Ramazan ayı yaxınlaşdıqca süfrələrin tacı olan xurma yenidən gündəmə gəlir. Lakin çoxumuz yediyimiz bu meyvənin mənşəyi, növləri və istehsal prosesi haqqında səthi məlumatlara sahibik.
Milli.Az xəbər verir ki, bazarlarda satılan hər "iri və ətli" xurmanın mütləq genetik modifikasiya olunmuş (GMO) olması fikri yanlışdır. Xurmanın minlərlə təbii növü var (Mədinə, Məcdul, Acvə və s.) və onların fərqli ölçüləri tamamilə coğrafi mənşəyindən asılıdır.
Ən çox mübahisə yaradan iri "Məcdul" xurması əslində Mərakeş mənşəlidir, lakin hazırda İsrail, ABŞ və digər ölkələrdə geniş becərilir. Onun böyüklüyü laboratoriya müdaxiləsi deyil, növün öz xüsusiyyətidir.
Xurma ağacının min illərdir davam edən seleksiya prosesini "genetik müdaxilə" ilə qarışdırmaq elmi cahillikdir. Fermerlər sadəcə ən dözümlü və məhsuldar ağacları çoxaltmaqla keyfiyyəti artırırlar.
Genetikadan daha böyük problem xurmaların parıldaması və ağır çəkili olması üçün onlara süni şəkər şərbətlərinin vurulmasıdır. Mütəxəssislər istehlakçıları "genetikadan" qorxmaq əvəzinə, kimyəvi qatqılara qarşı diqqətli olmağa çağırır.
Lalə Qüdrətova
Milli.Az





