Mədəniyyət

“Hələ də gec deyil” adlı ədəbi-bədii musiqili gecə keçirilib - FOTO

13 May 2025 14:58
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində şair-qəzəlxan Mahcamal Babayevanın 75 illik yubileyinə həsr olunmuş "Hələ də gec deyil" adlı ədəbi-bədii musiqili gecə keçirilib. Yazıçı Aysel Fikrətqızının aparıcıllığı ilə keçən gecədə şairin qələm dostları və ziyalılar iştirak ediblər.

Yazıçılar Birliyinin katibi, şair, dramaturq, yazıçı İlqar Fəhmi çıxış edərək Mahcamal Babayevanın klassik janrda yazdığı şeir nümunələrində şairin öz dəst-xətti olduğunu xüsusi qeyd edib. Yubilyarın müasir zamanı əks edən qəzəllərində vətənpərvərliyi, insanın duyğu və hisslərinin poetik tərzdə ifadəsinin uğurlu olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Televiziyasının rejissoru Nizami Süleymanovun müəllifi olduğu şairin həyat və yaradıcılığından bəhs edən qısa film nümayiş olunub.

Tədbirdə "Azərbaycan" jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə çıxış edərək klassik janrda yazan müasir şairlər sırasında Mahcamal Babayevanın xüsusilə seçildiyini bildirib, onun heca vəznində yazdığı şeirlərin möhtəşəmliyini qeyd edib.

"Qobustan" jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurəliyeva, professor, musiqişünas Zemfira Qafarova, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşova, "Dədə Qorqud" Milli Fondunun rəhbəri, "Azərbaycan dünyası" beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov və digər qələm sahibləri çıxış edərək Mahcamal xanımın müasir poeziyamızdakı rolunu qeyd edərək onun Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbi və ictimai proseslərdə fəal iştirakını vurğulayıblar.

Gecədə aktyor Tural Əhməd şairin qəzəllərini səsləndirib.Yubilyar tədbirin iştirakçılarına və təşkilatçılara minnətdarlığını bildirib.

Bədii hissədə Xalq artistləri Şəfiqə Eyvazova, Teyyub Aslanov, Əməkdar artist Bəsti Sevdiyeva gənc xanəndələr Məftun Səfərli, Daşqın Kürçaylı və Mədinə Səlimova çıxış ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.