Ölkə

"Yaraşıqlı kişilərdən xoşum gəlmir..." - FOTO

3 Oktyabr 2016 14:46
10 Şərh     Baxış: 8 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision - 2011"in qalibi Nigar Camalın qafqazinfo-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Nigar Camal "Eurovision"dan sonra çox dəyişdi?

- Deyə bilərəm ki, müsabiqədən sonra tamam başqa Nigar doğuldu. Nigar Camal "Eurovision"dan sonra dünyaya gəldi. Həyat tərzi bir gündə dəyişdi, ev xanımı idim, övladlarıma baxırdım, bir günün içində ulduz oldu. Pafoslu danışmaq istəmirəm,özümdən razılıq edib "ulduzam" demək fikrim yoxdu. Ancaq həqiqət doğrudan da belədir. Avropa və Azərbaycan məni tanımağa başladı. Çox çətinliklər oldu. Şou-biznesin qayda-qanunlarına, həyat tərzinə öyrəşməmişdim.

Dünya ulduzları barədə İngiltərədə məlumatlar əldə edirdim, xəbərləri jurnallardan oxuyurdum. Həmişə bu həyatı yaşamaq istəyirdim, problemləri barədə məqalələrdə tanış olurdum. Deyirdim ki, onların da problemləri var, axı ulduzdular? İllər keçdi, bu həyata qoşulmağa başlayırsan. Hətta, əvvəllər tənqidi şərhlər yazanda oturub ağlayırdım. İndi isə vecimə deyil. Vaxt keçir və başqa problemlər ortaya çıxmağa başlayır. Şou-biznes ulduzlarının problemləri ev xanımlarından daha çoxdur.

- Gözəlliyiniz və şarmınız yarışmada sizə avantaj yaradıb?

- Çox iştirakçılar "Eurovision"dan əvvəl tamam fərqli olublar, onlar daha sonra dəyişməyə başlayıblar. Özümü heç vaxt gözəl qadın hesab etməmişəm. Mənim üçün Ancelina Coli gözəldir. Özümü onun kimi hiss etmirəm. Düşünürəm ki, gözəl xanımların həyatında çox çətinliklər olur. Adətən deyirlər ki, necə gözəl xanımdır, ancaq heç bir planı reallaşmır. Məncə, ən önəmlisi ünsiyyət qurmaqdır. Bunu yaxşı bacarmalısan.

"Eurovision"da qızlar daha çox maraqlı olur. Onlardan obraz yaratmaq daha asandır. Ancaq oğlanlardan nə etmək olar? Həm də vizual görünüşü standartlara uyğundur, qarınlı kişiləri ora göndərməyəcəklər ki? Yəni, bir az Avropa standartlarına uyğun olmalıdır. Belə qadın tapmaq asandır, ancaq bu cür kişi tapmaq çətindir.

- 2011-ci ildə "İlin adamı" seçildiz, yarışmadan sonra isə prezident İlham Əliyevlə görüşdüz. Təəssüratlarınızı bizimlə bölüşərdiz...

- "Eurovision"da qalib olduq, şoka düşdük. Həyəcanlı günlər idi. Ancaq 40 min izləyici qarşısına çıxanda həyəcanlanmadım. Çox rahat çıxış etdik, prezidentlə görüşə gedəndə ayaqlarım titrəyirdi. Prezident və hörmətli birinci xanım Mehriban Əliyevanı birinci dəfə görəcəkdik. Hər kəs bilirdi ki, birinci xanım mənim üçün ideal qadın olub, olacaq. Birinci dəfə onların evinə qonaq olduq, danışa bilmirdim. Nə deyəcəyimi bilmirdim. Çox xoş oldu, bizi təbrik etdilər. Özümü doğma evimə gəlmiş kimi hiss etdim, pozitiv enerji aldıq. O qədər səmimi və sadə insanlardır ki? Doğma insanlarla görüşdüm.

- "Eurovision" qalibləri adətən mükafatlandırılır. Sizin mükafatınız nə oldu?

- "Fəxri diplom" verildi. Bundan əlavə isə mükafat olaraq bizə ev bağışlandı.

