Ölkə

"Uşaqlığımın qisasını aldım" - İnternatda böyüyən müharibə iştirakçısı Elçin - FOTO

10 Dekabr 2020 11:45
Baxış: 2 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

II Qarabağ Müharibəsinin ən çox tanınan qəhrəmanlarından biri də Elçin Əhmədovdur. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə divarlara hərbçilərimizin yaşadıqları rayonların adlarını yazması ənənəyə çevrildi. Lakin bir yazı sosial şəbəkələrdə həssaslıqla qarşılandı. Vətən Müharibəsinin iştirakçısı olan Elçin Əhmədov tikililərin birinin divarına yazdığı "Maştağa 1 N-li internat" sözləri ilə qısa zamanda sosial şəhəbələrdə fenomenə çevrildi.

Döyüşlər başlayandan könüllü olaraq müharibəyə yollanan Elçin Əhmədov Vətən Müharibəsi ilə bağlı təəssüratlarını Milli.Az-la bölüşüb:

"Özüm internatda böyümüşəm. Hər iki valideynim 1990-cı ildə müharibə dövründə vəfat edib, üzlərini belə görməmişəm. 1993-cü ildə internata düşmüşəm, o vaxt 6-7 yaşım var idi. Bizim üçün vətən başqa cür hissdir. Çünki elə bir vaxt idi ki, o ərəfələrdə ölkədə vəziyyət də pis idi. İnternatlarda da o səbəbdən vəziyyət pis idi. Bilirdik ki, ölkədəki vəziyyət müharibəyə görə pisdir. Yəni, internatda olanda müharibənin fəsadlarına görə çox çətin günlər yaşamışdıq. Bu məsələlər artıq uşaq vaxtından bizim beynimizə həkk olunmuşdu ki, ermənilər bizə çox zülm ediblər, çox əziyyətlər çəkmişik. O çətinliklərin hirsi, orada Xocalı haqqında bizə danışılanlar, vətən sevgisi, torpaqlarımızın işğal olunmasını uşaq vaxtımızdan bilirdik, hiss edirdik. Ona görə biz daim bir qisas hissi ilə yaşayırdıq.

Hələ o vaxt deyirdik ki, böyüyəcəyik, internat uşaqalarından ordu düzəldib, gedib torpaqlarımızı azad edərik, qisasımızı alarıq. Biz ömür boyu bu hisslə yaşamışıq. Sevinirəm ki, Allaha şükürlər olsun ki, torpaqlarıməz sülh yolu ilə alınmadı. Həmişə istəmişəm ki, torpaqlarımızı müharibə yolu ilə azad edək. Çünki o torpaqlar sülh yolu ilə qaytarılsaydı, ürəyimizcə olmayacaqdı. Həm də ki bizim onlardan qisasımız alınmayacaqdı. Ömür boyu bu qisas hissi ilə yaşamışıq,  o hisslə əhatə olunmuşduq.

Düzdür, şəhidlərimiz oldu, Allah rəhmət eləsin. Mən də orada şəhid ola bilərdim. Artıq gözə almışdım ki, torpaqlarımız uğrunda döyüşə gedirəm. Düzdür, ölməyə yox, öldürməyə gedirdik. Bu yolda şəhid olsaq, bizim üçün şərəfdir. Artıq bunları gözə almışdım. Amma "Qisas almadan ölmək yoxdur" kəlməsi də beynimdən çıxmırdı.

Döyüş başlamamışdan onlayn qeydiyyatdan keçirdik. Müharibə başladı, könüllü yazılsam belə, gördüm çağırmırlar. İki-üç dəfə hərbi komissarlığa gedəndən sonra onları o qədər bezdirdim ki, məni döyüşə göndərdilər.

Evə gəlib, ailəmlə sağollaşdım. Ailəmi, uşaqlarımı qardaşıma əmanət edib, cəbhə bölgəsinə yola düşdüm. Məndən qabaq gedən qardaşlarımız var idi, mən onlara Hadrutda qoşuldum. Düzdür, orada artıq bir az döyüşlər səngiyirdi, Hadrutu artıq ələ keçirmək üzrə idik. Yəni, Hadrutda olan ağır döyüşlər, çoxu arxada qalmışdı. Ondan sonra Xocavənd istiqamətində irəlilədik. Xocalının bəzi kəndlərinin azad olunmasında, Şuşa istiqamətində olan döyüşlərdə olduq.

