Ölkə

BU TARİXDƏN həftəsonları ictimai nəqliyyatın hərəkəti bərpa edilə bilər

24 Sentyabr 2020 16:33
Baxış: 7 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbacanda xüsusi karantin rejiminin başa çatmasına bir həftə qalmış (1 oktyabr) Avropanın bir çox ölkələri COVİD-19-un ikinci dalğası ilə üz-üzə qalıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Ermənistanda vəziyyət daha da kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb. 

Belə bir məqamda Azərbaycan növbəti yumşalmaya gedəcək?

Milli.Az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov yumşalmaların gözlənildiyini bildirib:

"Dövlətin gördüyü bütün tədbirlər sayəsində bizim respublikada vəziyyət Allaha şükür ki, qənaətbəxşdir. Baxmayaraq ki, təsadüfən birdən hardasa 5-3 nəfər koronavirusa yoluxduğu ocaq aşkarlanır və həmin dəqiqə də o ocaq lokallaşdırılaraq həmin adamlar ciddi nəzarətə götürülür, virusun yayılmağına imkan verilmir".

Gündəlik yoluxmada 100, 100-ün üstündə rəqəmlər göstərilir. Belə götürəndə bizdə 60-70 rayon var, o rəqəmlər elə bir ciddi rəqəm deyil. Ola bilsin ki, vəziyyətə uyğun dövlət yumşalmaya getsin. Ancaq yəqin ki, Allah eləməmiş bu rəqəmlər artmağa başlasa dövlət həmin dəqiqə müəyyən tədbirlər görmək məcburiyyətində qalacaq. O cümlədən səhiyyə sahəsindəki qabaqlayıcı tədbirlər ki, var, dövlət onu kifayət qədər aparıb. Yəni biz onlara hazırıq, xəstəxanalarımız da hazırdır, texniki avadanlıqlarımız da hazırdır, tibbi ləvazimatlarımız, dərman preparatlarımız da hazırdır, modul tipli xəstəxanalarımız var, nə qədər çarpayılarımız var. Artıq bu sistem işləyir. 

Əgər epidemioloji vəziyyət ayın sonuna kimi belə kontrolda qalarsa, yenidən yumşalmaya gedilə bilər və həftəsonları ictimai nəqliyyatın hərəkətinə icazə verilə bilər və icazə verilməsi də daha yaxşı olar. Çünki müəyyən müəssisələr də işləməlidir, o sahədə çalışan adamlar da maaş almalıdırlar, pul qazanmalıdırlar, ailələrinə çörək pulu aparmalıdırlar. Ancaq dünyada qəbul olunmuş bir şey var da, hər bir idarədə, xüsusilə məktəblərdə, yas və toy mərasimlərində sosial məsafə mütləq gözlənilməlidir.  400-ə icazə vermə, qoy 70 nəfərlə, 50 nəfərlə toy etsin. Vəziyyət kontrolda saxlanılarsa toyların da keçirilməsinə bu qaydalarla icazə verilməsinin mümkün olduğunu düşünürəm. Belə mümkün olar.  

Dünyanın bir sıra ölkələrində deyirlər ki, hələ biz uzun müddət maska ilə yaşayacağıq. Yəni, əsas şərt nədir? Maska ilə yaşamaq, sosial məsafəni və şəxsi gigiyena qaydalarını çox ciddi gözləmək şərti ilə mənə elə gəlir ki, yumşalmalara getmək olar.

Oktyabr, noyabr aylarında bizim ölkə üçün hər şey (Yoluxma sayında artımın olub-olmaması) aydın olacaq. İlin bu soyuq aylarında tək koronavirus yox, digər virusların da artma ehtimalı gözlənilir. Yoluxmada artım olmasa dövlət yumşalmalara gedə bilər. Amma mütləq maskadan istifadə, sosial məsafəni və şəxsi gigiyena qaydalarını gözləmək lazımdır. Bizdə ən təhlükəli yerlər məktəblərdir, uşaq bağçalarıdır, metro stansiyalarıdır, avtobuslardır. 

Mən marketlərə gedirəm, görürəm ki, son vaxtlar çox az adam maska taxır. Bu, çox ziyanımıza ola bilər. Amma bu vaxta kimi biz dövlətin qayğısı nəticəsində kritik vəziyyətə düşmədik".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.