17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA Agentliyi) birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda məlumatlandırma sessiyası keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.
Məlumatlandırma sessiyasında açılış nitqi ilə çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva iştirakçıları salamlayaraq vurğulayıb ki, WUF13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi son illər şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və islahatların məntiqi davamıdır və ölkəni növbəti dəfə qlobal gündəliyin mərkəzinə çıxarır. Bundan irəli gələn məsuliyyətlər, çağırışlar və imkanlar bütün maraqlı tərəflərlə yanaşı, medianın da üzərinə mühüm vəzifələr qoyur. Məlumatlandırma sessiyasının vacibliyini vurğulayaraq o, media nümayəndələrini tədbirə hazırlıq prosesində, tədbir zamanı, habelə WUF13-dən sonra da şəhərsalma mövzusunun ardıcıl və peşəkar şəkildə işıqlandırılmasına fəal töhfə verməyə çağırıb.
Daha sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması və WUF13 tədbirinin Azərbaycanda təşkili beynəlxalq diqqətin regiona yönəlməsinə və konkret, davamlı nəticələrin əldə edilməsinə unikal imkan yaradır. Onun sözlərinə görə, əsas məqsəd forumun nəticələrini milli təcrübəyə inteqrasiya etmək, institusional mexanizmləri gücləndirmək, mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və insan yönümlü şəhərsalma yanaşmasını təşviq etməkdir. Anna Soave, həmçinin vurğulayıb ki, tədbirdə aparılacaq müzakirələr layiqli mənzil təminatı, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüziv şəhərsalma istiqamətlərində irəliləyişlərə təkan verəcək. O, bu prosesdə medianın əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. O bildirib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji yeniliklərlə deyil, həm də ictimai məlumatlandırma, şəffaf kommunikasiya və düzgün informasiya siyasəti üzərində qurulmalıdır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.
Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iştirakçılara davamlılıq və inklüzivlik mövzularında, eləcə də Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti barədə və Azərbaycanın şəhərsalma inkişafı və dayanıqlılıq siyasəti barədə ətraflı məlumat verilib. Eyni zamanda WUF13 çərçivəsində gerçəkləşən Azərbaycan Şəhərsalma Kampaniyası haqqında da ətraflı məlumat verilib. Şəhərsalma sahəsində ən mühüm və aktual məsələləri əhatə edən praktiki məşğələ keçirilib.
Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını və ümumilikdə şəhərsalma məsələlərini işıqlandırma sahəsində geniş təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer məlumatlandırma sessiyasına onlayn şəkildə qoşularaq, media nümayəndələrinə öncəki sessiyalardakı təcrübələrindən və WUF13-də əhatə edə biləcəkləri mövzular və işıqlandıracaqları məsələlər barədə praktiki tövsiyələrini bölüşüb.
Sessiyanın sonunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, məlumatlandırma sessiyaları silsilə xarakter daşıyır və WUF13 tədbirinədək bir neçə dəfə media nümayəndələri üçün təşkil ediləcək.
Milli.Az





