Mədəniyyət

Azərbaycanda kuklalar kimə, nəyə və nə üçün gülür?

7 İyul 2010 10:35
Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Oxuyan oxusun, oxumayan da "məqalə böyükdür, ağırdır" deyib məni suçlamasın, bacarsa, mahiyyətə varsın.

Azərbaycanda kukla şünası yoxdur. Bu yaxşıdır, ya pis? Adətən belə sualları cavablamırlar. Çünki sual qeyri-korrektdir: bir şeyin ki oluşu "yox"la təyin oluna, yəni varlığı olmamış ola, yəni ondan yerli-dibli olmaya, bu, heç vədə yaxşı sayılmaz. Lakin... və bir də lakin.... əgər "kukla şünası" bizlərdə olsaydı, yəqin ki məni teatr bilicisi kimi (bir az özümü arxayınlaşdırım) Qaxa aparmazdılar. Əgər Qaxa getməsəydim, bu yazı da yazılmayacaqdı. Görürsünüz, xalq həmişə haqlıdır, hər şey yaxşılığa doğru. Amma indən beləsinə Azərbaycanda kukla şünasının olması daha vacib məsələ. Nədən ki, çağdaş dünyada kuklalar, kuklaçılıq sənəti, kukla teatrı yenidən mədəniyyətin gündəminə, avanqardına gəlir, calibi-heyrət olur.
...kuklalar gəlir... və gülür.
Kimə, nəyə və nə üçün?
Elə isə, izn verin, kukla və kuklaçıların Qaxa səyahəti kontekstində bəzi mətləbləri bir balaca izah eləyim.

