Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqdır. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar!
İlham ƏLİYEV
Prezident İlham Əliyevin çağırışları, tövsiyə və tapşırıqları ilə Azərbaycan tarix elmi saxtalaşdırmalardan və təhriflərdən təmizlənir, Milli Elmlər Akademiyasının Tarix İnstitutu özünün ən şərəfli dövrünü yaşayır. Ölkə başçısının təşəbbüsü ilə son 10 ildə Tarix İnstitutunda "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri", "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", "Tarixi adlara qarşı soyqırımı", "Azərbaycan Tarixi Atlası", "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımı" kimi onlarca qiymətli əsər nəşr olunmuş, xarici ölkələrdə saxlanılan çoxsaylı ilk mənbələr, o cümlədən arxiv sənədləri ölkəyə gətirilmişdir.
"Real tarix və "böyük Ermənistan" uydurması" kitabı ölkə başçısının Vətən tarixinin saxtalaşdırmalardan və təhriflərdən təmizlənməsi barədə tapşırığının yerinə yetirilməsi sahəsində Tarix İnstitutunun növbəti addımıdır.
Yaqub Mahmudov müasir Azərbaycanın tarix elmində mövzu məhdudiyyəti, xronoloji çərçivə və ideoloji maneə tanımayan, dərin bilik, güclü məntiqlə silahlanmış nadir ziyalılarımızdan biri, bəlkə də birincisidir. Onun çoxşaxəli elmi fəaliyyətinə bələd olanlar qəlbi Vətən sevgisi, el məhəbbəti ilə döyünən korifey tarixçimizi daha çox mediyevist, yəni Orta əsr dövrü ilə bağlı problemlərin yorulmaz tədqiqatçısı, müasir mərhələdə respublikamızda cərəyan edən ictimai-siyasi proseslərin mahir bilicisi kimi tanıyırlar. Bu yaxınlarda, fevral ayının 7-də elmi ictimaiyyət Yaqub Mahmudovun çoxlarının görməyə alışmadığı yeni ampluada elmi polemika aparmaq cəsarətinin şahidi oldu. Həmin gün Prezident Administrasiyasının Kitabxanasında Yaqub Mahmudovun yeni nəşr olunmuş əsərlərinin, o cümlədən "Real tarix və "böyük Ermənistan" uydurması" adlı kitabının təqdimatı keçirilirdi. Kitab Qafqazın və Anadolunun məqsədyönlü şəkildə təhrif olunmuş və saxtalaşdırılaraq gerçək tarixinə yamaq kimi vurulmuş ən acılı və şovinistcəsinə qabardılan probleminə - Balkanlardan köç edərək Anadolunun şərqində yurd salan erməni etnosunun gerçək tarixinin araşdırılmasına, əslində siyasi qurum kimi heç vaxt mövcud olmamış "böyük Ermənistan" uydurmasının ifşasına həsr olunub. Əsər tarixi faktlarla istədiyi kimi manipulyasiya edən erməni və ermənipərəst "tarixçilərə" qarşı daim sərt və prinsipial mövqedən çıxış edən Y.Mahmudovun uzun illər boyu apardığı araşdırmalarının məntiqi nəticəsidir. Annotasiya hissəsində kitabın geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğu qeyd olunsa da, ondan daha çox regionun uzun illər süni surətdə prioritet mövzusu kimi gündəmdə saxlanılan "erməni məsələsi" ilə tarix, etnoqrafiya, dilçilik və tarixi coğrafiya sahələrində məşğul olan mütəxəssislər yararlana bilər.
Təhlilə cəlb edilən faktoloji materialın zənginliyi və mövzu ilə bağlı müraciət olunan elmi ədəbiyyatın bolluğu kitabın yüksək məziyyətlərindən xəbər verir. Diqqəti cəlb edən cəhət odur ki, bu müdriklik çağında müəllif ona bəlli olan Qədim Şərq mixi kitabələrinin və Antik dövr müəlliflərinin əsərlərinin orijinal variantlarındakı məlumatları böyük əzmlə, incəliyinədək nəzərdən keçirir və yalnız bundan sonra məntiqi nəticə çıxarmağa çalışır.
