Mədəniyyət

Azərbaycanın əməkdar artisti: "Bunun Facebook-da da şahidi oluram" - FOTOSESSİYA

22 May 2012 01:30
0 Şərh     Baxış: 4 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Əməkdar artist İlqar Cahangirovun Milli.Az-a müsahibəsi.

- İlqar müəllim, bir anlığa universitet illərinə qayıdaq. Müəllimləriniz kim olub, kimlərdən dərs almısınız?

- Mənim İncəsənət Universitetində sənət müəllimim Zəminə Hacıyeva olub. Sonuncu kursda isə mənə Məlik Dadaşov və Elmira Şabanova dərs deyiblər. Biz 2-ci kursda oxuyanda paralel aktyor qrupumuz var idi, bu qrupun da rəhbəri Cənnət Səlimova idi. Bu qrupla Cənnət xanım öz Kamera Teatrını yaratdı. Mən də elə bu teatrda fəaliyyətə başladım.

- Aktyor teatrda yetişir. Sizdə də bu cür oldu?

- Universitet hovuz idi, orada bizə əlimizi, başımızı necə hərəkət etdirməyi öyrədirdilər. Amma teatr dəryadır, okeandır (gülür). Aktyorun evi teatrdır.

- Aktyor səhnədə utanırsa, kompleks yaşayırsa...

- Mən 15 il əvvəl oynadığım tamaşalarda yenə də səhnəyə çıxanda gərginlik, həyəcan yaşayıram. Məsuliyyət tam başqa bir şeydir. Siz bilirdinizmi ki, biz haraya gedəcəyik, harada oturub çay içəcəyik? Aktyor da səhnədə oynayır, amma bilmir ki, nə baş verəcək, necə olacaq.

- Tamaşa zamanı gözlənilməz halla üz-üzə gəlmisiniz? İmprovizə necə, etmisiniz?

- Bəli, məndə çox olub. Həmişə mizanlanmış, qurulmuş tamaşa oynayırdım, amma sonralar tamaşanın gedişində improvizələr etmişəm. Fikirləşmişəm ki, bəlkə elə mən ayaq üstə durmalıyam, yaxud da ki, oturmaq istəyirəmsə, niyə də oturmayım? Bu gün tamaşaçını heyrətləndirmək üçün gərək obrazı 100 faiz yaşayasan. Amma yenə də unutmamalısan ki, sən aktyorsan. Bir vaxtlar bizim tamaşalarda fit çalan, söyüş, xoşagəlməz sözlər işlədən universitet uşaqları bu gün teatra gül-çiçəklə, hədiyyələrlə gəlirlər. Mən bunun şahidi olmuşam. Yaxşı tamaşaya, aktyora tamaşaçı baxacaq və tamaşaçı tamaşaçı gətirəcək.

- Tənqidə münasibətiniz necədir?

- Tənqidə münasibətim çox yaxşıdır. Yaxşıya pis deməmişəm, yaxud da ki, pisə yaxşı. Bu gün hər bir tamaşamız tənqid olunmalıdır, amma çox təəssüf ki, bizdə tənqidçilərin sayı çox azdır. Hətta deyərdim ki, tənqidçi anlayışı yox dərəcəsindədir.

- Sizi tamaşaçılar daha çox "Ezop", "Otello" və "Oliver Tvistin macəraları" kimi tamaşalardan tanıyırlar...

- Özümü xoşbəxt aktyorlardan sayıram ki, bu 20 ildə mənim oynadığım rolları çox aktyorlar oynamayıblar. Aktyor üçün bu rollar əlçatmazdır.

- Dünya klassiklərindən kimlərin əsərlərini oxuyursunuz? Hansı əsərlərdəki obrazları yaratmaq istərdiniz?

- Mən Şekspirdən də, Molyerdən də, Con Sterlinqdən də oynamışam. Dostoyevskidən oynamaq istəyərdim. Dünya klassiklərinin əsərlərini müasir düşüncə ilə tamaşaya hazırlayan rejissor varsa, oynamaq istəyərəm.

- Elə bir rejissor yoxdur ki?

- Elə bir rejissor var, amma hələ ki, ona səlahiyyət verilməyib. Bizim teatrda "Romeo və Cülyetta" hazırlandı, hamı deyə bilər ki, yaxşı idi, amma mən deyirəm ki, yaxşı deyildi. Mən özüm də o tamaşada iştirak edirdim.

- Nə çatmırdı?

- Bu quruluşu, yanaşmanı, rol bölgülərini başa düşə bilmədim. Mənim üçün bu, yeni deyildi. Biz müasir teatrımızı yaratmalıyıq. Sən sərbəst olmalısan ki, nəsə yarada biləsən.

- Belə görürəm ki, üsyankar insansınız...

- Üsyankar deyiləm, sadəcə, göstəriş vermək istəyirlər, ona tabe olmuram. Düzdür, kiməsə görə, nəyəsə görə etməliyəm, edirəm də. Hamı elə bilir ki, mən ağıllıyam, yaxud da qəhrəmanlıq etmək istəyirəm. Bizdə insanlar var idi ki, sənətlərinə görə hətta güllə qabağına da getdilər, mən onların davamçısıyam.

- Tamaşaçılar hər zaman deyirlər ki, bizdə serial maraqsız olur, yaxud mövzuları türk seriallarının mövzularına oxşadılır. Siz də "Pərvanələrin rəqsi" serialına çəkilirsiniz, özünüz öz işinizdən razısınız?

- Düz deyirlər də, əgər serial çəkmək istəyirsənsə, pul xərcləməlisən. Ayrılan pullar düzgün xərclənsə, seriallarımız da yaxşı çəkilər, aktyor da həvəslə oynayar. Bizim serialın rejissoru peşəkardır, işini bilən adamdır. Bu gün biz özümüzü türklərlə, ruslarla müqayisə edə bilmərik, çünki onlar fil düzəldirlər, biz isə hələ qarışqa düzəldə bilməmişik. Bəli, öz işimdən razıyam, hiss etmişəm ki, tamaşaçı da baxır. Bunun Facebook-da da şahidi oluram.

- Hansı tamaşalarda sizi görəcəyik? Nə yenilik var?

- "Hacı Qara" tamaşası bərpa olunur, burada mən Heydər bəyi oynayacağam. Hələ ki, məşqlər gedir, beş-on günə təhvil verməliyik.

Əli Novruzəliyev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.