Ölkə

Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun səbəbi isə... - Səyavuş Heydərov

16 Dekabr 2019 14:29
1 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Din və multikultural təhlükəsizlik" mövzusunda konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada dini zəmində baş verən hadisələrdən danışıb. O qeyd edib ki, dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir alət, vasitə kimi ifadə etməkdədirlər:

"Bunun da acı nəticəsi Yaxın Şərqdə görülməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, hələ də bu neqativ, təhlükəli proseslərdən zəruri nəticə çıxarılmayıb. Bu zəmində baş verən proseslər daha da genişlənməkdədir".

Komitə sədrinin müavini vurğulayıb ki, belə bir zamanda əsası ulu öndər tərəfindən qoyulan dövlət-din münasibətləri və müasir multikulturalizm siyasəti Azərbaycanda yaşayır:

"Bu siyasət bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Artıq dünya birliyinin gözü Azərbaycanın bu siyasətinə yönəlib".

S.Heydərov qeyd edib ki, dünyada radikalizmin, ekstremizmin fəsadlarına qarşı mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur.

O bildirib ki, Azərbaycan sülhün carçısı olduğunu sözlə deyil, əməllə göstərir: "Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən görülən tədbirlərin bir çox hallarda imitasiya xarakterli olduğunu görürük. Bir çox ölkələrdə tolerantlıq zəifləyib, bunun səbəbi isə islamafobiya, ksenofobiyadır. Bu gün xəstələnmiş dünyanın xilası üçün Azərbaycan öz metodu ilə müalicə resepti ortaya qoyub. Bu isə Azərbaycanın dünyadakı nüfuzunun artmasına çox böyük təkan verir. Əminik ki, zaman gələcək, Azərbaycanın siyasəti bəşəri dəyərlər sisteminin əsasını təşkil edəcək. Qarşımızda duran vəzifə bu strategiyanı qorumaqdır".

Tədbirdə daha sonra çıxış edən Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycanın multikulturalizm siyasəti və bu istiqamətdə dünyada baş verən hadisələr haqqında danışıblar. Qeyd olunub ki, multikultralizm siyasəti hansısa dövlətin rəsmi siyasətinə çevrilibsə, multikultural təhlükəsizlik də onun milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilməlidir. Bu məsələ getdikcə daha da aktuallaşır. Bu gün nadir ölkələr var ki, mono-etnik xarakterlidir. Bildirilib ki, multikultralizm siyasətindən imtina edən dövlətlər belə bundan tam imtina edə bilmirlər. Multikultral təhlükəsizlik sadəcə bir ifadə deyil. Bunun konsepsiyası çox yaxın keçmişdə işlənib hazırlanıb və təkmilləşməkdə davam edir. Bu konsepsiyanın təməlində dayanan ən əsas mühüm əlamətlərdən biri bərabərlik hüququnun təmin olunmasıdır.

Müasir dünyada cərəyan edən mürəkkəb proseslər və baş verən münaqişələr hər bir xalqın milli-mənəvi və dini dəyələrinin qorunması zərurətini sövrün aktual məsələlərindən birinə çevirir. Bu proseslər bir sıra hallarda bəşər cəmiyyətinin minillillər boyu əxz etdiyi dinc, yanaşı yaşamaq kimi ali dəyərə təhlükə yaradır, etnik, irqi, dini və siyasi dözümsüzlük meyllərinin baş qaldırmasına rəvac verir. Bu gün öz multikultural təhlükəsizliyini təmin edə bilməyən ölkələr terrordan və ekstremizmdən əziyyət çəkir. Hazırda dinlər və sivilizasiyalar arasında baş verən hadisələr XX əsrdə "soyuq müharibə" illərindəki ideoloji toqquşmanı əvəz edib. Belə hallarda siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.