11-12 yanvar tarixində "Azərbaycan Gənclər İttifaqı" və Azərbaycan Rəqs Asossasiyası"nın tərəfdaşlığı ilə "Ümid 2025" İncəsənət müsabiqəsi keçiriləcək. Müsabiqə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.
İlin ilk və irimiqyaslı müsabiqəsinə həm Bakı şəhərindən, həm respublikamızın müxtəlif bölgələrindən iştirakçılar qatılmaqdadır. Qeyd etmək lazımdır ki, Ümid incəsənət müsabiqəsi artıq 9 ildir, böyük müvəffəqiyyətlə təşkil olunur.
Bu uğurlu layihələrin təsisçisi- "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə bildirir ki, müsabiqənin təşkilində əsas məqsəd istedadlı uşaqlara və gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini inkişaf etdirmələrinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda, vurğulamaq lazımdır ki, bu tarix köhnə Yeni ilin qarşılanmasına boşuna təsadüf etmir. Adından da məlum olduğu kimi "Ümid" İncəsənət müsabiqəsi uşaqları və gəncləri yeni ilə yeni ümidlər və motivasiya ilə başlamağa ruhlandırır".
Müsabiqə zamanı iştirakçılar bir neçə janrda (folklor, klassik, estrada) və incəsənətin bir neçə növü (mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya, moda) üzrə çıxış edəcəklər. Dörd yaşdan başlayaraq hər bir uşaq və gənc yarışmada öz istedadını, performansını nümayiş etdirə bilər.
Hər bir incəsənət sahəsi üzrə çıxışlar münsiflər tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriləcək, qaliblər müəyyən olunacaq. Müsabiqənin qalibləri sonda mükafatlandırılacaqlar.
Müsabiqənin münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarətdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az