BİRİNCİ GÜN: "TURP" ƏHVALATI

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyun ayının 17-dən 22-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin patronajlığı ilə gerçəkləşən II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİNİN qısa bir cənnət festivalına çevrildiyini mən dilimə gətirməyəcəyəm. Beş kukla teatrının beş gün "YAŞIL PARK"da özünə rahat, ideal komforta yaxın bir ünsiyyət məkanı bulduğunu da söyləməyəcəyəm. Əminəm ki, məndən öncə jurnalistlər təzə xəbərlərin hamısını bitdə-bitdə informasiya bloklarına yığıblar, Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsinin ünvanına da bir-iki xoş kəlmə deyiblər, bu şöbənin işini dəyərləndiriblər. Ona görə mən birbaşa keçirəm "Turp" əhvalatına, hansı ki vaqe olur rəsmi açılışdan sonra Qax Dövlət Kukla Teatrının səhnəsində.
Bəli, bəli, heç təəccüblənməyin, bu, həmin "Turpun nağılı"dır ki var və biz də onu uşaqlıqdan əzbər bilirik: "baba turpdan, nənə babadan.... tutdular: dartdılar, dartdılar, çıxarda bilmədilər"... Cəmi bir səhifəlik nağıl. Amma Qax Kukla Teatrı götürüb bu nağıldan "Turp" adlı klounsayağı əla bir laloyunu düzəldib; elə düzəldib ki, bir gözünlə nağılı tanıyırsan, o birisilə yox. Qaxlıların yozumunda sadə, və bəlkə də primitiv, nağıl dönüb olub fəlsəfi pritça, bədii möcüzə.
Öz sosial fəaliyyət tipinə görə Qax Kukla Teatrını iki cür definisiya etmək mümkündür: bu, xalis uşaq teatrıdır: repertuar siyasətində nağıllara söykənir, əyləndirmək və tərbiyələndirmək missiyasını boynuna götürür. Digər yöndən isə Qax Kukla Teatrı məcazi-simvolist teatrdır, tamaşalarını, başqa sözlə anlatsaq, vizual mətnlərini həm də böyüklərə ünvanlayır.
"Turp" isə şirma arxasında ağac kuklaların köməyilə göstərilən kukla oyunudur. Bu ağac kuklalar iri ağ əlcəklər geymiş pantomim plastikasına malik əllər içində səhnəyə çıxarılır. Əlcəklər haradasa Miki Mausun boks əlcəklərini xatırlatsa da, tamaşanın plastik rəsmində onlar Van Qoqun günəbaxanları qədər ifadəli və attraktiv olur. Kukla oyununun rejissoru Yusif Abdurahmanov rəssam və kuklaçılarla birgə gah əlcəkli əlləri şirma üstündə ard-arda "yatızdırıb" dənizin necə ləpələndiyini görükdürür, gah da onları ağac budaqları kimi "silkələyib" bu "titrəyiş"də bədənsiz küləyi "bədənləşdirir".
Kukla teatrında gerçəkliyin şərti imitasiyası aspektində mümkünsüz heç nə yoxdur.
Öncə şirma arxasında bir, iki, üç nisbəti saxlanılmaqla 6 kukla peyda olur. 6-sı da eyni ölçüdə, eyni görkəmdədir. Kuklalar başıləçəkli nənələri (rus "babusyalarını") eyhamlaşdırır; boyları 50-60 sm. ola, ya olmaya. Nənələr ibarətdir taxta bədəndən, plastik yumru qafadan, ikicə bərəli gözdən, geydirmə uzunsov burundan. Sözləri-filanları da yox, mimlər kimi nidalarla danışarlar.
Bir gün nənələrdən birincisi dəmir pul (və ya qızıl) tapır. Tapdığını başqalarına da göstərir (demokratiya), sistem, iyerarxiya yaradır (dövlət), özükimilər cərgəsində hakim mövqeyə yiyələnir (konstitusiyalı monarxiya). Sonucda demokratik prinsipdən faydalanan nənələr qərara alırlar ki, pulu çoxaltsınlar. İdeya əvvəlincinindir, icraçı - axırıncıdır; ortadakılar isə güc və fırıldaq sahibi olan tənbəllərdir. Götürüb pulu əkirlər, sulayırlar. Vaxt keçir, pul yaşıl-yaşıl yarpaqlayır. Nənələr bir-bir turpa yaxınlaşırlar, amma ha əlləşirlər, pulu (yəni turpu) torpaqdan qopara bilmirlər. Bu zaman nənələrdən birinin, - axırıncısının, - qafasını taxta bədəndən ayırıb, burnunu dimdiklə əvəzləyib, yaylığı açılmış keçəl başını lələkləyib quşa döndərirlər və əsgərlərə xəbər göndərirlər ki, gəlib turpu çıxartmağa kömək eləsinlər. Əsgərlər (onları babalar kimi də yozmaq imkanı var) məktubu alan kimi varid olurlar hadisə yerinə. Bu əsgər-babaların da sayı 6-dır: zahirən hamısı da nənələrə oxşayır, bircə ləçəkləri çatışmır.  Onlar da turpu dartırlar, dartırlar, çıxarda bilmirlər, axırı mürəxxəs olub gedirlər.
Bax, bu yerdən nağıl qayıdır öz köhnə məcrasına. Nənələr bir-bir gözümüzün qarşısındaca çox asanlıqla (saç və burun dəyişmələrilə) babaya, nəvəyə, itə, pişiyə, siçana çevrilib "Turpun nağılı"nın iştirakçılar zəncirini, hadisələr ardıcıllığını bərpa eləyirlər. Beləliklə, baba turpdan, nənə babadan, nəvə nənədən, it nəvədən, pişik itdən, siçan pişikdən yapışıb dartırlar, dartırlar və turpu çıxardırlar... və birdən görürlər ki, torpaqdan turp (çoxlu pul) əvəzinə dünya-qlobus peyda oldu. Gözlənilməz, orijinal və effektlidir, düz demirəmmi? Bundan sonrası yenə improvizədir. İndi bu dünyanı yazıq nənələr necə bölüşdürsünlər? Biri gedir dünyanı kəsib-doğramağa xəncər gətirir, o birisi isə - atom bombası. Elə bu dəm bir quşcuğaz dünyanın üstünə qonub onu caynaqlarına alır və acgöz insanlardan bu dünyanı uzaqlaşdırır...
Nağılı dekonstruksiya eləyəndə ətrafa fəlsəfi tezislər səpələnir.
Dünya-qlobus daha dözəmmir, insanlardan bezib-inciyib-küsüb qaçır, onların fikrini qan-qan görüb qaçır, insanların ideyalarındandan, əməllərindən qorxub qaçır.
Bu nağılın kontekstində kim turpu dünya kimi yozubsa, bu cür kuklaları kim (quruluşçu rəssam Mais Abdullayev) fikirləşib tapıbsa, kim "Turpun nağılı"nı super müasir "Turp" uşaq oyununa çeviribsə, kukla teatrının dahisidir. Mən ideyaların və formaların imitasiya faktını da inkar etmirəm, Qax kuklaçılarının (A.Mehrablı, A.Yaqubova, A.Kərimov, L.Cəlilova, Z.Paşayev, N.Hüseynova) professionallığını da. Amma bütün düşüncə versiyalarının fövqündə mən elə hesab etdim ki, Qax Dövlət Kukla Teatrı Azərbaycanda peşəkarlıq nümunəsi sərgiləyir. Gəl bir olmasın da... Axı bu teatrı bizim yeganə professional kuklaçımız "batono" gürcü qardaş İsako Zeynalaşvili yaradıb. Ona görə də truppa çox səriştəli, mobil və çevikdir: həm də ki üstəgəl gənclik faktoru. Nə deyim, mən, əlbəttə, Azərbaycan teatr mədəniyyətinin kontekstini göz önünə gətirib də, hədsiz sevindim; sevindim ki, nə yaxşı onları tanıdım və bu teatrı təbliğ etmək imkanı qazandım. Məhz bu kukla tamaşasına baxıb da mən əmin oldum ki, Qaxa nahaq gəlməmişəm və II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİNDƏ iştirak etməyinə dəyər. Şəxsən mənim üçün "Turp" kukla tamaşası lokal bir teatr törənini maraqlı elədi,  kukla həftəsinin düşüncə səviyyəsini, peşəkarlıq həddini, estetik meyarını müəyyənləşdirdi.

