Mədəniyyət

Edqar Po, ağıl və dəlilik arasında incə məsafə

27 Mart 2013 13:47
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya ədəbiyyatında özünəməxsus yeri olan və qısa hekayə, qotik üslub, detektiv və kriminal janrının ilk təməlini qoyan yazar-şair kimi tanınan Edqar Allan Ponun (1809 -1849) əsərlərində iki məqam həmişə məni düşündürüb:

1. Ağıllı qalmaq və hər an dəli olmaq arasındakı sərhədin incəliyi.

2. İnsanın qaçılmaz bir günahdan xilas olmaq üçün səmərəsiz can atması.

Həmin məqamları ondan sonra gələn şair-yazarlar daha çox gəlişdiriblər, məsələn, Dostoyevskinin "Cinayət və cəza" romanı.

Ponun hekayələri ilə yanaşı, şeirləri də çox güclüdür, xüsusilə də birinci dəfə olaraq, məhz ölümündən 4 il əvvəl yazdığı "Quzğun" şeiri ona şöhrət gətirib.

"Quzğun" (Raven) şeri olduqca mürəkkəb quruluşa, vəznə, bədii-texniki elementlərə malikdir və misralararası əski hekayələrə və miflərə də işarə olunub. Şeir bir rəvayətdir. Sevgilisi Lenoru itirmiş bir gənc, evindəki büstə qonan quzğunun kölgəsi altında, gözü qarşısında danışaraq ağlını itirir.

Belə bir hadisə reallıqda nə qədər faciə sayılsa da, sənət dünyasının öz ölçüləri, həqiqətləri var. Həqiqət budur ki, "Quzğun" şeiri insanın vüducunun ən qaranlıq məqamlarına, aspektlərə işıq salır, bir də incəsənət dünyasında faciənin də necə möhtəşəm, güclü və gözəl rəvayət edilmə qabiliyyətini göstərir.

Şeirin mürəkkəb quruluşu, daxili musiqisi və həmin musiqi vasitəsilə kəlmələrin qeyri-adı məna yükü daşımasını nəzərə alsaq, onu olduğu kimi tərcümə eləmək mümkun deyil. Ancaq şeir orijinalda, ingilis dilində o qədər güclüdür ki, onu tərcümə etməmək vazkeçilməzdir.

Quzğun

Tökülürcəsinə yorğun, bu cansıxıcı gecəyarı, başım durmadan axır,

Əcayib, unudulmuş əski bilimlər ktabına tikilərək qıyılı gözlərim,

Ansızın tıqqıldatdı otaq qapısını yumşaqca, kübarcasına bir barmaq

Bu, qonaqmış pıçıldadım, iki dodaq boşluğunda itən səslə

Gözlərim gedərək, başım axaraq, taqqıldadan qonaqmış dedim

Yalnız bu, artıq heç

Oh, hələ də göz önümdə o sıxıcı dekabr gecəsi,

Döşəməyə döyüb yedirirdi ruhunu hər sönən köz,

Açılsın səhər dilərdim, boş-boşuna kitablarda gəzərkən,

Lenorun ölüm acısına təskinlik, acı kəsən bir tür dərman,

O bənzərsiz qız parıltından doğmuş, adını mələklər qoymuş Lenor

O, artıq adsız.

Tökür ürəyimi məxməri pərdənin bəlirsiz-üzücü ipək xışıltısı,

Tökülür içimə heç zaman dənəmədiyim fantastik qorxular

Oysa, ələ almağa çalışdım özümü, təkrar-təkrar pıçıldayaraq:

"Otağın qapısında dayanmış, içəri keçmək istər o qonaq,

İçəri keçməkçün izn istəyən gecikmiş bir qonaq"

Yalnız bu, artıq heç.

Sonra topladım, topladım cəsarətimi deyərək tərəddüdsüz:

Ah, cənab, xanım, üzürlər doğrudan, doğrusu, gözlərim qıyılı,

Doğrusu, canıma hopmuş yuxu, siz də kübarcasına elə döydüz,

Elə yumşaq barmağınızı çaldız ki, əmin deyiləm hələ də -

Hansısa səs eşitdiyimə düzgün. Sonra qapını açdım büsbütün

Zil qaranlıq, artıq heç.

