Ölkə

"Azərbaycanda qrip bu şəxslər üçün ölümcül təhlükəyə çevrilə bilər" - Baş infeksionist

5 Mart 2021 10:31
Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox xəstəliklərlə mübarizədə immun sisteminin önəmi həyati əhəmiyyət daşıyır. 

Bu barədə baş infeksionist Təyyar Eyvazovun Milli.Az-a açıqlamasını təqdim edirik:

"İmmunitet bədənin təbii müdafiə sistemidir. Bədəni yad orqanizmlərdən qorumaq üçün birlikdə işləyən kompleks hüceyrə, toxuma və orqan şəbəkəsidir. İmmun sistem bədənə daxil olmağa çalışan bütün maddələri tanıyır, ayırır və zərərli gördüklərini məhv edir. Zülallar və amin turşularının quruluşlarına çox bənzər maddələri belə ayırd edə biləcək qədər həssaslığa malikdir. Doğuşla aktivləşən immunitet zəiflədikdə xəstələnmə riski də eyni nisbətdə artır. İmmun sistem zəiflədikdə viruslar və digər mikroblar bədənə hücum edir və xəstəliklərə səbəb olur. Müxtəlif infeksion və qeyri-infeksion xətəliklər immun sistemini daha da zəiflədə bilər. Bədənin infeksion xəstəliklərə tutulma riskini minimuma endirmək üçün immun sistemini gücləndirmək lazımdır. Bu şəkildə bədən yenidən xəstəliklərə qarşı yetərli müqavimət qazanır. İnsan orqanizmi xəstəliklərə qarşı bir müdafiə sistemi ilə təchiz olunmuşdur və bu səbəbdən özünü sağaltmaq qabiliyyətinə malikdir. İmmun sistem yad kimi qəbul etdiyi bir mikroorqanizmlə qarşılaşan kimi, müəyyən hüceyrələr ondan qurtulmaq üçün döyüşməyə başlayır. Əvvəllər qarşılaşdığı bir mikroorqanizmi tanıyan immun sistem, ondan qurtulmaq üçün daha sürətli reaksiya göstərə bilər. Buna qazanılmış toxunulmazlıq deyilir.

İmmunitet genetik quruluşlu olub ümumi bədən quruluşu kimi bir çox fərqli səbəbdən hər kəsdə dəyişir. Beləliklə, hər kəsin bir immunitet sistemi xəritəsi var. Həddindən artıq yorğunluq, stress və ya qeyri-düzgün qidalanma, şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi bir çox amillər immun sistemini zəiflədir. İmmun sistemin zəiflədiyinin ən aşkar göstəricisi insanın tez-tez infeksion xəstəliklərə yoluxmasıdır. Məsələn, qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına 3-4 dəfə yoluxmaq zəif immunitet sisteminin ən bariz göstəricisidir. Ümumiyyətlə infeksiyalara həssaslıq zəif immuniteti göstərir. Xüsusilə, hazırda yaşadığımız pandemiya dövründə immun sistemi zəif olan insanların xəstəlikdən daha çox təsirləndiyi görünür. Yaşlanma ilə əlaqədar bədənimizdəki biyokimyəvi funksiya pozğunluqları hüceyrələrdən orqanlara qədər bir çox proseslərdə dəyişikliklərə səbəb olur. Bu mürəkkəb dəyişikliklərlə immun sistemi təbii olaraq qocalır. Buna görə yaşlı insanlara daha çox diqqət yetirmək lazımdır.

Qoruyucu immunoqlobulinlər ana südü ilə bizə keçir. Daha sonra, insanın immun sistemi inkişaf etdikcə anticisim istehsal etməyə başlayır. Ana südünün insanı qoruması və əhəmiyyəti bundan qaynaqlanır. Növbəti illərdə bir çox amil genetik faktorlardan asılı olaraq immun sisteminə təsir edir. Lakin dərimiz qocaldığı kimi immun sistemimiz də qocalır. Buna görə yaşlı insanlar infeksiyaya tutulmağa daha çox meyillidirlər. Hətta mövsümi qrip belə onlar üçün həyati təhlükəyə çevrilə bilər.

COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. Digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.