Ölkə

Cavid Hüseynov "aradan çıxarıldı" - Öldürülən jurnalistin qanı batırılır?

26 Dekabr 2015 11:59
7 Şərh     Baxış: 4 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 8-də döyülən və bir gün sonra həyatını itirən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı istintaq artıq yekunlaşıb. Nəticələr dekabrın 22-də məhkəməyə göndərilib. Zərərçəkmiş tərəf istintaqın nəticələrinə etiraz edir.

Buna səbəb R.Əliyevin ölümündə suçlanaraq həbs edilən "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov işinin ayrıca icraata götürülməsidir. Belə ki, jurnalistin ölümü ilə bağlı hazırda həbsdə olan digər 5 nəfərin - Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov Arif Əliyevə qarşı irəli sürülmüş 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə C.Hüseynov təqsirləndirilmir. Sabiq kapitanın işi yüngülləşdirilib. O, Cinayət Məcəlləsinin 307.1 (cinayətin hazırlanmasını və törədilməsini bilərək, bu barədə məlumat verməmə) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. İstintaqın nəticələrinin elan olunduğu ilk gündən cəmiyyətin və zərərçəkmiş tərəfin sərt təpkisi müşahidə olunur. Onlar iddia edirlər ki, futbolçu jurnalistin ölümündə birbaşa günahkardır. Onun tapşırığı ilə cinayətin törədildiyi iddia olunur. Bununla bağlı cəmiyyət və mətbuatın idman sektoru ilə açıq şəkildə qarşıdurmasının şahidi oluruq. Belə ki, idmanyönlü mətbuat orqanları, "Qəbələ"nin futbolçuları və idman sferasına yaxın şəxslərin əksəriyyəti C.Hüseynovun azadlığa çıxması, yaxud işinin yüngülləşdirilməsi üçün əllərindən gələni edirlər. Bu isə ciddi etirazla qarşılanır. Baş verənlərlə bağlı mərhum jurnalistin valideynləri ölkə başçısına müraciət ediblər.

R.Əliyevin anası Teyfurə Əliyeva istintaqın gedişinin hər şeyi çılpaqlığı ilə üzə çıxardığını söylədi: "Gedişat onu göstərir ki, Cavidin cəzası yüngül olacaq. Hazırda ancaq prezidentimizə inanıram. Ümid edirəm ki, ədalətin bərpa olunmasında bizə kömək edəcək. Artıq ölkə başçısına müraciət etmişəm. Nəticənin olacağına ümid edirəm. Yəqin ki, iş yenidən araşdırılar. İstintaqın nəticələri elan olunanda öz etirazımızı bildirdik. Vəkil çoxlu vəsatətlər verdi. Deyilənə görə, ilkin istintaq necə aparılırsa, məhkəmə də ona uyğun gedir. Rasimlə Cavidin danışıqlarının şahidiyəm. Bilirəm ki, oğlumu evdən çıxaran Cavid oldu. O, Cavidin sözünə inanıb evdən çıxdı. Dəfələrlə Cavid və onun bibisioğlu Rasimə zəng vurdular. Məqsədləri aldadıb çıxarmaq idi. Sonda ona da nail oldular. Bütün bunların şahidi olduğuma görə, istintaqın gedişindən, Cavidin cəzasının yüngül olacağından razı deyiləm. Prezident cinayət işini birbaşa nəzarətinə götürübsə, yəqin ki, nəticəsi yaxşı olacaq".

Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev əsas məsələnin işin ədalətli aparılması olduğunu söylədi: "Burada hansısa tərəfin qalib gəlməsindən söhbət gedə bilməz. Ədalət zəfər çalmalıdır. Düşünürəm ki, istintaqın gedişinin bu yerə qədər gəlməsində ictimai rəyin də zəif olması mühüm rol oynadı. Jurnalistlər həmkarlarının hüquqlarının qorunmasına bəlkə də, bir o qədər səy göstərə bilmədilər. İstəməzdim ki, idman tərəfin mətbuatdan bu işdə daha güclü olduğunu düşünüm. Amma nəticəyə baxanda belə çıxır. Bu sadəcə təəssüfedici haldır. Hələ hər şey qabaqdadır. Məhkəmə prosesi gedəcək. Əgər bundan sonra jurnalistlər cəmiyyətdə düzgün rəy formalaşdıra bilərlərsə, nəticə dəyişə bilər".
Komanda.az saytının redaktoru, idman jurnalisti Natiq Muxtarlı bildirdi ki, burada əsas mənəviyyat məsələsi rol oynayır: "Biz bu məsələdə idman orqanı olmasına baxmayaraq, birmənalı şəkildə öldürülən həmkarımızın yanındayıq. İlk günlərdən cinayətkarların cəzalandırılmasını tələb etmişik. "Qəbələ" rəhbərliyini bu məsələdə Cavidi müdafiə etdiklərinə görə qınamışıq. Amma çox təəssüf ki, mənəviyyat çoxları üçün arxa planda olan məsələdir. "Qəbələ" futbol klubu cəmiyyətin  bu məsələdə formalaşan rəyini nəzərə almırlar. Hələ də Cavid Hüseynovu müdafiə etməkdə davam edirlər.

Onun azadlığa çıxması üçün bütün vasitələrdən istifadə edirlər. Onlar futbolçunun həbsini imiclərinə vurulan zərbə kimi qəbul edirlər. Çünki bir müddət əvvəl "Neftçi"nin futbolçusu Araz Abdullayev avtomobili ilə yoldan keçən şəxsləri vurmuşdu. Bir nəfər ölmüşdü, biri isə yaralanmışdı. Amma Araz Abdullayev bir dəqiqə belə həbsdə olmadı. Təbii ki, bu işdə klub rəhbərliyinin rolu oldu. Hazırda iki klub rəhbərliyi arasında nüfuz mübarizəsi gedir. Bir jurnalistin  taleyi üzərində dəhşətli oyunlar gedir. İctimaiyyət bu məsələni daim diqqətdə saxlamalıdır. Həmkarımızın ölümündə günahı olanların layiqli cəza almalarına nail olmalıyıq. Bir addım geri çəkilsək, Cavid Hüseynov azadlığa çıxacaq, digər cinayətkarlar da azad olunacaqlar".

Xatırladaq ki, R.Əliyev facebookda C.Hüseynovla bağlı yazdığı statusa görə avqustun 8-də futbolçuya yaxın şəxslər tərəfindən döyülüb. Jurnalistin döyülmə anı həmin ərazidəki nəzarət kameralarına düşüb. Dekabrın 22-də yayılan videoda R.Əliyevin döyülməsi anbaan kameranın yaddaşına düşüb. Aldığı xəsarətlərdən R.Əliyev avqustun 9-da gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

"Yeni Müsavat"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.