İKİNCİ GÜN: ÇƏTİN MƏSƏLƏ

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 18-i Gəncə Dövlət Kukla Teatrının ixtiyarına verilmişdi: saat 1100-da xalq nağılı əsasında "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşası oynanıldı, saat 1500-da isə Rafiq Səməndərin "Çətin məsələ"si.
Bu teatr sırf uşaq teatrıdır: məqsədi uşaqları əyləndirməkdir, onların gözünə xoş görünmək, onları sevindirməkdir. Lakin, əfsus ki, bu teatr primitiv oyun üslubu ilə, "Qıtqılıda" havacatına köklənmiş bəsit tamaşalarla çıxır seyrçi qarşısına. Bu teatrın kukla oyunlarına baxanda adama elə gəlir ki, XX əsrin 30-cu illəri hələ qurtarmayıb. Kuklalar görkəmcə çox effektsizdir, hərəkət dinamikasından məhrumdurlar və seyrçidə heç bir emosiya oyatmırlar. Gəncəlilərin kukla tamaşaları adi narrativlik, başqa sözlə, nağılın süjeti səviyyəsindən, nağıl hadisələrinin təhkiyəsindən uzağa getmir. Belə deyək də: bu teatrda kuklalarla yalnız nağılın şəklini çəkirlər. Şəkillərsə solğun, səthi və təqribi alınır.
Kukla teatrının möcüzəsi isə budur ki, kukla kuklaçının əlində dirilsin, cansız materiya canlı məxluqlar kimi yeriməyə, reaksiya bildirməyə, rəqs etməyə, gülüb-danışmağa qadir olsun. Təəssüf ki, Gəncə Kukla Teatrında bu, belə deyildi. Həqiqətən, bu iki tamaşaya isti və boğanaq içində baxmaq bizim üçün, yəni dramaturq (Əli Əmirli), rejissor (Bəhram Osmanov) və şünaslardan (Məryəm Əlizadə, Kəmalə Cəfərzadə, Vəfa Kazımova) ibarət tənqidçilər kollegiyası üçün, qədərincə çətin məsələ oldu. Hər kiçik epizoddan sonra fonoqramma ilə yayımlanan oyun havacatları isə mənə bir daha xatırladırdı ki, bu kukla tamaşaları öz estetikası etibarı ilə bizim toyxana mədəniyyətinin bir addımlığındadır. Tamaşa boyunca mən kukla personajlarında (iradlarım hər iki tamaşaya aiddir) xarakter deyilən bir nəsnə görmədim, onların niyə uşaqların qənşərinə gəldiyini, cocuqlara nə aşılaya biləcəyini anlamadım. Əgər kukla personajı kuklaçının əlində bədii obraza çevrilmirsə, onu oynatmağına dəyməz.