Zil qaranlığın dibinə dikdim gözlərimi dayanıb uzun-uzun,

Qorxaraq, həyəcanlı, tərəddüdlü, röyamda röyalar gördüm,

Kimsənin röyasında belə görməyə cəsarət etmədiyi röyalar,

Süküt pozulmaz, qaranlıq dinməz, yalnız fısıldayan bir səs var: "Lenor"

Astaca pıçıldadım: Lenor və sözümü geri fısıldadı bir səs: "Lenor"

Hamısı bu, artıq heç.

Otağa geri döndükdə, od içində ruhum büsbütün, yenə də tıq-tıq,

Amma bu kəz uca, əminəm dedim, bu kəz, bu kəz çox aydın,

Əminəm dedim, pəncərə arxasında durur bir şey, mütləq durur

Burax baxalım, baxalım da çözəlim sirrini, ovutalım ürəyi,

Ovutalım ürəyi bir anlıq da olsa, ovutalım çözərək bu sirri

Yeldir, artıq heç.

Pəncərəni açdıqda dərhal, çırpınıb, qanad çalaraq pır-pır,

Otağa keçdi əski qutlu günlərdən gələn əcayib quzğun,

Zərrəcə göstərmədən sayğı, nə də bir an dinclik, təmkin

Bir xan dəbdəbəsi, xatın ədasıyla qondu otaq qapısı üztə,

Pallasın büstünün üzərinə qondu, düz otaq qapısı üstə, *(1)

Qondu, oturdu, artıq heç.

Sonra qaraqabaq, ağır sifət və ciddi görkəmilə bir an,

Təbəssümə çevirdi üzücü xəyallarımı bu abnos quşu

Qorxmadınmı soruşdum o kəsik, o qırıq kəkilinlə heç?

Həmən qorxunc, əski quzğunsan, gecəli sahildə azmış,

Söylə nədir şahanə adın, yeraltı tanrının qaranlıq sahilində? *(2)

Qıy çəkdi quzğun: Daha yox.

Necə də çaşdım bu qorxunc quşun söz qanmasına, bu qədər aydın

Tutalım cavabı bir az anlamsız, tutalım bir az da yersiz,

Bu bir gerçək ancaq, gerçək ki, yaşayan heç bir insan görməmiş-

Haçansa qapısı üstə oturan bir quş, bu mənə qismət, ancaq

Görməmiş qapısı başındakı büstün üstə nə quş, nə başqa canlı,

Özəlliklə də adı olsun: "Daha yox".

Ancaq quzğun oturmuş, sakit Pallasın büstü üsrə, yalnız

Ağzında bircə söz durur, sankı canını bir sözə süzmüş,

Başqa heç nə deməz, sakit, qanad çalmadan durur,

Pıçıldadım: Qanad çalıb getmiş bundan öncə dostlar,

O da erkən buraxır, ümidlərim kimi uçub, gedər səhər,

Qıy çəkdi quzğn: Daha yox.

Çaşdım bunca dəqiq cavabla sükutu pozmasına, çaşdım,

Bu kəsin fəlakət görmüş, mutsuz bir ustadın sözünün canıdır -

Quzğunun ömür boyu toplayıb, yığdığı bütün söz xəzinəsi.

Onu izləmiş, sürəkli izləmiş, ardınca qaçaraq da izləmiş

Və hər ümidi səslərkən, qucaq açmış ona çarəsizlik -

"Daha, daha yox" sözü ilə.

Hələ də gülüş qatır büsbütün acıyan ruhuma quzğun,

Çəkdim mütəkkəni, oturdum onun, büstün və qapının önündə

Daldım məxməri bataqlığa, caladım xəyalı xəyala, sezərək -

O eybəcər, heyvərə, qorxunc və əski günlərdən gəlmiş quşu

Caladım xəyalı xəyala, nə demək istər bu çirkin quş -

Qarıldayaraq: "Daha yox"?

Beynimə yüklədim sezgiləri, bir kəlmə dinmədən belə

O, gözləri bağrımın içini yandıran quşu düşündüm, dinmədən,

Onu düşündüm və daha nələr düşündüm, başımı tərpədərək-

Sorub çiraq ışığın udan məxməri balışa söykənirkən,

Amma, hanı Lenorun başı altında məxməri balış, üstündə çıraq?

Ah, artıq olmayacaq.

