Ölkə

"Hər iki sədr öz biznes maraqlarını güdür" - FOTO

2 Mart 2016 12:24
0 Şərh     Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir ki, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri arasında yaranan söz-söhbətlər səngimək bilmir.

Ötən ay qafqazinfo-ya şikayət göndərən Birlik üzvləri sədrlərinin qanunsuz əməllə məşğul olduğunu bildirmişdilər. Daha sonra redaksiyamıza müsahibə verən Birliyin sədri Məhəmməd Vəliyev isə haqqında deyilənlərin tamam qərəzli olduğunu, onun üçün qaralama kampaniyasının başladıldığını vurğulamışdı.

Milli.Az bildirir ki, birlik üzvləri müsahibədən sonra qafqazinfo ilə yenidən əlaqə saxlayıb və hər şeyi sənədli şəkildə sübut edəcəklərini deyiblər.

Bu səbəblə əməkdaşlarımız veteran döyüşçülərin ofisinə baş çəkib, sənədlərlə tanış olub. İctimai birliyin idarə heyətinin üzvü, Nərimanov rayon Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Arif Əsgərov torpaqların sədr tərəfindən satıldığını sənədlərlə sübut edə biləcəklərini deyib:

"Bu ərizələrdə kimdən nə qədər pul alınıbsa, hamısı bircə-bircə qeyd olunub. Nizami rayonuna 66 sot torpaq ayrılıb. Mən də oranın qeydiyyatındayam, həm də ikinci qrup əliləm. Mənə nəzərdə tutulan torpaqdan heç nə düşmədi, Hövsanda yararsız ərazidən bizə torpaq verir. Qardaşı burada yaxşı yerdə yaşayır, bizə bataqlığı verir. Yaxşı yerlər 8-10 min aralığında satıldı. Bizim kimi imkanı olmayanlar da məcbur 1000 manat verib bataqlığa göndərildilər. Hazırda bu məsələlərlə bağlı Suraxanı Prokurorluğunda istintaq gedir. 27 ildir ki, bu qurum yaranıb. İstər keçmiş sədr Mamed İsgəndərov olsun, istər də ki, indiki sədr bizim adımızdan istifadə edərək öz biznes maraqlarını güdürlər".

Birliyin başqa bir üzvi Aydın Vəliyev vaxtilə pul verilmədiyi üçün ona torpaq sahəsi ayrılmadığını söyləyib:

"İstədikləri 2500 manatı vermədim deyə mənə torpaq ayrılmadı. Əgər qəpik-quruşa heysiyyətini satan insan olsaydıq, onun tərəfində olardıq, istədiyi pulu verib xan kimi yaşayardım. Məhəmməd Vəliyev torpaqları Birliyin idarə heyətinin üzvi Cavan Əhmədov və oğlu vasitəsilə satır. Bu dəqiqə də onlar torpaqları satırlar. 1981-ci ildən burada yaşayıram, ikinci qrup əliləm. Necə olur, mənə torpaq düşmür, rayondan, xaricdən gələnlər torpaq alırlar? Dəfələrlə müraciət etmişəm, mənə deyilib sənin ərizən yoxdur. Müşviq Məmmədov üçün yaxşı yerdə 5 sot torpaq ayrılmışdı. Daşı, qumu tökülmüşdü. Onu satıb bataqlıqda 3 sot torpaq verdilər. Deyir ki, biz torpaq satan deyilik. Dövlət tərəfindən bizə verilən torpağa axı niyə pul ödəməliyik? Baxın, bunlar bizim sənədlərimiz. Onlar müharibə iştirakçılarıdırsa, Qarbaçovun imzası olan sənədlərini göstərsinlər. SSRİ vaxtında kimə bu vəsiqə verilməyibsə, o, veteran deyil. Bunları bizə Əfqanıstanın prezidenti göndərib. Mənim adımdan istifadə edib, əlillərim var deyib torpaq alır, sonra da deyir mən heç nə etməmişəm. Yaxşı, oğluna "Gelandewagen", özünə "Jeep"i haradan alır? Biz niyə onun kimi otellərdə istirahət edə bilmirik?"

Şikayətçilər onların keçmiş sədr tərəfindən qızışdırılması məsələsinə də aydınlıq gətirib:

"Axı biz keçmiş sədri də bəyənmirik, onun etdiklərini, satdığı torpaqları açıq-aydın söyləyirik. Dilarə Əliyevdakı ofisin icarə olduğunu deyir, ancaq Məmməd İsgəndərov verdiyi müsahibələrin birində ofisin ona məxsus olduğunu deyib Məhəmməd Vəliyevdən ona qaytarmasını istəmişdi. Məhkəmədə bir-birlərini qırırdılar. Əmlak Komitəsi ilə birləşib oranı satıblar. Alan adam da deyir, 2 milyonumu qaytarsın, istəmirəm. O da torpaqları satırdı. Yazıda mənzil məsələsinə toxunulub. Bunlar dövlətə müraciət etdi ki, Qarabağ veteranlarına mənzil verirsinizsə, bizə də torpaq ayırın. Biz bu məsələni 2010-cu ildən deyirik. 2011-ci ildə Əli Məsimli bizim məsələmizi plenar sessiyada qaldırıb. Məhəmməd Vəliyevi dəfələrlə çağırıb komitə üçün təklif və xahişlərini yazmalarını bildirilib. Sədr torpaqları rahat şəkildə satmaq üçün bizim mənzil məsələmizi qaldırmayıb. Biz Putinə yazdıqdan sonra Böyük Vətən Müharibəsi veteranları ilə hüquqlarımız bərabər tutuldu. Onsuz da hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır. Gizlətməklə deyil, hər şey gec-tez üzə çıxacaq".

Söhbətimizə sonradan qoşulan veteran Azad Əliyev də ona ayrılmış torpağın sotuna 2200 manat verdiyini bildirib:

"Sədr müavini Cavan Əhmədova 4 sota 8800 manat pul vermişəm. 1600 manat da bələdiyyəyə çıxıb. Verdiklər torpaq da bataqlıqdır, suyun içində bir şey etmək olmur". 6 ildir ki, almışam, ancaq hələ bir şey edə bilməmişəm. Heç olmasa, pulumu qaytarsınlar".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.