Qusar rayon polisi, vətəndaşların mal-qarasına qənim kəsilən oğruları zərərsizləşdirə bilib.
Milli.Az anspress-ə istinadən bildirir ki, bu barədə Qusar Polis Şöbəsinin baş müstəntiqi Rafael Tağıyev xəbər verib.
Onun sözlərinə görə, saxlanılan Quba sakinləri iyun ayı ərzində rayonun bir çox kəndlərində vətəndaşların mal-qarasını oğurlayıb.
Qusar polisinin apardığı əməliyyat axtarış tədbirləri nəticəsində Quba sakinləri, 33 yaşlı Tərlan İmran oğlu Babayev və 24 yaşlı Cəmil Daşdəmir oğlu Şahbazov saxlanılıblar. Onlar xırdabuynuzlu mal-qara oğurluğu üzrə 12 epizodda ittiham olunurlar. Faktla bağlı Qusar rayon polisində araşdırmalara başlanıb.

Analoji hadisə ötən il Masallı rayonunda qeydə alınıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun İsgəndərli kənd sakini, 23 yaşlı Mirbaba Cəfərov tanışı Lənkəran rayonunun Tükəvilə kənd sakini 31 yaşlı Anar Əliyevlə birgə Kolatan kənd sakini Qızbəs Babayevaya məxsus ümumi dəyəri 630 manat olan 6 baş qoyunu oğurlayaraq Lənkəran bazarında satıb. Daha çox qazanc eşqinə düşən Anar Əliyev Ərkivan qəsəbə sakinləri Hüsniyyə Ağayevaya və Tehran Şahbazovaya məxsus 65 baş xırda buynuzlu mal- qaranı da oğurlayıb. Bu işdə köməkçisi isə sürücü olub.
Milli.Az





