Turizm Nazirilyinin boş, mənasız addımlarından biri kimi dəyərləndirdi. Bu düşüncədə olan xalq artisti görünür "teatr qazanında qaynananlardan" çoxdan xəbərdar olduğundandır ki, yeni teatr cərəyanlarından, konfrasda danışılanlardan, göstərilənlərdən nəinki məlumat almağı, ən azından əcnəbi kolleqaları ilə yaradıcılıq ünsiyyəti qurmağı belə özünə sığışdırmırdı...
Yazının əvvəlində də deyildiyi kimi, məlum konfrans ilk dəfə idi ki, keçirilirdi. Bu baxımdan müəyyən çatışmazlıqların olması da labud idi. Əlbəttə könül istərdi ki, nəzəri, qiyabi olaraq tanıdığımız teatrların tamaşalarını əyani görək. Bu, konfransa həm ikiqat marağı artırar, həm də yaddaqalan olardı. Artıq sadəcə ümid etmək qalır: iki ildən bir keçirilməsi nəzərdə tutulan konfransın növbəti dəfəsinin daha fərqli və maraqlı olacağına.
Sevda Babayeva
Milli.Az
Foto Milli.Az
Mədəniyyət
Dünyanın teatr xadimləri Bakıda tamaşa zamanı niyə yuxulayırdı? - FOTOSESSİYA
18 Noyabr 2010 09:32
Baxış: 1 322
DİGƏR XƏBƏRLƏR
- Boyalarını yeyən rəssam kim idi? - FOTOlar
- Xalq artisti: "Sən, heç "sənətin qapısı" nədir, onu görməmisən" - VİDEO
- COP 29 mədəni tədbirləri çərçivəsində ”Sərhədsiz musiqi” konsert proqramı keçirildi - FOTO
- Məzardan dünya tarixini dəyişə biləcək əşya tapıldı - FOTO
- Filarmoniyada COP29-a həsr olunmuş növbəti konsert keçirilib - FOTO
- CINEMO və TikTok əməkdaşlığı inkişaf edir
XƏBƏR LENTİ
- “Xahiş edirəm, bir də bu barədə mənə sual verməyin” - Qurban Qurbanov
- Ərdoğandan Netanyahu və Qallantın həbsi ilə bağlı qərara reaksiya
- Xurma barədə bilmədiklərimiz - Sirləri AÇIQLANDI
- Nadir Qafarzadə xaricdə ev alır - FOTO
- Deputat Nizami Səfərov Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda iştirak edib
- Vüqar Biləcərinin fanatı döyməsi ilə gündəm oldu - VİDEO
- “Qarabağ” 3 xalı 3 qolla qazandı
- Kiflənmiş çörəyi yemək olar?
- Respublika üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb
- Həmyerlimizin Rusiyada törətdiyi dəhşətli qəzanın GÖRÜNTÜSÜ
- "Verilişimdən çıxıb gedən müğənni başını daşdan-daşa döyər" - VİDEO
- 67 yaşlı qadın xəstəxanada öldü
- Arda Güler İngiltərə nəhənginə transfer olunur - İDDİA
- Paşinyan buna görə saqqalını qırxıbmış - FOTO
- 9 uşağa birdən hamilə qaldı - bu dərmandan içmişdi
- "Ərim hədsiz dərəcədə QISQANIR" - VİDEO
- Bu ölkə tamamilə yox olmaq ərəfəsindədir - Xəbərdarlıq - FOTO
- Paket çayın içindəki inanılmaz TƏHLÜKƏLƏR: həşərat dərmanı və...
- Ərə getmək arzusu baha başa gəldi - "WhatsApp"la 22 min manatını ələ keçirdilər
- Röya bir gününü VİDEOya çəkdirib izləyiciləri ilə bölüşdü
- Övladları 1-ci sinifə gedən valideynlərin NƏZƏRİNƏ
- Prezident fərman imzaladı
- Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən qəzaya düşə bilərsiniz
- Sumağın bilmədiyimiz faydaları