Əsərə yazılmış geniş "Ön söz"də müəllif vətəndaşlıq mövqeyindən və milli təəssübkeşlikdən çıxış edərək erməni saxtakarlığının və onun tarixdə doğurduğu acı nəticələrin müasir dövrdə də siyasi aktuallığını qoruyub saxladığına diqqət yetirir.
Kitabda müəllifin elmi araşdırmaları 3 fəsildə toplanıb. Birinci fəsil "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır. Altı bölmədən ibarət olan bu fəsildə geniş hind-Avropa dil ailəsində yeri və rolu hələ də dəqiq müəyyən olunmamış erməni dilində danışan etnosun ana vətəni Balkan yarımadasından Dəclə və Fəratın yuxarı axarlarındakı yayla və vadilərə köçü ilə bağlı ilk mənbələrin məlumatları nəzərə çatdırılır. Dünya tarixşünaslığında bu məlumatlar 120 ildən artıqdır ki, saf-çürük edilsə də, Azərbaycanın tarix elmində konseptual baxımdan ilk dəfədir araşdırma obyektinə çevrilir. Bu köçün baş verdiyi tarixi şəraitin öyrənilməsi özlüyündə Anadolunun şərqində cərəyan edən etnik proseslərin və onların gələcəkdə doğurduğu bəlaların kökünü dərk etməyə imkan verə bilər. Lakin məsələnin həlli göründüyü qədər də sadə deyil. Məsələ ilə bağlı irili-xırdalı onlarca əsərin yazıldığına baxmayaraq, onun həllindən hələ də qənaətbəxş nəticə hasil olunmayıb. Yaqub müəllimin təqdirəlayiq xidməti ondadır ki, bu qarışıq problemin metodoloji müstəvidə qoyuluşunun və oxucuya çatdırılmasının ən lakonik və anlaşıqlı formada optimal variantını düzgün seçə bilmişdir. Kitabda ermənilərin etnik kimliyi, regionun siyasi həyatında bu və ya digər şəkildə iştirakı ilə bağlı problemlərin dünya tarixşünaslığında qoyuluşunun tədqiqat xronologiyasına müvafiq ardıcıllıqla verilməsi elmdə söylənilən mövcud nəzəriyyələrin necə və hansı səbəblər üzündən dəyişdiyini izləməyə imkan verir. Əsərdə mənbələrin elmi təhlilindən doğan məntiq odur ki, problemin indiyədək həllini tapmamasının başlıca səbəbi heç də qaynaqlardakı məlumat qıtlığı ilə deyil, daha çox xristian həmrəyliyindən çıxış edən ermənipərəst tarixçilərin və dilçilərin bölgənin ictimai-siyasi tarixində hələ qədim zamanlardan erməni faktorunun qabardılmasına və aparıcı qüvvə kimi təqdim olunmasına meyil göstərmələri ilə izah olunmalıdır. Y.Mahmudov ermənilərin mənşəyi ilə bağlı nəzəriyyələrin hər dəfə sabun köpüyü kimi partladıqdan sonra növbəti dəfə yeni fərziyyə və gümanlarla "əsaslandırılmasına" edilən cəhdləri tutarlı dəlillərlə ifşa edir.
Antik dövrün yazarlarına istinadən hazırda dünya tarixşünaslığında belə bir fikir daha çox tərəfdar qazanıb ki, qədim erməni və friq dilləri bir-birinə çox bənzəyirdi və hər iki etnos Kiçik Asiyaya sonradan köç etmişdir. Bu köçə qədər müasir Türkiyənin ərazisində hat, hurri, kaşka, abeşlay kimi yerli mənşəli və erməni-friq dillərindən kəskin fərqlənən daha qədim hind-Avropa mənşəli dillərin daşıyıcıları olan etnoslar (hetlər, palaylar, luvilər və b.) məskunlaşmış və özlərinə məxsus mədəniyyətin izlərini qoymuşlar.
