İnternetdə tanış olduğu oğlana görə Özbəkistandan Azərbaycana gələn Nərgiz adlı qızın həyatı qaralıb.
Milli.Az xəbər verir ki, "Səni axtarıram"a çıxan özbəkistanlı gənc qadın Xırdalanda yaşayan Anar İbrahimov adlı şəxsin onun həyatını alt-üst etdiyini bildirib.
Gənc qadının efirdə dedikləri hər kəsi dəhşətə gətirib:
"İnternetdə tanış olduq. Mən Özbəkistandanam. Məni aldadıb Bakıya gətirtdi. Bir qadın göstərib anamdır dedi, mən də inandım. Ona görə də "Məni anasına da göstərdi" düşünərək ona inanıb Bakıya gəldim. Sonra bildim ki, o qadın onun anası deyilmiş. Mən qız uşağı 2016-cı ildə ona görə Bakıya gəldim. O, təkcə məndən yox, sən demə başqa qadınlardan da pul alıb. Pulumu vermişdim saxlasın. Birinci dəfə 1800 dollar, ikinci dəfə məndən 350 dollar aldı, sonra da 200 dollar evdən oğurladı. O mənə and içmişdi ki, aramızda heç nə olmayacaq. Yoxsa mən onunla eyni evdə qalmazdım, tək qalardım. Mən ona demişdim ki, "Bu haramdır, mən namaz qılıram". Ona görə birinci dəfə mənə dəymədi. Mənə yuxu dərmanı verib, sonra mənimlə cinsi əlaqədə oldu.
Mən bilmədim ki, o ailəlidir. Mən onun ailəli olduğunu dostu vasitəsi ilə bildim. Biləndə bu oğlan ailəlidir, ona görə Özbəkistana qayıtmadım ki, bizdə ar-namus güclüdür. Mən indi ac, susuz kirayələrdə qalmışam. O, mənim pulumu necə götürə bilər axı. O, məni həmişə döyür, söyürdü ki, anana denən pul göndərsin. Anam mənə həmişə pul göndərirdi. Anam mənim dərdimdən öldü. İndi 7 aylıq hamiləyəm. Hamilə olduğumu biləndə "baxacam" dedi birinci. Mən buradan çıxıb getsəm, o məni öldürəcək. O mənə deyir ki, "Səni doğuş zamanı həkimə pul verib öldürtdürəcəm, xəstəxanadan çıxmayassan. "Doğuş zamanı ana öldü" adı ilə məni öldürtmək istəyir. Hələ "Uşağı da kiməsə verərəm" deyir. Onun 31 yaşı var. Özü Xırdalanda yaşayır.
Başqa bir qadından da "Anam ölüb, onun dəfninə pul lazımdır" deyərək pul alıb. Amma anası sağdır".
Təhməz Təkin
Milli.Az