Tənqiddən isə heç tənqidçinin özü də xoşhallanmır. Amma neyləyəsən ki, həqiqət hər şeydən üstündür. Kuklalar kuklaçının sənət sevgisilə, yaratmaq şövqü ilə dirilir, oynayır, ürəkləri fəth edir. Kuklaçı ona həyat verə bilməyəndə isə kukla ya sandıqda, ya da divardan asılı qalıb əlacsız-əlacsız sükutun ümidsizliyini "yaşayır". Kukla kuklaçının bədəninin davamıdır. Onlar arasında təmas, ünsiyyət nöqtəsi bulunmayanda kukla tamaşaları çox sönük görsənir. Gəncəlilər də gərək əvvəlcə kuklaları sevsinlər, sonra onlarla dil tapsınlar və yalnız sonra... onları idarə etməyə girişsinlər.

ÜÇÜNCÜ GÜN: ÇAY DƏSTGAHI

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 19-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı bizlərə saat 1100-da "Çay dəstgahı", saat 1500-da isə "Cik-cik xanım" tamaşalarını göstərdi. Bu kukla teatrı nə uşaqlar üçündür, nə də böyüklər üçün. Amma son dərəcə iddialı və darıxdırıcı teatrdır. Tamaşalara baxdıqdan sonra məndə belə bir təəssürat yarandı ki, Naxçıvan kuklaçılarında kukla teatrı haqqında bilgilər sıfır, kuklanı oynatmaq bacarığı isə həvəskar səviyyəsindədir. Mirzə Cəlilin eyniadlı alleqorik pyesi əsasında hazırlanmış "Çay dəstgahı" kukla oyunu üzüntülü, bədheybət, qorxulu bir yuxu-operanı xatırladırdı. Tamaşada ipli kuklalardan istifadə edilmişdi: kuklalar səhnədə yarımdairə formasında düzülmüşdülər: vaxt yetişəndə hərə əsgər kimi irəli addımlayıb,  öz solo partiyasını ifa edib yerinə qayıdırdı. Aləm qaraya bürünmüşdü. Lakin bu qaranın çağdaş dövrümüzün bir sıra kukla teatrlarında tez-tez tətbiq olunan "qara kabinet" estetikası ilə heç bir ilişkisi yox idi. Musiqi isə sanki istəkan, qaşıq, nəlbəki kimi yüngül fakturaya malik nəsnələr üçün deyil, ağır heykəllər, yük maşınları və tanklar üçün bəstələnmişdi. Tamaşanın atmosferi elə bil ki həbs düşərgələrinin müdhiş ovqatı ilə, despotizmlə aşılanmışdı. Yalnız nökər Əli (Mir Qabil Əkbərov) səhnəyə çıxanda bu ovqatı nisbətən yumşalırdı. Bir də quruluşçu rəssamın (Rafael Qədimov) kukla oyunu üçün tapdığı əlvan konstruksiyadan daha effektli yararlanmaqla tamaşaya müəyyən bir dinamizm  gətirmək mümkün idi. Hərçənd mən inanmıram ki, tamaşanı bununla xilas etmək olardı.
"Cik-cik xanım"sa məşhur bir nağıldır, musiqi leytmotivi də özündən məşhur: dınqıl sazım, dınqıl sazım. Azərbaycanın gənc intellektualları "Cik-cik xanım"ı mənasızlıq simvolu hesab eləyirlər və mən də onlarla tam şərikəm. Amma gəlin, razılaşaq ki, bu, cığal bir sərçənin sərgüzəştidir, insanlarla oyun-zarafatıdır, "al"-"ver" haqqında azərbaycanlı uşaqlara keçilən ilk dərsdir, nəzəri məşqdir. Heç əbəs deyil ki, millətimiz alverdə (biznesdə) pərgardır. Bəlkə də elə ona görədir ki, mən hər dəfə "Cik-cik xanım" nağılının qarşısında yeni müəllif adı görürəm, bu fərsiz nağılı mənimsəmək iddiası görürəm. Və onların sayı çoxdur: Selcan xatundan tutmuş Səməd Canbaxşıyevə qədər, və ya əksinə. Ancaq nağıl həmişə həmən nağıldır ki var. Nə isə... həya məsələsi çətin məsələdir.

