20 yanvar saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Tədbirdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcək. Anım mərasiminin proqramında Azərbaycan və dünya klassik musiqisinin dəyərli nümunələri
yer alır. İfa olunacaq əsərlər arasında Q. Qarayevin "İldırımlı yollarla" baletindən final səhnəsi, A. Məlikovun "Axırıncı aşırım" simfonik poeması, A. Əlizadənin "Muğamvari" IV simfoniyasının final hissəsi, S. Barber'in məşhur "Adagio" əsəri xüsusi yer tutur.
Bu musiqi gecəsi milli yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, musiqinin dili ilə hüznü, qüruru və xalqımızın sarsılmaz ruhunu əks etdirəcək. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası hər kəsi bu mənalı anım mərasimində iştirak etməyə dəvət edir.
Giriş sərbəstdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





