Mədəniyyət

I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyasının mədəni irsi” adlı sərgi - (Foto)

2 İyul 2026 09:12
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Heydər Əliyev Mərkəzində I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirlib. Silsilə tədbirlərdən ibarət həftə çərçivəsində "Türk dünyasının mədəni irsi" adlı sərgi açılıb.

Sərgidə  Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və M.F. Axundov adın Azərbaycan Milli Kitbxanasının kolleksiyasına aid əsərlər, həmçinin Türkiyənin müxtəlif şəhərlərinin Olqunlaşma İnstitutlarına məxsus sənət nümunələri nümayiş etdirilir. Ekspozisiya türk xalqlarının ortaq tarixi yaddaşını, mənəvi dəyərlərini, dil və mədəni birlik ideyasını müxtəlif sənət növlərinin ifadə vasitələri ilə təqdim edib.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçilmiş xalça nümunələri -Pazırıq kurqanından aşkar edilmiş dünyanın ən qədim xovlu xalçasının replikası və müasir müəllif xalçaları ortaq mədəni kökləri və davamlılıq ideyasını əks etdirir. Xalçalarda təsvir olunan qədim işarələr, ornamentlər və Orxon-Yenisey yazı ənənəsinə istinadlar türk xalqlarının dil, düşüncə və mədəni yaddaşının dərin tarixi köklərini vurğulayaraq I Türkoloji Qurultayın dilçilik və ortaq əlifba ideyaları ilə səsləşib.

Ekspozisiyanın növbəti bölməsi Dədə Qorqud və Koroğlu eposuna həsr olunub. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından Tağı Tağıyevin monumental "Koroğlu" triptixi, Mikayıl Abdullayev və Elçin Məmmədovun "Kitabi-Dədə Qorqud" dastanına çəkilmiş illüstrasiyaları, Altay Hacıyevin "Dədə Qorqud"obrazı, eləcə də Fuad Əbdürrəhmanovun qəhrəmanlıq mövzusunu əks etdirən əsərləri türk xalqlarının ortaq epik təfəkkürünü, qəhrəmanlıq ənənələrini və birlik ideyasını bədii şəkildə təqdim edib.

Sərgidə həmçinin türk dünyasının düşüncə tarixində mühüm rol oynamış şəxsiyyətlərin obrazları nümayiş olunur. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunan Sadıq Şərifzadənin M.Füzuli, Hüseyn Əliyevin M.F.Axundzadə, Tahir Salahovun M.Ə.Sabir, Nəcəfqulu İsmayılovun C.Məmmədquluzadə, Elmira Şahtaxtinskayanın H.Cavid və Mikayıl Abdullayevin Ü.Hacıbəyli portretləri türk dünyasının ortaq mənəvi məkanının formalaşmasında sözün, fikrin və sənətin birləşdirici rolunu nümayiş etdirir. Cəlil Məmmədquluzadə və Hüseyn Cavidin I Türkoloji Qurultayın iştirakçıları olması onların yaradıcılığındakı ana dili, milli özünüdərk və mədəni birlik ideyalarının Qurultayın əsas məramı ilə səsləşdiyini göstərir.

Sərgidə Azərbaycan Milli Kitabxanasının kolleksiyasında qorunan Azərbaycan və ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir və şair Məhəmməd Füzulinin XVI  əsrə aid əlyazmaları, eləcə də I Türkoloji Qurultaya aid materiallar təqdim edilib.

Ekspozisiyada Türkiyənin müxtəlif Olqunlaşma İnstitutlarının təqdim etdiyi əsərlər xüsusi hissəni təşkil edir. Burada Mahmud Kaşğarinin "Divani lüğat-it-türk" əsərində əks olunan söz və anlayışlar dekorativ-tətbiqi sənət nümunələri vasitəsilə yenidən canlandırılaraq türk dilinin, məişət mədəniyyətinin və ortaq yaddaşının əsrlər boyu yaşadığını nümayiş etdirilir.

Sərginin əsas məqsədi türk xalqlarının müştərək dilini, tarixi yaddaşını, mənəvi dəyərlərini və mədəni həmrəyliyini Azərbaycan muzeylərinin və Türkiyənin Olqunlaşma İnstitutlarının kolleksiyaları əsasında nümayiş etdirmək, I Türkoloji Qurultayın bir əsr əvvəl irəli sürdüyü birlik və ortaq irs ideyasının bu gün də aktuallığını qoruduğunu göstərməkdir.  

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.