Mədəniyyət

Böyük maarifçi Həbib bəy Mahmudbəyov

6 İyul 2012 13:42
0 Şərh     Baxış: 4 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dumada qlasnı

1887-ci ildə Bakıda ilk özəl rus müsəlman məktəbi açılır.  Həmin məktəbin yaradıcıları Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov idi. Bu, Azərbaycanda böyük hadisə oldu və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirdi. Qısa müddətdə həmin məktəb məşhurlaşdı və 1891-ci ildə dövlət təminatına keçirildi. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayıldı. 1896-cı ildə Həbib bəy Mahmudbəyov S.M.Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.

Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində  Şamaxının mötəbər şəxslərindən olan Hacı İbrahimxəlil bəyin ailəsində anadan olmuşdu. Hacı İbrahimxəlil bəyin Şirvan əsilzadələrindən olan ulu babası Hacı Sadıq məşhur Nadir şahın xəzinədarı olub.
Səkkiz yaşında ikən Həbib bəy Şamaxının məhəllə molla məktəbində oxuyur, sonra Şamaxının şəhər məktəbində təhsilini davam etdirir. 1872-ci il zəlzələsində şəhər məktəbinin binası dağılır və Həbib bəy Bakıya gələrək realnı məktəbə daxil olur. Bu məktəbdə altıncı sinfədək oxuduqdan sonra 1883-cü ildəÿSultanməcid Qənizadəÿilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlər İnstitutuna daxil olur.

1878-ci ildə Bakıda Dumaya seçkilər zamanı Həsən bəy Zərdabi və müəllim Həbib bəy Mahmudbəyov da Dumaya qlasnı seçilmişdilər. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. Duma üzvünə o zaman "qlasnı" deyilirdi. Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi. Dumaya yaşı 25-dən yuxarı olan, daşınmaz əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər. Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi. Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.

Həsən bəy Zərdabi və Həbib bəy Mahmudbəyov Dumaya əmlak sahibi kimi deyil, başçısı ölmüş varlı ailələrin qəyyumu kimi seçilmişdilər. Fərmanda varlı ailələrinə qəyyumların Dumaya seçilə biləcəyinə icazə verilirdi. Bakı Duması əvvəllər indiki Gənclər meydanında olan (indi bu mülkün yerində bağ salınmışdır) sonralar, yəni 1905-ci ildə onun üçün indiki Istiqlaliyyət küçəsindəki binaya (Hazırkı Bakı Sovetinin binası) köçmüşdü. Fərmanın verilmiş olduğu tarix də - yəni 1870-ci il onun fasadına həkk olunmuşdur. Bəziləri səhv salaraq bu tarixi binanın tikilməsi tarixi kimi başa düşürlər. Həbib bəy qlasnı kimi bir çox ictimai işlərdə fəal iştirak etmişdi.

Teatr həvəskarı

1917-ci il oktyabr çevrilişinədək Həbib bəy Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.

Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra H.Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o,  pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib.
Eyni zamanda, Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Həbib bəy Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş (Yasamal rayonu 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdu.

Həbib bəy teatr həvəskarı idi. O, teatr truppasına rəhbərlik edirdi. Azərbaycan teatr aləmində canlanma bir də 1887-ci ildə müşahidə edilməyə başlayır. Bu dəfə canlanma daha mütəşəkkil şəkildə özünü göstərir. Nəcəf bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Həbib bəy Mahmudbəyovun rəhbərlik etdiyi teatr truppaları dövrün teatr proseslərini canlandırmaqda önəmli rol oynayır.

1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamaşalarda sonralar aktyor olmuş Rüstəm Kazımov epizodik rollarda oynamışdı.

Həbib bəy Mahmudbəyovun adı "Azərbaycan teatr tarixi" kitabına düşüb. Kitabda qeyd olunur ki, o dövrdə Azərbaycanda peşəkar teatr aktyorları da yetişmişdir ki, bunlardan Cahangir Zeynalovu, Əbülfət Vəlini və başqalarını göstərmək olar. Kitabda Həbib bəy Mahmudbəyov, Ağa Kərim Şərifov, Əsgər ağa Gorani, Qaflan Muradov, Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin teatr sənətinin inkişafındakı xidmətləri tarixi faktlar əsasında açıqlanır.

Həbib bəy Mahmudbəyov xeyirsevər bir şəxsiyyət idi. O, kimsəsizlərin əlindən tutur, hərtərəfli yardım edirdi. Hüseyn Ərəblinskini Azərbaycan xalqına qazandıran o olub. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçmişdi. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyümüşdü. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə "Üçüncü rus-tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir. Beləliklə, "Üçüncü rus-tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, professional teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.

Oğlu Şamil Mahmudbəyov repressiya qurbanı Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə M.F.Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar, nəzərə çarpmırmış. Həbib bəy ona ürək-dirək verib həyan olur.

Həbib bəy Mahmudbəyov 1928-ci ildə Bakıda vəfat edib. Hazırda Bakıdakı 2 sayli Texniki-Humanitar Elmlər liseyi Həbib bəy Mahnudbəyovun adını daşıyır.

Repressiya qurbanı Şamil Mahmudbəyov Həbib bəy Mahmudbəyovun oğludur.
Şamil Mahmudbəyov 1920-ci ildən məsul vəzifələrdə çalışmış, N.Nərimanovun şəxsi katibi olmuş, Şuşa icraiyyə komitəsinin sədri, Qarabağ və Zəngəzurun fövqəladə komissarının müavini, Naxçıvan daxili işlər xalq komissarı, Naxçıvan SSR-nin xalq komissarları şurasının sədrinin müavini və sədri, Azərbaycan mərkəzi icraiyyə komitəsinin işlər müdiri olmuşdur. Şamil Mahmudbəyov torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə qarşı qətiyyətli mübarizə aparmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Arxivində və Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin siyasi sənədlər arxivində Mahmudbəyovun N.Nərimanova yazdığı gizli məktublar saxlanılır.

1924-1928-ci illərdə "Azərbaycan Dövlət Kino"sunun rəhbəri, 1931-ci ilə kimi Kənd təsərrüfatı institutunun tədris bölməsinin prorektoru vəzifələrində çalışmışdır.

1931-ci ildə Şamil Mahmudbəyov Moskvaya Qırmızı Professorlar Institutuna göndərildi. 1933-cü ildə Sormovaya göndərilmiş və Qorki şəhərində Marksizm-Leninizm institutunda oxumuşdur. Şamil Mahmudbəyov Sormova şəhərinin zavodlarında geniş maarifləndirmə işi aparır, fəal ictimai fəaliyyətlə məşğul olurdu.

30-cu illərdə aparılan repressiyalar digər görkəmli ziyalılar kimi Şamil Mahmudbəyovdan da yan keçməmişdir. 1936-cı ilin martında Marksizm-Leninizm institutunun IV kursunda təhsil alarkən bir sıra professor və tələbələrlə birgə həbs edilmişdir. Sovet Ittifaqı Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 30 aprel 1957-ci ildə ölümündən sonra bəraət almışdır.

"Azadlıq"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.