2025-ci il Berlin Elm Həftəsi çərçivəsində I-opener e.V.-nin sədr müavini və baş kuratoru, azərbaycanlı kurator Züleyxa İbad incəsənət, elm və ekoloji düşüncəni bir araya gətirən "Beyond Now: How to Think Like a Forest When You've Been Raised by Screens" adlı iki hissəli beynəlxalq proqram təqdim edib.
Züleyxa İbadın sözlərinə görə, festivalın ümumi açılışı 1 noyabr tarixində Berlinin Museum für Naturkunde-də keçirilib. Berlin Elm Həftəsinin 10 illik yubileyini qeyd edən bu əsas tədbir tərəfdaşları, tədqiqatçıları və iştirakçı qurumları bir araya gətirərək geniş elmi və mədəni dialoqa imkan yaradıb. Açılışda elmi institutların nümayəndələri, kuratorlar, musiqiçilər və müxtəlif sahələrdən gəlmiş qonaqlar iştirak edərək həftənin atmosferini formalaşdıran ilk görüş və söhbətlərə start veriblər.
Proqramın birinci hissəsi Mahalla Berlin məkanında keçirilib və iki gün ərzində 500-dən çox ziyarətçi qəbul edib. Sənətçilər Vincent Jondeau və Benjamin Claux ekologiya, yaddaş və qavrayış kimi mövzuları fərqli vizual ifadələrlə araşdırıblar.
• Vincent Jondeau 19-cu əsr botanika illüstrasiyalarını nəsli kəsilməkdə olan bitkilərin müasir fotoşəkilləri ilə birləşdirərək təbiətin getdikcə daha görünməz olmasına diqqət çəkib.
• Benjamin Claux meteorit mikroskop görüntülərini tekstil və rəqəmsal video ilə əlaqələndirərək ekoloji narahatlıqlarla kosmik təxəyyül arasındakı əlaqələri açıb.
Proqramın ikinci hissəsi AirBerlin Alexanderplatz Project Space-də baş tutub. Burada 45 iştirakçının qatıldığı panel müzakirəsi ekoloji zaman, məsuliyyət və incəsənət-elm əməkdaşlığına həsr olunub. Paneldə Oliver Juan, Enrique Torres və Vincent Jondeau çıxış ediblər, müzakirəyə isə Züleyxa İbad moderatorluq edib.
Söhbət zamanı incəsənətin elmi mövzulara emosional və vizual giriş yaratmaq gücünə xüsusi vurğu edilib.
"Beyond Now" I-opener e.V.-nin ekoloji məsələləri incəsənət vasitəsilə daha əlçatan etmək və müxtəlif sahələr arasında davamlı dialoq qurmaq istiqamətində fəaliyyətinin növbəti mühüm addımı kimi dəyərləndirilir.
Milli.Az