Qəribədir, "Cik-cik xanım" kukla tamaşasından aldığım emosional impulslar məni dərhal "Çay dəstgahı" tamaşasına ünvanlayırdı. Yenə həmin dalğa idi, həmin də koordinat. Düzdür, burada kuklalar qapitlər (millər) vasitəsilə monoton bir şəkildə hərəkətə gətirilirdi, oynaq bir musiqi çalınırdı, amma gizli bir narahatlıq, həyəcan hissi seyrçini heç cür tərk etmirdi. Ona görə ki, şirmanın üstündəki oyun məkanını parıltılı, zərli qara örpəyə bürünmüş, vampir yarasaya oxşayan sərçənin kuklası tutmuşdu və bu kukla öz ağırlığı, əjdəhasayağı qanadçalmaları ilə süjet oynaqlığını, vəziyyət şuxluğunu heçə endirirdi, az qala sərçəni ekstremistə çevirirdi. Öz-özlüyündə bunu maraqlı bir yozum kimi təqdim etmək olar: doğrudan da, o necə və nə boyda sərçədir ki, qoyunu, gəlini götürüb qaçır və heç kim ona heç nə eləyə bilmir.  Məhz bu məqamda kukla oyununun quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanovanın bəraəti var. Lakin bu fikrə, ideyaya relevant bədii həll tapılmadığından, situasiyalar zamanın estetik meyarlarına uyğun dəyişmədiyindən və hər şey çox ciddi qəbul edildiyindən tamaşa ilə seyrçi bir-birilərinə münasibətdə özgəsi olaraq qalırlar.
Mən bu tamaşalardan sonra düşündüm ki, görünür, Naxçıvan Kukla Teatrı hələ də sənətdə nə istədiyini, kimlərdən ötrü işlədiyini özü üçün yaxşı aydınlaşdırmayıb, professionallaşmayıb. Hərçənd bütün bunlarla yanaşı hər iki tamaşa sosiopsixoloji analiz üçün əla materialdır.

DÖRDÜNCÜ GÜN: DANIŞAN KUKLA

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyun ayının 17-dən 20-ə kimi sovet dönəminin təbliğ pafosu ilə danışmağı çox sevən div cüssəli bir adam vardı Qax şəhərində: Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov. Əsl nağıl personajı idi. Salyanlıların "Danışan kukla" tamaşası göstərildikdən sonra isə bu direktor birmənalı şəkildə susmağa üstünlük verdi. Deməli, ümid etmək olar ki, hər şey itirilməyib.
Abdulla Şaiqin eyniadlı pyesi əsasında hazırlanmış "Danışan kukla" tamaşası hələ 2008-ci ildə I Respulika Kukla Teatrları Həftəsi çərçivəsində göstərilib, bu dəfəki gəliş onun ikinci zühurudur. Şərhə ehtiyac varmı? Yox. Onda keçək ayrı problemlərə. Salyan Kukla Teatrı bir qədər fərqli metodika ilə işləməyə çalışır: kuklaçını seyrçidən gizlətmir, tamaşalarını aktyorla kuklanın birbaşa kontaktı üzərində qurur. "Danışan kukla", əslində, tamam kuklasız tamaşadır. Bu pyesi yazanda A.Şaiq gücün, pulun, düşkün mənəviyyatın və sosial ehtiyacın ("Qaraca qız", "Üç gombul", "Oyuncaq" filmlərini  yadına sal) canlı insanı necə kuklaya çevirdiyini göstərmək istəyirdi. Kukla teatrı da birə-bir müəllifin ardınca gedib və konkret heç bir bədii nəticə əldə etməyib. İdeya aktual səslənsə də, oyun üslubu, ifadə forması köhnə və maraqsız qalıb.

"Gəlinciklər" (müəllif Sevinc Nuruqızı) tamaşası da "Danışan kukla"ya yaxın bir oyun estetikası sərgiləyirdi. Burada aktyorlarla qapit kuklalar eyni bir oyun məkanını bölüşürdülər. "Gəlinciklər" tamaşası emosiyaların səriştəsiz, vulqar və zövqsüz imitasiyası üzərində qurulmuşdu. Aktyorların kuklalarla heç bir ruhsal bağlılığı yoxdu: onlar dramatik teatrın səhnəsinə çıxmağa qadağa qoyulmuş pis ifaçılarla assosasiya yaradırdı. Dramaturji materialın mövzusu da, ortaya atdığı mənəvi problem də seyrçini inandırmaq iqtidarında deyildi. Axı real həyatda belə olmur: uşaqlar heç vaxt bilə bilmirlər ki, gəlinciklər onları niyə sevmir. Bəyəm onlar heç bu barədə fikirləşirlər? Uşaq - kukla münasibətləri həmişə iyerarxik olur və kukla uşağı heç vədə üstələyə bilmir. Sadə bir səbəbə görə: kukla uşağın hədiyyəsidir.
Bir sözlə, Salyan Kukla Teatrı gələcəkdə ciddi və koordinal islahatlara məruz qalmasa, məncə, iş aşmaz.