- Niyə Avropa, ABŞ yox, məhz Türkiyədə karyeranıza davam etmək istədiz?

- Avropa şou-biznesinə qatılmaq mümkün olmayan bir şeydir. Böyük bir komanda lazımdır. Mən əvvəl Rusiya şou-biznesinə qatılmaq istədim. Dima Bilanla ifamız hit oldu. Mənim üçün rahat ola bilərdi, ancaq Rusiyanı sevmirəm, ürəyimə yatmadı. Səhnədə oxumaq ləzzət eləmədi. Türkiyə isə doğma gəldi. Elə bil öz evindəsən. Türkiyədə bir illik müqaviləm oldu. Məncə, azərbaycanlı kimi Türkiyədə məşhur olmaq çətindir. Aydındır, məni tanıyırlar. Ancaq böyük layihələr eləməlisən. Hansısa müğənnilər bizi biabır etmirsə, qoy çalışsın.

Orada iş görənlər də var. Ən uğurlu layihələri ortaya çıxan Röya Ayxandır. Əslində, Türkiyədə qiymətlər çox bahadır. Bizi görən kimi bütün qiymətlər qalxır. Orada təkcə mahnı yox, aranjiman, klip və s. var. Orada ən ucuz mahnılar 30 min TL-dən başlayır. Gülşən 120 min TL-yə mahnı yazır, 20 min də aranjimandır. Kliplər isə ən azı 80 min TL-yə çəkilir.

- Türkiyənin "X-Factor" yarışmasında münsif idiniz və həmkarınız Atiye ilə qalmaqal yaşadığınız iddia olunurdu. Məsələ nə idi?

- Onların hamısı şou idi. Münsiflər yaxşı yola getsə, maraqlı olmaz. Biz həmişə məsləhətləşirdik. Atiyenin də, mənim də iştirakçılarım var idi. Mən onlara demişdim ki, nəsə xoşunuza gəlməsə açıq deyin. Bizdə problem olmayıb. Hamı özü işini bilirdi, özlərindən razı deyildilər. Mən onlarla tanış oldum, səmimi olduqlarının şahidi oldum. Atiye efirdən söyüş söymüşdü. Onun niyə belə etdiyini bilmirəm, canlı yayımda şoka düşdük. Birdən hirslənib özündən çıxdı, yarışma iştirakçısı oxuyarkən texniki səhvlər oldu. İndi onlarla əlaqəm yoxdu. Atiye çox fərqlidi, hiss edirsən ki, Avropada böyüyüb. Çox səmimi insan idi. Hər yana atası və sevgilisi ilə gedirdi.

- Şəxsi həyatınız, boşanmağınız müzakirələrə səbəb oldu...

- "Eurovision"dan əvvəlki həyata qayıtmaq çox çətindir. Sən qalib olursan və min jurnalist Bakıya gəlir, çəkilişlər, müsahibələr və s. Şou-biznesdə şəxsi həyat yaramır. Bizim həyatımız çox çətin oldu. Bir çox ölkələrə gedirdik, konsertlər verirdik. Hansı ailə bunu qəbul edərdi? Geriyə yol yox idi. Problemlər yaranmağa başladı. Təkcə qısqanclıq problem deyildi. Keçmiş keçmişdə qaldı. Hər şey geridədir, çox danışmaq istəmirəm.

- Qızlarınız Londonda yaşayır, onları görmək üçün tez-tez İngiltərəyə gedirsiz?

- Bəli, 1 həftədən bir gedirəm, orada qalıram. Bilirəm, xərci çoxdur. Çətindi, iki ölkə arasında qalmağa öyrəşirəm. Londona gedəndə təkcə uşaqlarla məşğul oluram. Uşaqlarla vaxtımı keçirmək istəyirəm, onlarla olmayanda ürəyim sıxılır, darıxıram, anayam da... Orada başqa qanunlar hökm sürür. Mən istəsəydim uşaqları Bakıya gətirərdim. Amma qanun belə demir. Qanuna görə, valideynlər eyni şəhərdə qalmalıdır. Mən isə Azərbaycanda yaşayıram. Onların 9 və 10 yaşları var. Böyüyəndə isə öz qərarlarını verəcəklər. Ancaq ildə iki dəfə yay və qış fəsillərində Bakıya gəlməklərinə icazə verilir.