Sonra duydum havanın ağırlaşmasını, ətir qoxudu görünməz buxurdandan,

Yellənirkən əlində, çəngəlli döşəmədən ayaqsəsi gələn İsrafilin *(3),

Zavallı! bağırdım, İsrafillə pay göndərib Tanrı unutduran məcun *(4),

Lenorun dərdindən qurtulmağınçün, yeni bir fürsət, fürsət göndərmiş,

İç unutduran məcundan bir qurtum, unut Lenoru, unut,

Quzğun qıy çəkdi: Daha yox

Zibil kötü- dedim, quş da olsan, şeytan da, yenə də bir kahinsən,

Buraya tufandan azmış, yoxsa şeytan göndərmiş səni bilməm,

Bu sehirli çöldə azmış, atılmış, amma yenə də qorxmaz!

Hətta bu dəhşət vurmuş boş evdə belə qorxmaz, haydı söylə,

Lütfən doğrusunu danış, məlhəm varmı "Vəd olunmuş yurdda"? *(5)

Qıy çəkdi quzğun: Daha yox!

Zibil kötü dedim, quş da, şeytan da, dost da olsan belə,

Səni and verdim üzərimizdə əyilən göyə, ikimizin inandığımız Tanrıya

Bu acıya dolmuş cana bir söylə, qucağına aldımı uzaqdakı cənnət (6)

Bənzərsiz, parıltından doğmuş, adını mələklər qoymuş Lenoru?

Qucaq açdımı, bənzərsiz, mələklər adını qoymuş parlaq Lenora?

Qıy çəkdi quzğun: Daha yox!

Bu bizim ayrılıq sözümüz olsun, dost, quş! - dedim, yerimdən sıçrayıb,

Geri dön yeraltı tanrının gecəli sahinə, geri dön fırtanaya

Bir qara qanad da ruhundan iz buraxmadan, uç, uçub da get,

Burax tənhalığımı pozmadan, qalx qapımdakı büstdən,

Çək dimdiyini bir an ürəyimdən, qalx qapımın üzəindən qalx,

Qıy çəkdi quzğun: Daha yox!

Ama quzğun qanad çalmadan oturmuş, hələ də oturmuş,

Pallasın solğun büstü üzərində oturmuş, qapı başında

Gözləri röya görən şeytanın gözüdür büsbütün

Üstümə tuşlamış kölgəsini başı üstə yanan çıraq

Üstümə düşmüş, mümkünmü qurtulmaq döşəmədə gəzən kölgədən?

Qopacaqmı heç görən? Daha yox!

İzahlar:

(1) Pallas - Müharibə və ağıl ilahəsi.

(2) Pluto - Roma mifologiyasında yeraltı dünyanın tanrısı.

(3) Əslində İsrafil (Seraphim) müsəlmanlar içində daha çox qiyamətdə zurnasını çalaraq ölüləri diriltməsi ilə məşhurdur, baxmayaraq ki, Quranda birbaşa bu mələyin adı çəkilməyib. Ancaq Tövrat və İncildə bir qrup Tanrının taxtı ətrafında "müqəddəs" sözünü təkrar edən mələklərə deyilir.

(4) "Nepenthe" yaxud dərdi unutduran məcun. Bu termin Homerin Odissey əsərində var. Misir kraliçası Polidamna bu dərmanı acı xatirələrini unutdurmaq üçün Zevsin qızı Helenə verir.

(5) "Is there - is there balm in Gilead?" Əslində bu misra, İncilin "Jermia" bölməsindəki (8:22) ayəyə işarədir: "Heç bir məlhəm yoxmu Giladda? (Gilad - İordaniyada bir yer, Tanrının vəd etdiyi yurd), heç bir həkim yoxmu?" İncilə görə "Gilead" məlhəmi şəfavericidir.

(6) Ədən bağı, Adəm və Həvvanın qovulduğu cənnət.

Şeirin tərcüməsi və izahlar: Dalğa Xatınoğlu

Original dildə Raven şeiri:

http://www.heise.de/ix/raven/Literature/Lore/TheRaven.html

İngilis dilində şeirin deklamasiyası, oxuyur: Aktyor: Vincent Price

http://www.youtube.com/watch?v=T7zR3IDEHrM

Dalğa Xatınoğlu
Trend-in icmalçısı
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.