BEŞİNCİ GÜN: ZINQIROVLU PİŞİK

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 21-də saat 1100-da qaxlılar "Qızıl balıq" nağılını teatrın ədəbi hissə müdiri Osman Abdullayevin versiyasında oynadılar. Kuklaçılar tamaşanı qapit (mil) kuklalarla şirma arxasında gizlənib göstərirdilər. Tamaşa mənə estetik baxımdan köhnə təsir bağışladı, süjet ləng inkişaf eləyirdi, rəssamın (M.Abdullayev) işində orijinal və qeyri-adi heç nə gözə dəymirdi. Musiqi tərtibatı (Y.Abdurahmanov həm də kukla oyununun rejissorudur) da bu tamaşanın şəcərəsini "Piri babanın nağılları"na bağlayırdı. Görkəmcə də kuklalar bir o qədər cəlbedici görsənmirdi. Amma bu tamaşa üç effektli mizan-məqamla yadda qaldı: birinci: tülkünün (kuklaçı Nərminə Hüseynova) məharətlə öz xarakterini görükdürməsilə, balıqları ehmalca balıqçı səbətindən götürüb yola atması ilə; ikinci: şah sarayında döyüşçülərin (kuklaçılar Araz Mehrablı və Azər Kərimov) xəncər davası ilə; üçüncü: qızıl balığın (kuklaçı Nərminə Hüseynova) qudurğan qarıya qəzəblənib təlatümlü dalğalar arasında itməsilə. Lakin mən yenə də öz fikrimdən dönmürəm: bu mövzuda, təqdim olunan estetika və texnikanı məqbul saymaq şərtilə, daha əlvan tamaşa oynamaq olardı.
Saat 1500. Səhnə A.Şaiq adına Azərbaycan (nə üçün Bakı yox? Məgər Salyan, Qax, Naxçıvan Azərbaycanı təmsil eləmir?) Dövlət Kukla Teatrının ixtiyarındadır. Oynanılır Əhməd Orucun "Zınqırovlu pişik" pyesi, təbii ki, məşhur nağılın motivlərinə söykənərək yazdığı pyesi. Rejissoru Elşad Mustafayevdir. Yeri gəlmişkən, Kukla Teatrları Həftəsində yeganə teatr idi ki, tamaşalarının proqramı gözə dəymədi. Bunu lotuyana jest ayağına yozaq, yoxsa səhlənkarlıq hesab eləyək? Ona görə bu xüsusda mən nəyi səhv salsam, kimin ad və soyadını düz yazmasam, üzrlüyəm, yəni babalı teatrın özünün boynuna.
Elşad həm konfransye, həm kuklaçı, həm də aktyor kimi çox istedadlı bir adamdır: səhnəyə çıxan kimi uşaqların diqqətini həlim, mehriban, səmimi danışığı ilə özünə çəkdi və teatrın aktyoru Elnurun solo nömrəsini elan elədi. Nömrə gözəl bir pantomim oyunu, məşhur estrada müğənnilərinə bir parodiya. Elə bir parodiya ki, zaldakıları əməllicə coşdura bildi. Ardıyca "Zınqırovlu pişik" başladı və bu tamaşa rejissor Elşadın kukla teatrı üçün məqbul saydığı estetikanı sərgilədi.
Sosial fəaliyyət tipinə görə onun teatrı satirik kukla teatrıdır və bu teatr aktyorun, kuklanın və seyrçinin birbaşa canlı ünsiyyəti üzərində qurulur. "Zınqırovlu pişik" günümüzə, gerçəkliyimizə və şou dünyasına refleksiyadır, təmsilvaridir, xırda zarafatlarla doludur. Tamaşada müasir estrada bomonduna mənsub fərdlərin jest və ədalarına bir parodiya kimi düşünülmüş koppuş zınqırovlu məstan pişik Elşadın, fəndgir və zirək, sısqa və çevik siçanlar isə Elnur və xanım dostlarının ifasında əla baxılırdı. Burada pişik və siçanların kuklalarından aktyor oyununun, süjet dəyişmələrinin refreni kimi ikinci planda faydalanırdılar. Birinci planda isə Elşad, Elnur və xanım dostları "od qoparırdılar". Böyüklərin də, uşaqların da "Zınqırovlu pişik"dən ötrü "ürəyi getmişdi" həmin gün.
Bu tamaşa A.Şaiq adına Kukla Teatrında fərqli bir üslubda, fərqli bir estetikada işləməyə üstünlük verən özünəməxsus bir qrupun əmələ gəldiyini bəyan elədi. Amma mən istəməzdim, A.Şaiq adına Kukla Teatrı parçalansın. Çünki məhz bu teatrda Elşad və aktyorları, sözün əsl mənasında, xitə çevrilə bilərlər.