- Cenifer Lopezə çox bənzədilirsiz. Sizcə, Azərbaycanın Ceylosu ola bildiz?

-Məni çox bənzədirlər. Ancaq özümə ad verməyi sevmirəm. Bir insan məndən soruşdu ki, niyə mənə "Eurovision Nigar" deyirlər? Təkcə Nigar Camal olaraq sizi hər yerə çağırmırlar? Mən də cavab verdim ki, mən müsabiqə qalibiyəm, burda nə var ki? Ancaq hər tanınmışın bir kumiri var. Əlbəttə ki, məni Ceniferə bənzədəndə xoşuma gəlir. Çox gözəl xanımdır.

Başqasına, məsələn Ledi Qaqaya bənzətsəydilər infarkt keçirərdim. Ceniferin ifa tərzi xoşuma gəlir. Ancaq özümü bənzətmirəm. Bir dəfə Ceniferin şəklini paylaşdım. Daha sonra rəy yazmağa başladılar. Yazıb ki, sən ona oxşayırsan, çənə nahiyəni yaxşı plastik əməliyyat etdirmisən. Ağzım açıq qaldı, çənəni də dəyişmək olur? Kinolara çox baxıblar (gülür).

- İnstaqramda çox tənqid olunursuz?

- Ən ət tökən rəyləri qızlar yazır. Şəkil paylaşanda hamı mənfi nəsə axtarır. Oturub üzümün qırışını axtarırlar. Təkcə bizdə yox, dünyada da belədir. Kişilərin dostluğu təmiz olur, qadın dostluğunda isə paxıllıqlar çox olur. Özüm rahat insanam, ətrafımda olanlarında rahat olmağını istəyirəm. Çətin insan olsa, məni əsəbiləşdirsə, sağollaşıram. Ya məni sevən, ya da zəhləsi gedən insanlar çox şərh yazır. Məndən xoşu gəlməyən insanlar niyə rəy yazır? Yuxarıda dediyim kimi, əvvəllər mənə çox təsir edirdi belə şərhlər, ağlayırdım.

Hər şey xətrimə dəyirdi. Yavaş-yavaş alışırsan. Çox problemlərlə üzləşirsən, belə şeylər bizim üçün heç nədir. Mən söyüşlə cavab verən məşhurları da başa düşürəm. Bir neçə dəfə başıma iş gəlib. Qızımın səhifəsində bizim xanımlar uşağa təhqirlər yazırdılar. Yazıblar ki, niyə belə eybəcərsən? Uşağın xətrinə niyə dəyirsiz? Uşaq sizə nə edib? Mən söyüşlə cavab yazmıram. Ancaq əsəblərimiz çox korlayırlar, bilə-bilə sancmaq istəyirlər. Uşağıma nəsə yazanda partlayıram. Rəfiqəm var, məni o anda sakitləşdirməyə çalışır.

- Rahat xanım olduğunuzu deyirsiz. Rahatlığa nələr daxildir?

- Mənim problemim varsa, deyinmirəm. Belə şeylərdən xoşum gəlir. Problem olarsa, yaxınlarımla görüşürəm, çıxış yolunu axtarırıq. Məsələ burda bitir. Daha sonra isə dostlarımla əylənirəm. Zarafat edirəm, həyatımı yaşayıram. Problemimi yansıtmıram.

- Zarafatcıl biri olduğunuzu dediz. Hətta, bir neçə dəfə zarafatcıl və şən oğlanları sevdiyinizi bildirmişdiz. Gələcəkdə seçdiyiniz əks cinsin nümayəndəsi belə olacaq?

