Ölkə

Maşını bərk sürmək üstündə bıçaqlanma - Balaxanıda başdaşı düzəldən gənc öldü

18 Aprel 2021 15:08
Baxış: 1 189

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Şamaxı rayonu Adnalı kənd sakini, 26 yaşlı Ülvi Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az bildirir ki, virtualaz.org-un xəbərinə görə, bir neçə il öncə hərbi xidmət zamanı əsgər yoldaşını bıçaqlayaraq həbsə düşən Ülvi Mahmudov oxşar cinayəti ötən il Balaxanı qəsəbəsində törədib. Bu dəfə əvvəlkindən fərqli olaraq ağır dərəcəli bıçaq yarası alan qəsəbə sakini 33 yaşlı Natiq Məmmədovu ölümün pəncəsindən xilas etmək mümkün olmayıb.

Mahmudovlar ailəsi dörd il öncə Şamaxı rayonundan Bakıya köçüblər. Beş nəfərlik ailə Balaxanı qəsəbəsində məskunlaşıb. Ülvi müxtəlif tikinti yerlərində fəhləlik edib, qardaşı Mehrac isə telefon mağazasında satıcı işləyib.

Təqsirləndirilən Ülvi Mahmudov ifadəsində hadisə baş verən gün iş yoldaşıgildə qaldığını, səhər ordan çıxıb evlərinə gələrkən yolda tanışı Camalla rastlaşdığını deyib: "Camalı qəsəbədə  fəhləlik edən vaxtlar tanımışdım. Bir neçə dəfə mənə çay, su vermişdi, aramızda dostluq yaranmışdı".

Ü. Mahmudovun ifadəsinə görə, Camal ona həyətində apardığı tikinti işləri barədə danışıb. Elə bu vaxt küçəylə hərəkət edən "Moskviç" markalı avtomobil onların yanına çatanda sürəti artırıb. Ülvi sürücüyə "niyə elə sürürsən, görürsən söhbət edirik" dedikdə sükan arxasındakı şəxs maşını saxlayıb, avtomobildən düşüb onlara yaxınlaşıb. Əsl faciə də bundan sonra baş verib. Sürücünün "yaxşı edirəm, sənə nə" deməsi və əli ilə Ülvini itələməsi bu faciənin başlanmasına rəvac verib:

"Sinəmə yumruq vurdu. Zərbənin təsirindən arxaya doğru getdim, kürəyim divara dəydi. Sonra gözümün altına yumruq atdı. Cibimdən bıçağı çıxarıb vurub qaçdım. Gecə evində qaldığım iş yoldaşım Yusifgilə gəldim. Hadisə barədə ona heç nə demədim. Yusifin telefonundan qardaşım Mehraca zəng vurub adam bıçaqladığımı dedim".

Ü.Mahmudov ifadəsində Natiqi öldürmək niyyəti olmadığını deyib: "Natiqin öldüyünü bilməmişəm. Qardaşım dedi ki, gəl işlədiyim telefon mağazasına, mən də ora getdim. Mağazaya girmək istəyəndə iki polis əməkdaşı yaxınlaşdı, polis şöbəsinə getməli olduğumu dedilər. Natiqi əvvəllər tanımamışam. İlk dəfə hadisə yerində görmüşəm. Mənə qarşı Natiq təhqiramiz ifadələr işlətməyib. Aramızda münaqişə bir-iki dəqiqə davam edib. Natiqi öldürmək məqsədim olmayıb".

Balaxanı qəsəbəsində məzar daşlarının düzəldiləməsi ilə məşğul olan mərhum Natiq Məmmədovun anası Xatirə Qurbanova ifadəsində səhər saatlarında oğlunun dostu Vüqarın ona zəng vurub Natiqin bıçaqlanmasını xəbər verdiyini deyib: "Xəstəxanada tibb bacısı işləyirəm. Səhər təxminən 09:00 radələri olardı. Oğlumun dostu Vüqar zəng vurub dedi ki, Natiqi xəstəxanaya gətirirəm. Həmin vaxt mən gecə növbəsindən çıxıb artıq evə gedirdim. Vüqarın zəngindən sonra taksiyə minib yenidən xəstəxanaya qayıtdım. Oğlumun heç kimlə münaqişəsi, düşmənçiliyi olmayıb".

Hadisənin canlı şahidi olan Camal Yaqubovun ifadəsindən: "Natiqi qəsəbə sakini kimi tanıyırdım. Ülvini isə bizim qəsəbədə tikinti işləri aparılan zaman fəhləlik edən vaxtlar tanımışam. Hadisə baş verən gün Ülvi ilə söhbət edən zaman uzaqdan asta hərəkət edən avtomobil bizim yanımıza çatanda sürəti artırdı. Ülvi də sürücüyə iradını bildirdi. Sükan arxasında olan Natiq maşından düşüb Ülviyə yaxınlaşdı, "yaxşı edirəm" deyib sinəsinə yumruq vurdu. Sonrasa sol gözünə yumruq ilişdirdi. Ülvi bıçaq çıxarıb Natiqə zərbə endirib qaçdı. Natiq maşının qapısına açıb dizi üstə yerə yıxıldı. Sağ əlini oturacağa, başını da əlinin üstünə qoydu. Həmin vaxt hadisə yerinə adamlar toplaşmışdı. Bir neçə dəqiqə sonra Natiqin dostu Vüqar gəldi, qucaqlayıb yan oturacağa oturtdu. Natiq hərəkətsiz idi, şüuru özündə deyildi".

Mərhumun yaxın dostu Vüqar Şeydayev Natiqin heç kimlə problemi olmayan, sakit təbiətli insan olduğunu deyib: "Bir yerdə Balaxanı qəbristanlığında işləyirik, məzar daşları düzəldirik. Natiq hər səhər həmin küçə ilə işə gəlirdi. Səhər tezdən balaca bir uşaq qaça-qaça gəlib Natiqi bıçaqladıqlarını dedi. Tez qaçıb həmin yerə getdim. Natiqin halı özündə deyildi, yarasından çoxlu qan axırdı, nəfəs almırdı, hərəkət etmirdi. Xəstəxanaya apardıqda həkimlər Natiqin artıq keçindiyini dedilər".

Beləliklə, sözün əsl mənasında "heç nəyə görə" küçənin ortasında adam bıçaqlayıb öldürən bu şamaxılı fəhlə indi ömrünün xeyli qismini həsbxana divarları arasında keçirməli olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.