Ölkə

Silahlı Qüvvələrin Hərbi Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi məzunlarının növbəti buraxılışı olub - FOTO

22 İyun 2019 10:59
Baxış: 883

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitləri, Ali Hərbi Məktəb və ictimaiyyət nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu bildirən Nizam Osmanov məzunlara ölkəmizin gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Ardınca nümunəvi orkestrin və müdavimlərin ifasında məktəbin marşı ifa edilib. Müdavimlər hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.