- Həyatımda heç kəs yoxdur. Belə biri olarsa, avtomatik hiss olunur. Tək olanda tamam başqa həyat yaşayırsan, hər gün dostlarınla görüşürsən. Şəxsi həyatında biri olanda isə bağlanırsan, çox da bayıra çıxmırsan. Yüz faiz deyə bilərəm ki, başqa millətin nümayəndəsi ilə sevgili olmaram, mütləq azərbaycanlı olmalıdır. Yaş öz sözünü deyir. İnsan istəyir ki, yanında öz millətinin nümayəndəsi olsun. Gülərüzlü və səmimi olmaq çox vacibdir. Yaraşıqlı kişilərdən xoşum gəlmir. Siz də məni bağışlayın, yaraşıqlı oğlanları bəyənmirəm (gülür). İstəyirəm ki, evdə kişinin sözü keçsin. Bir də müsəlman olmalıdır, mənimlə eyni dinə ibadət etməlidir.

İstəmirəm ki, başqa dinin nümayəndəsi mənim seçimimlə bağlı nəsə desin. Başqa dinlər olsa, problemlər çox yaranacaq. Bu zaman beynim çönə bilər. Ən əsası dostum olsun, münasibətdə qorxu olmamalıdır. İkinci dəfə ailə həyatı qurmaq məsuliyyət tələb edir. Ağılla addım atmaq lazımdır. Təsəvvür edin ki, ikinci dəfə ərə gedirən, yenə də alınmır. Deyəcəklər ki, bu lap ağ elədi (gülür). Tələsmirəm, hələ övladlarım barədə düşünürəm. Qızlarıma bir söz desələr, dünyanı dağıdaram.

- Adətən sizin səhnədə sərbəst olmağınız və geyimləriniz müzakirələrə səbəb olur...

- Rəy yazırlar ki, bu nə geyimdi? Lap soyunardın da... Onlara demək istəyirəm ki, ay canım, sən bir dünya ulduzlarına diqqət elə. Siz ev xanımısız özünüzü elə aparın, mən özümü müğənni kimi aparıram. Mən bilirəm ki, hara nə geyinmək lazımdır. Miri Yusifin konsertində açıq-saçıq geyinmişdim. Bu demək deyil ki, küçədə elə gəzirəm? Şoka düşməsinlər. Türkiyəli müğənnilərə niyə normal baxırsız? Onlarla mentalitetlərimizdə də oxşarlıq var. Yaraşan geyinsin, artıq çəkili xanımlar açıq-saçıq geyindən müzakirələrə səbəb ola bilər. Qızlar klubda müğənnilərdən betər geyinir.

- Sonda yeni mövsümdə planlarınız nədi?

- Çox layihələrimiz var. Mahnılarım bir-birinə bəyənmir. "Darıxan ürəkdi" mahnısı tutmadı, komandam yox idi, reklamı zəif oldu. Bütün işlərimi İsa Məlikov görürdü, o isə müstəqil TV qurub, işləriylə məşğul olur. İndi çalışıram ki, orta səviyyəli mahnılar ortaya çıxarım.Bir-iki aya mahnımız çıxacaq. Yavaş-yavaş çalışacam. Komanda qurmaq barədə düşünürəm, bir neçə nəfərlə görüşlər aparılıb.

- "Eurovision" təmsilçilərimiz arasında aktiv şəkildə fəaliyyət göstərənlər sırasında sizi birinci hesab etmək olar?

- Təmsilçilərin əskəriyyəti evlənib. Hamı "Eurovision"dan sora ərə gedir, mən isə boşandım (gülür). "Eurovision" məktəbi başqa şeydir, sən özünü həqiqi ulduz hesab edirsən. Psixoloqlar, menecerlər səninlə çalışır, özünü əsl dünya ulduzu kimi hiss edirsən. Layihə bitəndən sonra yuxudan oyanırsan, hər şey bitir. Bəzi iştirakçılar normal həyata qayıtmağa çox çəkinirlər.

- Azərbaycan reklam bazarının əsas simasısız. Qonorarlar necədir?

- Ən böyük məbləğli pullar reklamlardan gəlir, yeni bir reklama imza atdıq. Mən özüm toylara getmirəm, daha doğrusu, ölkə xaricində çıxış edirəm. Çünki, onlar yaxşı qonorar verirlər. Bakıda isə tək-tək məclislərə gedirəm. Toy mütləq səviyyəli məkanda keçirilmlədir. Mənim həm də ayrı biznesim var, London da qurmuşam.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.