ALTINCI GÜN: AĞ VƏ QARA

Təqvimin günləri Qax şəhərində vərəqlənir.
İyunun 22-si. A.Şaiq adına Kukla Teatrı saat 1100-da rejissor Kamran Şahmərdanın "qara kabinet" estetikasında qurduğu "Ağ və qara" tamaşasını göstərir. Mən bu kukla oyunu haqqında yazmışam deyə, təhlilə varmayacağam. Tamaşa böyüklər üçün nəzərdə tutulub, amma mən uşaqların ovsunlanmış kimi ecazkar kuklalara necə kirimişcə baxdığını görürəm. "Ağ və qara" mistik-eyhamçı kukla teatrı tipini mədəniyyət müstəvisində aktuallaşdırır. Kuklaçılar (başda Rəhim Rəhimov olmaq şərtilə) görünmürlər və adama elə gəlir ki, səhnə məkanında kuklaların özləri qəribə bir mistika içində davranıb danışırlar. Təsir suggestiv və fantastikdir, hamı gördüyünə, ağ işıq topaları altında füsunkarcasına cilvələnən kuklalara valeh olub. "Zınqırovlu pişik"lə "Ağ və qara" A.Şaiq adına Kukla Teatrının müxtəlifliyini və mümkün perspektiv istiqamətlərini qoyur ortaya. Bundan gözəl nə ola bilir ki?..
Tamaşadan sonra biz çıxırıq kuklaçılar qarşısına, sıra ilə bir-bir söz söyləyirik: pisini də deyirik, yaxşısını da; Qax camaatına, Qax rəsmilərinə təşəkkürümüzü bildiririk. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Vəfa xanım isə bir xatirə olaraq teatrlara diplomlar təqdim edir. Bununla da II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİNİN bağlanış mərasimi sona yetir. Və...
...çox sevinə-sevinə,
hərə gedir evinə...
Biz də Bakıya yollanırıq.

YEDDİNCİ GÜN: KUKLA-MATIM DOVŞANIM

Təqvimin günləri Bakı şəhərində vərəqlənir.
Səhər saat 11:00. Düşünürəm ki, mən II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİ barədə mütləq yazmalıyam. Çünki dəyərli bir teatr toplantısında iştirak etmişəm. Çünki Azərbaycanda mövcud kukla teatrlarının mənzərəsi mənə artıq tam aydındır. Çünki ikinci belə bir səmimi teatr törəni yadıma gəlmir. Düşünürəm ki, qısa bir zaman çərçivəsində Azərbaycanda kukla teatrlarını inkişaf  etdirib onları dünya standartları səviyyəsinə uyğunlaşdırmaq mümkündür və heç də çətin məsələ deyil. Düşünürəm ki, Qax şəhərində Azərbaycan kukla teatrı mərkəzi açmaq, bu mərkəzin nəzdində kuklaçılıq emalatxanası və ya məktəbi yaratmaq perspektivi böyükdür. Düşünürəm ki, Qax şəhərində kukla teatrlarının beynəlxal festivalını keçirmək üçün hər cür imkanlar var. Düşünürəm ki, kukla teatrlarının "kukla-matım dovşanım" səviyyəsindən çıxmaq vaxtıdır. Və hətta düşünürəm ki, bəlkə mən indən sonrasına kukla şünası olum?

Aydın Talıbzadə, teatrşünas
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.