Kiş çayı üzərindəki körpünün uçmasından sonra ötən gün ərazidə alternativ yolun çəkilməsi haqqında məlumat vermişdik.
Kanal S (Region TV) xəbər verir ki, ancaq Kiş yenə də öz gücünü göstərdi.
Gecə saatlarında çayda suyun yenidən artması ilə su alternativ yolu da yuyub aparıb. Hansı ki, "Azəryol" ASC-nin texnikaları və işçi qüvvəsi ötən gündən ərazidə bərpa işlərinə başlamışdı və 4 ədəd 1500 diametrlik borular quraşdırılaraq, üzərində müvəqqəti istifadə üçün yol salınmışdı. Gecə saatlarında çay suyunun öz məcrasından çıxması nəticəsində bərpa olunmuş yol tamamilə dağılıb. Hazırda alternativ yolun yenidən bərpası istiqamətində iş aparılır. Bununla yanaşı, Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində də hazırlıq işləri görülür. Bunun üçün hazırda sözügedən əraziyə xüsusi texnika gətirilir və lazımi tikinti materialı toplanır. Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometrliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdi.
Milli.Az