"BakuBus" MMC-də vətəndaşlarla növbəti görüş təşkil olunub.
Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, görüşdə vətəndaşlara "BakuBus" MMC-yə etdikləri müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat verilib.
Həmçinin, onların fikir və təklifləri dinlənilib. Bildirilib ki, "BakuBus" MMC vətəndaşların müraciətlərinin obyektiv araşdırılmasına xüsusi önəm verir.
"Qaynar xətt", elektron poçt və sosial şəbəkələr vasitəsilə, eləcə də Bakı Nəqliyyat Agentliyindən "BakuBus" MMC-yə daxil olan vətəndaş müraciətləri qeydə alınır. Eyni zamanda müraciətlərin bir qismi dərhal cavablandırılır, araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin fikir və təkliflərini bildirmək üçün "BakuBus" MMC-yə dəvət edilirlər. Görüşdə vətəndaşlar müraciətlərinə obyektiv yanaşıldığına, həmçinin onlara diqqət və qayğı göstərildiyinə görə "BakuBus" MMC-yə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılan vətəndaşların əksəriyyəti "BakuBus" MMC-də keçirilən görüşdə iştirak etməyiblər. Görüşə qatılmayan vətəndaşlar yaxın günlər ərzində "BakuBus" MMC-yə gələrək müraciətləri əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumat ala bilərlər.
Milli.Az