Bu döyüşdə yetəri qədər qisasımızı aldıq. Düzdür, meşələrdə yatdıq, amma biz müharibədə idik, şükürlər olsun bütün çətinliklərə dözdük, dözməli idik də. Bu çətinliklə bizə adi bir şey gəlirdi. İnanın ki, o  soyuqda, meşələrdə, dağlarda yatırdıq, amma o boyda əsgərin içində mən görmədim ki, kimsə bir qrip olsun, soyuqdəyməsi olsun. Sanki, Allah da ordumuzu qorudu. Bilirəm ki, dünya bu qədər qısa müddətdə işğalda olan torpaqlarını azad edən ikinci bir ölkə, ikinci bir dövlət yoxdur. Bunu Azərbaycan xalqı, dövləti, Azərbaycan ordusu bacardı. Tək biz orada vuruşmadıq, sizlər də, bütün xalqımız, millətimiz arxa cəbhədə düşmənlə vuruşdu. Arxa cəbhədə balacadan tutmuş böyüyə qədər kimisi duaları ilə, kimisi sovqatları ilə, kimisi bizə verdiyi ruh yüksəkliyi ilə qələbədə pay sahibi oldu. Sizlər bəlkə də bizdən çox oyaq qaldınız, gecələr gözünüzə yuxu getmədi, gündüzlər heç dincəlmədiniz. Bəzən biz elə olurdu ki, yatırdıq da, istirahət də edirdik, döyüşə də girirdik. Sözüm ondadır ki, hər kəs bizimlə bərabər döyüşdü. Bütün xalqımıza, millətimizə buna görə təşəkkür edirəm, başda da ki, Ali Baş Komandanımız olan İlham Əliyevə. Cənab Prezident gecə-gündüz yatmadı, dünyayla savaşdı.

Dünyada nə qədər ölkə onun üzərinə gəlmişdi, təzyiq göstərirdilər. Hamısını, maşallah, susdurdu, hamısını yerinə otuzdurdu. Erməninin faşist, terrorist olmağını onlara bildirdi, göstərdi ki, erməni kimdir. Yəni, Ali baş Komandandan tutmuş körpə uşağa qədər hamı döyüşdü. Kimisi arxa cəbhədə, kimisi ön cəbhədə, amma hamı döyüşdü.

İnternat yoldaşlarının istəyini azad edilən torpaqda reallaşdırdı

O məşhur "Maştağa 1 N-li İnternat" yazısını niyə yazdım?! Döyüşə gedərkən məni hərbi komissarlıqdan bir yerdə oxuduğum internat uşaqları yola saldılar. Onların da ürəyi partlayırdı müharibəyə getmək üçün. Mənim qismətimdə oldu, Maştağa İnternatından ilk olaraq məni apardılar. O biri dostlar da xahiş etdilər ki, "Heç olmasa gedirsən, biz qaldıq, aparmırlar. Oralara bizim internatın adını yazarsan". Hər kəs doğulduğu yerin, rayonun adını yazırdı. Mən bu sözləri Hadrutda yazdım. Yazdım ki, internat uşaqları görər, sevinərlər. Müharibə qurtarandan sonra göstərib deyərəm ki, bu yerlərdə olduq, ora öz böyüdüyümüz yerin adını yazdım, uşaqlara da xoş olar. Bilməzdim ki, nəyinki bizim uşaqlara, bütün Azərbaycan xalqına bu xoş olar. Onu qətiyyən ağlıma gətirməzdim. Amma, həqiqətən, gördüm ki, bizim xalqımız, bizim milətimiz bir-birini çox sevir.

Bu vaxta kimi torpaqlarımız işğalda olduğu üçün biz bir-birimizə qarşı kinli, qəzəbli, hirsli idik. Amma torpaqlarımız işğaldan azad olunandan sonra biz özümüzü, xalqımızı tanıdıq ki, biz, sən demə, belə xalq olmamışıq, biz bir-birimizi daha əzizləyən, bir-birimizin qədrini bilən xalq, millət olmuşuq. O yazıya görə bütün Azərbaycan xalqı mənə dəstək oldu. Heç biri də tanımırdı məni. Nə qədər yerlərdən mənə zənglər olundu, ehtiyaclarımla maraqlandılar ki, dəstək olalar. Arxa cəbhədə özünün məndən də daha çox ehtiyacı olan insan belə mənim problemimlə maraqlanırdı ki, nəyə ehtiyacın var, nəyə kömək edim, sənə nə cür kömək edə bilərik? Bütün xalq bizə dayaq oldu. Həqiqətən, sağolsunlar, var olsunlar, hamısına öz təşəkkürümü bildirirəm".

ARDI VAR...

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.