Aşşur və Urartu mixi yazılı kitabələrində miladdan əvvəl 1165-650-ci illər ərzində Anadolunun şərqində muşk adlı etnosun mövcudluğundan xəbər verilir. Ehtimal olunur ki, onların 20000 nəfərlik birinci köçü zamanı "protoerməni" tayfaları (İ.M.Dyakonovun təbirincə, şərqi muşklar), üç əsr sonra isə friqlər (İ.M.Dyakonovun təbirincə, qərbi muşklar) Kiçik Asiyada yayılmağa başlamışlar. Y.Mahmudov bu nəzəriyyənin kökündən yanlış olduğunu tutarlı faktlarla əsaslandırır və haqlı olaraq muşkları yerli mənşəli etnoslardan hesab edir (səh. 26-29). Həqiqətən də "yalnız bir şəkilçi ilə (muşk etnonimindəki - k sonluğu erməni dilindəki - k etnotoponimik suffikslə eyniləşdirilir - R.M.) hər hansı bir xalqın etnik kimliyini müəyyən etməyə cəhd göstərmək cəfəngiyatdan başqa bir şey deyil" (səh. 28).
Ermənilərin etnik identifikasiyası ilə bağlı növbəti nəzəriyyə het mətnlərində qeydə alınan Hayasa çarlığının adı ilə bağlıdır. Bu nəzəriyyəni elmə sırımağa cəhd göstərən erməni dilçiləri özləri də hayasalıların dili barədə vahid fikrə gələ bilmədikləri halda, hər vəchlə "ermənilərin özlərinə verdiyi "hayk" adını Hayasa ölkəsinin adına bağlamağa çalışırlar" və bu yolla erməniləri Anadolunun yerli etnosu kimi təqdim etmək istəyirlər. Y.Mahmudovun qısa, lakin məntiqli etimoloji araşdırmaları bu nəzəriyyənin əsassız olduğunu göstərməklə yanaşı, tarix elmində ilk dəfə olaraq hayasa dil materialının Azərbaycanın qədim etnosları ilə bağlılığı ideyasını ortaya qoyur (səh. 29-31).
Müəllif tarixi faktları nəzərdən keçirərək ermənilərin nəinki Fəratın yuxarı axarına, hətta iddia etdikləri Qafqaza da tarixi bağlılıqlarının olmadığını, bu yerlərdə sonradan məskunlaşdıqlarını söyləyir və bunu kitabın növbəti fəsillərində də əsaslandıra bilir.
Əsərin birinci fəsli ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Müəllif dünya şöhrətli şərqşünas olan, lakin bu məsələdə qərəzli mövqedən çıxış edən İ.M.Dyakonovun Urartu mətnlərində erməni mənşəli yer adlarının xatırlanmamasına "don geydirmək" cəhdlərinə qarşı çıxır, onun gümanlardan uzağa getməyən mülahizələrini tənqid edir (səh. 33-37).
Ermənilərin bir millət kimi etnik baxımdan deyil, maddi mədəniyyət nümunələrinə əsasən Urartu irsinə sahib çıxmalarını şərtləndirən mühüm amillərdən biri müasir Ermənistan Respublikası adlanan ərazidə (əslində tarixi Qərbi Azərbaycan torpaqlarında) 1940-1970-ci illərdə aşkara çıxarılmış arxeoloji materiallardır. Lakin unutmaq olmaz ki, Urartunun maddi mədəniyyət nümunələri kütləvi şəkildə yarandığı məkanda - Van gölü hövzəsində (Türkiyə), xeyli sayda Cənubi Azərbaycanda, qismən də müasir Azərbaycan və Gürcüstan respublikalarının Urartu çarlığı ilə həmhüdud olmuş cənub ərazilərində də qeydə alınıb. Bu üzdən Urartu mədəni irsi bu regionun bütün xalqlarının (yalnız ermənilərin yox!) ortaq dəyəri hesab olunmalıdır. Digər tərəfdən, Cənubi Qafqaz tarixən Urartu tayfa ittifaqına daxil deyildi, yalnız müəyyən dövrlərdə onun bəzi əraziləri Uduri, Etiuni, "Gölətrafı ölkələr" (Göycə gölü hövzəsində yerləşən xırda tayfa birlikləri) və digər adlarla Urartu mərkəzi hakimiyyətinin siyasi təsir dairəsinə düşmüşlər.
