Ölkə

Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?

16 Aprel 2020 15:14
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər ölkədə fövqəladə vəziyyət yaranarsa, quraqlıq və su problemi ilə bağlı əlavə qanun layihəsinin hazırlanmasına ehtiyac yarana bilər.

Milli.Az xəbər verir ki, bu fikirləri modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev kənd yerlərində quraqlıq problemindən danışarkən deyib.

"Bu gün fövqəladə hal yoxdursa, müəyyən qaydada su təminatının ödənilməsi təmin olunursa, belə bir qanun layihəsinə ehtiyac yoxdur", - komitə sədri əlavə edib.

Tahir Rzayev ölkə rəhbərinin daimi olaraq əhalinin suya olan tələbatı ilə bağlı çox ciddi tapşırıqlar verdiyini də söyləyib:

"Bu məsələlər diqqət mərkəzindədir. Rayonlarda su problemi var və bu sahədə çox ciddi tədbirlər görülür. Minlərlə subartezian quyularının qazılması ilə bağlı ölkə başçısının sərəncamları var. Təmsil olunduğum Ağcabədi rayonunda 30, Oğuz rayonunda 10 subartezian quyusunun yenidən qazılması ilə bağlı dövlət başçısı sərəncam verib. Cənab prezident bununla əlaqədar çox ciddi tədbirlər görüb. Yeni su anbarlarının yaranması, yeni su hövzələrinin tapılması  ilə bağlı müəyyən sərəncamlar, təkliflər mövcuddur. Bu sahədə ölkə başçısının çox ciddi tapşırıqları var".

Komitə sədri quraqlıq problemindən də söz açıb:

"Bunlar quraqlıqdan yaranan problemlərdir. Yağışlı günlər az olur və əvvəlki kimi qar yağmır. Ona görə də torpağın səthində su azalıb. Torpağın səthində su azalması məhsuldarlığa çox pis təsir edir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar bol və keyfiyyətli məhsul götürə bilmir. Bu da ciddi problemlərə yol açır".

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans müşavirəsindəki yekun nitqində Azərbaycanda quraqlıq probleminə toxunub.

"Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir", - deyə Prezident bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.