Ölkə

Anasına qovuşan körpə həyəcanı - Rövşanə yazır...

19 Oktyabr 2021 14:39
0 Şərh     Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tanınmış teleaparıcı, jurnalist Rövşanə Ağasəfqızının "Musiqili Teatrda vokal festivalı" yazısını təqdim edir.

Beş dəqiqə gecikmişdim. İçəri girəndə qapının o tayındakı dünya ilə bu üzündəki dünyanin fərqini həmən hiss etdim. Sakitcə oturacağa əyləşəndə artıq ruhum düz səhnənin ortasinda idi. Arşın malı seçirdi...

İkinci Beynəlxalq Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Akademik Musiqili Teatr "Operetta inciləri" adı altında çıxış edirdi.

İki il tamaşaçı nəfəsinə tamarzı teatrların indisi ilə keçmişini müqayisə etmək ,fərqləndirmək fikrim

yoxdur, müasir teatrın keçmişdən asılılığından, kecmişi bütləşdirib onun əsirinə dönməsindən, ovaxtkıların müasir teatrın meyarına çevrilməsindən, çağdaş teatrın tarixə çevrilən teatra uduzma səbəblərindən, istedad qıtlığından, zəif tamaşalardan, boz repertuar seçimindən, teatr sənəti üçün xarakterik intriqalardan danışmaq istəmirəm.

Çox danışmışıq bu haqda.

Çox giley etmişik.

Bu ayrı mövzudur...

Gələk Akademik Musiqili Teatrın səhnəsinə...

Rəngli, parlaq, işıqlı...

Göz oxşayırdı... Aktyorlar həvəsli, enerjili idi. İçində tamaşaçı alqışına kövrələnlər də var idi. Az deyil iki il. Aktyoru tamaşa, tamaşaçı yaşadır axı. Ən istedadsizı belə səhnənin ortasında özünü müstəqil-hakim bilir. Şah bilir. Padşah bilir.

Səhnə ovsunlu yerdir!

Ön oturacaqda əyləşmişdim. Teatrı duyan hər kəs səhnənin qoxusunun dadını bilir. Darıxmışdım əslində. O qoxu üçün qəribsəmişdim. Necə gözəl, necə xoşbəxt idi aktyorlar. Uşaq evinə atılan, qəfil anası qayıdan körpənin sevinci vardı gözlərində. Elə həvəslə çıxış edirdilər... Təlaş qarışıq qorxu da sezilirdi. Birdən yenə qapanar həyəcanı səhnə sevgisinin enerjisinə damcı-damcı qarışıb həssas tamaşaçı alqışında itirdi.

Möhtəşəm idi. Repertuar gözəl seçilmişdi. Orkestr mükəmməl ifa edirdi. "Arşın mal alan" operettası ilə başlayan konsert Fikrət Əmirovun "Min bir gecə" baletindən Şəhrizadın bayram səhnəsi ilə bitdi. Sona qədər birnəfəsə izlədim. Doyunca alqışladım. Əsgər, Gülçöhrə, Silvanın cıxışına "bravo" qışqırdım.

Və tamaşaçını ana instinktivi ilə bağrına basan qəribsəmiş məkan...

Akademik Musiqili Teatr...

...İşıq saçırdı. Şöləsi göz qamaşdırırdı. Hər yer tər-təmiz. Pandemiya qaydalarına ciddi riayət olunur. Ciddi yoxlanış... Ara məsafəsi... Səliqə-sahman...

Başqa teatrları açılışdan sonra görməmişəm, amma Akademik Musiqili Teatr əsl bayram əhval-ruhiyyəsində idi. Teatrin direktor Əliqismət Lalayevin sıravi işçi kimi ən xırda detala, ən vacib məqama xüsusi diqqət-qayğısı da gözümdən qaçmadı.

Beyni dincəlmiş, ruhu təzələnmiş qayıtdım...

"Telefonları söndürün! Tamaşamız başlayır! - əks-səda verir səs...

Qıfıllı qapılar aktyor ömrünün illərinə vurulmuş kilid...

Bu qarışıq dünyanın kilidi çox, açarı az.

Lütfən, ruhumuza acar tapdığımız ünvanlar bir daha qapanmasın!

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.