Ölkə

"Azpetrol"la qarşı fırıldaq İTTİHAMı - 71 litrlik çənə 73 litri necə yerləşdiriblər? - FOTO

11 Noyabr 2015 18:18
16 Şərh     Baxış: 7 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adının çəkilməsini istəməyən sürücü Milli.Az-a müraciət edərək "Azpetrol" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrindən birində onun istehlakçı hüquqlarının pozulduğunu bildirib: "Noyabrın 5-də, axşam saat 12-yə işləmiş "Azpetrol"un Qələbə dairəsindəki yanacaqdoldurma məntəqəsinə girdim. Çünki avtomobilin benzini bitmək üzrə idi. İstədim ki, çəni tam doldurum. Mənim avtomobilim 3-cü nəsil "Grand Santa Fe"dir və bilirəm ki, çəni 71 litr benzin tutur. Dedim ki, 70 litr benzin vurun. Əvvəlcə benzini mənim xahişimlə 1-ci sürətlə, sonra 2-ci sürətlə vurdular. Gördüm ki, 70 litr vurulub, amma çəndə dolduğu görünmür. Dedim axı bura gələndə də çəndə bir az benzin olub. Əgər 70 litr vurmusuzsa, axı çən dolmalı idi. Dedilər ki, yox, elə bu cür olmalıdır. Gördüm bu qayda ilə heç nəyi sübut edə bilməyəcəm, ona görə dedim ki, dolana kimi benzin vurun. Hələ davam edəcəkdi, amma aparat 73 litri göstərəndə saxlatdırdım. Pulu kartla ödədim, qəbzi götürdüm, oranın rəisini çağırtdırdım ki, şikayət edim. Dedilər ki, gecə vaxtıdır, heç kim yoxdur, məsələ də bizlik deyil. Aparat burada, biz burda, sən də burada. Mən də dedim ki, mənim heç bir işçini günahlandırmaq fikrim yoxdur, amma şirkət buna görə cavab verməlidir. Gördüm daha heç nə edə bilmirəm, onlara xəbərdarlıq etdim ki, ölkə rəhbərliyinə və məhkəməyə şikayət edəcəm".

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azpetrol ltd" MMC-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov bildirib ki, həqiqətən də, noyabrın 5-də göstərilən vaxtda "Grand Santa Fe" markalı avtomobilə xidmət göstərilib və avtomobilə 73 litr benzin vurulub. Lakin onun sözlərinə görə, həmin avtomobil müşətirinin iddia etdiyi kimi 73 litr yox, 75 litr benzin tutur və həmin gün onun şikayəti ilə də bağlı akt tərtib olunub və ona bu haqda məlumat verilib: "Məsələ heç də sürücünün dediyi kimi deyil. O deyir ki, rəhbərliyə şikayət edə bilməyib. Amma rəhbərlik orada olub və şikayətlə bağlı akt tərtib olunub. O, əvvəlcə 70 litr benzin istəyib, çən dolmayıb. Sonra yenə də 3 litr benzin vurdurub, olub cəmi 73 litr. O, deyib ki, avtomobil 71 litr tutur, amma ona bildirilib ki, maşın 75 litr tutur. Bu məsələ yerində araşdırılıb və akt tərtib olunub, sürücüyə də bu haqda məlumat verilib".

"Azpetrol"un sözçüsü qeyd edib ki, belə hallara şirkətin YDM-lərində tez-tez rast gəlinir: "Bizim yanacaqdoldurma məntəqələrində belə hallar tez-tez olur və dərhal da araşdırılır. 98-99 faiz hallarda istehlakçı haqsız çıxır. YADM-lərdəki yanacaqdolduran cihazlarda heç bir səhv ola bilməz. Heç bir şirkət istəməz ki, müştərisini itirsin. Cihazlara möhür vurulub, onlara Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən nəzarət olunur və onlara heç kim müdaxilə edə bilməz".

Şikayətçi sürücü isə Milli.Az-a bildirib ki, həmin vaxt YDM-də rəhbərlikdən heç kim olmayıb və heç bir akt da tərtib olunmayıb: "Bu yalandır. Əgər akt tərtib olunsa idi, mənim bundan xəbərim olardı. Əgər akt tərtib olunubsa, bir surəti də müştəriyə də təqdim olunmalıdır. Əgər belə bir şey varsa, onda bəs mən niyə akta qol çəkməmişəm? Yəqin ki, indi özləri sənəddə yazıblar ki, müştəri imzalamaqdan imtina edib. Amma fakt odur ki, mənim avtomobilimin sənədində yazılıb ki, yanacaq çəninin həcmi 71 litrdir. Necə ola bilər ki, o, 75 litr tutsun? Bu məsələ təkcə "Azpetrol"un işi deyil, onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə qarşılıqlı işləyirlər. Çünki "Azpetrol" heç vaxt bunu belə edə bilməz. Problem, əslində, Dövlət Komitəsindən qaynaqlanır".

Faktla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə Milli.Az-a deyib ki, dövlət komitəsinin belə məsələlərdə ittiham edilməsinin heç bir əsası yoxdur: "Həmin şəxsin məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Təbii ki, hər bir istehlakçı öz hüquqlarının təmin edilməsi üçün mübarizə aparmalıdır. "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna əsasən, ölkə ərazisində istifadə olunan cihazların, o cümlədən yanacaqdoldurma məntəqələrindəki ölçmə cihazlarının kalibrlənməsi həyata keçirilir. Qanun tələb edir ki, cihazlar yoxlamadan keçirilsin. Sahibkar da müraciət edəndən sonra YDM-lərdəki cihazlar laboratoriyada yoxlamadan keçirildikdən sonra istismara buraxılır. Bütün məntəqələrdəki cihazlarda ölçmələr eyni olmalıdır. Ölçmələrdə heç bir fərq ola bilməz. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adının hər hansı neqativ hallarla əlaqələndirilməsi əsassızdır, düzgün deyil. Buna baxmayaraq, mən həmin şikayətçi sürücüyə tövsiyə edərdim ki, rastlaşdığı faktla bağlı bizim komitəyə müraciət etsin ki, məsələni araşdıraq".

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.