Kitabın "Ermənilərin sahib çıxdığı qədim "Armina", "Armeniya" və "erməni" ("armyane") adlarının müasir ermənilərlə heç bir əlaqəsi yoxdur" adlanan ikinci fəsli beş bölmədən ibarətdir. İlk bölmədə Əhəməni şahı I Daranın (miladdan əvvəl 522-486) Bisütun kitabəsində Armina vilayətində baş verən qiyam ətraflı şəkildə təhlil olunur. Qeyd etmək istərdim ki, burada müəllif araşdırma üçün haqlı olaraq kitabənin salamat qalmış qədim fars dilindəki variantını seçmişdir; elam və babil dillərindəki variantlar isə fraqmentar vəziyyətdədir. Bununla belə, Armina qiyamında öldürülən və əsir alınanlarla bağlı verilən rəqəmlər (səh. 84) kitabənin babil dilindəki variantından götürülüb, çünki kitabənin qədim fars dilindəki variantında bu barədə məlumat verilmir.
Kitabın ikinci fəslində Bisütun kitabəsində, Herodotun "Tarix" və Ksenofontun "Anabasis" əsərlərində təsvir olunan Armina /Armeniya vilayətinin lokalizasiyası ilə bağlı məsələlərə də toxunulur. Bu mənbələrin məlumatlarının təhlili göstərir ki, miladdan əvvəl 521-ci il qiyamına qədər Armina Mada (Midiya) satraplığının tərkibində olmuş, I Daranın inzibati islahatından sonra ayrıca satraplığa çevrilmişdir. Fəratın yuxarı axarında yerləşən bu satraplıqda (Herodotun siyahısında XIII dairə) ermənilərlə yanaşı digər etnoslar da, məsələn, paktilər və qədim gürcü tayfaları yaşayırdılar (səh. 50-73).
Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Müəllif bu ifadənin yaranma tarixini araşdıraraq belə qənaətə gəlir ki, təxminən 400 min kvadrat kilometr ərazinin XX əsrin əvvəllərindən başlayaraq əvvəlcə çar Rusiyasının, sonralarsa Qərbi Avropanın elmi və siyasi dairələrində bir etnosun adı ilə - "Armyanskoye naqorye" adlandırılması gələcəyə hesablanan düşünülmüş addım idi. Bu səbəbdən də Anadolunun, Cənubi Qafqazın və Cənubi Azərbaycanın geniş coğrafiyasını ümumiləşdirərək qədim tarixi və mədəni kökləri ilə bu yerlərə aidiyyəti olmayan gəlmə erməni etnosunun adına calanmasını Y.Mahmudov haqlı olaraq bu yerlərin köklü sakinlərinə, buradakı başqa xalqların nümayəndələrinə qarşı tarixi ədalətsizlik, onların mənəvi dəyərlərinə biganəlik və görünməmiş saxtakarlıq hesab edir (səh. 73-79).
Bisütun kitabəsində, Herodotun və Ksenofontun əsərlərində ermənilərə şamil edilən məlumatların etimoloji və məntiqi təhlili göstərir ki, Armina / Armeniya adı ilə tanınan vilayətdə miladdan əvvəl VI-IV əsrlərdə erməni dili işlək olmamışdır (səh. 68-69, 80-84). Vilayətin tarixi adı ilə bağlı qaynaqları araşdıran müəllif bu qənaətə gəlir ki, gəlmə ermənilər miladdan əvvəl XXV əsrdən aramilərin vilayəti kimi tanınan Armedə məskunlaşaraq bu yerin adını "özəlləşdirmişlər" (səh. 38-42, 49, 84-87). Ermənilərin özlərinə verdiyi "hayk" etnonimi də Anadolunun qədim avtoxton toponiminin - Hayasa yer adının erməniləşdirilən, yəni "mənimsənilən" forması hesab oluna bilər.
Kitabın son fəsli tarixdə heç vaxt "böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub. Öncə "böyük Ermənistan" ifadəsinin meydana gəlməsini "şərtləndirən" tarixi şərait nəzərdən keçirilir (səh. 88-93). Növbəti bölmədə yanlış olaraq qədim erməni çarları kimi təqdim olunan Artaxşasi (yunan ənənəsində Artaksi, erməni ənənəsində Artaşes) və Zariadrinin (erməni ənənəsində Zarex) etnik kimliyinə aydınlıq gətirilir və onların erməni deyil, iranmənşəli sülalənin nümayəndələri olduğu göstərilir (səh. 94-96). "Böyük Ermənistan" adlı dövlətin meydana gəlməsinə dair Strabonun "Coğrafiya"sında əks olunan yarıgerçək, yarıuydurma məlumatları təhlil edən Y.Mahmudov belə bir nəticəyə gəlir ki, nə Zariadrinin, nə də Artaxşasinin (= I Artaksi) yaratdıqları çarlıqlar heç vaxt "böyük Ermənistan" adlanmayıb. Artaxşasinin zamanında (əsasən miladdan əvvəl 187-165-ci illərdə) qonşu ərazilərin işğalı hesabına genişləndiyindən Strabon onun çarlığını coğrafi anlamda (siyasi qurum kimi yox!) "böyük Ermənistan" adlandırırdı. Armeniya çarlığının siyasi yüksəlişinin birinci mərhələsi sayılan bu dövr III Antioxun ölümündən (miladdan əvvəl 187) IV Antioxun I Artaksi üzərindəki qələbəsinə qədər (miladdan əvvəl 165) olan 22 ili əhatə edir.
Armeniya çarlığının növbəti siyasi yüksəlişi II Tiqranın hakimiyyətinin ilk 26 ilinə (miladdan əvvəl 95-69) təsadüf edir. Hətta o vaxtlarda da II Tiqranın dövləti siyasi qurum kimi rəsmi olaraq "böyük Ermənistan" adlanmırdı, Armeniya çarlığı isə o dövrlərdə və ondan xeyli sonralar da ermənilərin "milli dövləti" olmamışdı.
Sonda bu qiymətli kitabın ərsəyə gəlməsində elmi redaktor kimi qədim mənbələrin dərin bilicisi, mixi yazıların yorulmaz tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevin əməyini xüsusi qeyd etməyi özümə borc bilirəm.
Əminəm ki, Yaqub Mahmudovun oxucuların mütaliəsinə, mütəxəssislərin müzakirəsinə və rəyinə təqdim etdiyi bu kitabı, onun digər qiymətli əsərləri kimi, dünya tarixşünaslığında öz layiqli yerini tutacaq, ermənilərin kimliyi və saxtalaşdırılmış tarixi ilə bağlı gələcək araşdırmalara sövq edəcək.
Rauf MƏLİKOV - tarix üzrə fəlsəfə doktoru
"Azərbaycan"
Mədəniyyət
Tarixi saxtalaşdıranlara layiqli cavab
27 Fevral 2014 13:21
Baxış: 1 598
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- 15 yaşlı yeniyetmə bıçaqlandı
- Ceyhun Bayramovun Serbiyaya səfəri başlayıb
- Meksikada təyyarə qəzasında azı 7 nəfər ölüb
- Suriyanın yeni liderinin dünyadan xahişi var
- Pezeşkian özünü biabır etdi
- La Liqa: "Real"dan inamlı qələbə, "Vilyarreal"dan darmadağın
- Bu həftə ardıcıl 7 gün iş olacaq
- Honda tam elektrikli modellərinin FOTOlarını paylaşdı
- Azərbaycanda uşaq paltarları niyə bahadır? - ARAŞDIRMA - VİDEO
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Kəmalə 10 il əvvəl - FOTO
- Sağlamlıq üçün təhlükə MƏNBƏYİ: Aşağı qiymətə olan Yeni il oyuncaqları
- Şuşaya növbəti köç karvanı yola salınıb
- "Özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq? - ARAŞDIRMA - VİDEO
- Zümrüd 21 il əvvəl - FOTO
- Bürclərin 2024-cü ildə etdiyi ən böyük səhvlər
- Cəmi bir ovuc yeyin, mədə ağrılarınız qalmayacaq
- Qabığı da faydalı olan narıngidən gündə neçə dənə yemək olar? - Həkim tövsiyəsi
- Bu da Xatirənin dəbdəbəli VİLLASI - VİDEO
- Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
- "Mən olan yerdə başqa müğənni adı çəkməyin"
- Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
- Sənədsiz evləri etibarnamə ilə alanların NƏZƏRİNƏ: Risklər açıqlandı - VİDEO
- Türkiyənin bu addımını unutmayacağıq - Colani