Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsi üzrə yaxın iki ay ərzində icra razılaşmasının imzalanması gözlənilir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
O, müsahibəsində İranla Azərbaycan arasında iqtisadi, siyasi, mədəni sahələrdə görülən işlərdən, eyni zamanda qarşılıqlı maraq doğuran məsələlərdən danışıb.
Müctəba Dəmirçili əvvəlcə vurğulayıb ki, regionda kommunikasiya və nəqliyyat sahəsində yeni təşəbbüslər irəli sürülür: "İran İslam Respublikası hər zaman bəyan edib ki, bütün regional iqtisadi layihələri dəstəkləyir. Çünki İran hesab edir ki, bu layihələr ölkələr üçün, xüsusilə iqtisadi inkişaf, sülh və sabitlik baxımından faydalı ola bilər və müsbət nəticələr verə bilər. Bununla yanaşı, iqtisadi layihələr adı altında digər ölkələr tərəfindən geosiyasi məqsədlərin gündəmə gətirilməsinə yol verilməməlidir. Regiondan kənar qüvvələrin müdaxiləsi təcrübədə çətinliklər yaradıb və belə hallarda həmin qüvvələr ilk növbədə öz maraqlarını nəzərə alırlar. Bu baxımdan, regionda reallaşan iqtisadi layihələr ölkələr üçün faydalı olmalıdır və başqa məqsədlərə xidmət etməməlidir".
Səfir bildirib ki, regionda iqtisadi layihələrin artması ümumi rifaha müsbət təsir göstərir. Onun sözlərinə görə, nəqliyyat və kommunikasiya layihələrinin icrası region üçün müsbət nəticələr verə bilər və İran bu cür təşəbbüsləri dəstəkləyir.
Səfir xatırladıb ki, hazırda Naxçıvan Azərbaycanla yalnız hava yolu və İran üzərindən tranzit əlaqəsi vasitəsilə birləşir və İran çalışır ki, öz ərazisi üzərindən bu əlaqələr daha rahat şəkildə davam etdirilsin.
Səfir həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizinin region üçün faydalarından da danışıb: "Bu dəhliz böyük əhəmiyyət daşıyan layihələrdən biridir və bütün region üçün faydalıdır. İran bu layihədən səmərəli istifadə olunmasında maraqlıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin üç qolu var və onlardan biri Azərbaycan ərazisindən keçir. Dəmir yolu sahəsində də işlər davam edir. Azərbaycan dəmir yolu xətti Astara sərhədində İrana birləşdirilib və ötən il bu xətdən istifadə olunub".
O əlavə edib ki, Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsi istiqamətində işlər aparılır: "Rəştdən Ənzəliyə qədər olan 30 kilometrdən bir qədər artıq hissə artıq inşa edilib. Ənzəlidən Astaraya qədər qalan hissənin tikintisi üzrə işlər davam edir. İran və Rusiya şirkətləri bu istiqamətdə birgə fəaliyyət göstərirlər. Ötən aylarda Tehranda keçirilən birgə İqtisadi Komissiyanın iclasında da bu məsələ müzakirə olunub və qərara alınıb ki, yaxın iki ay ərzində layihə üzrə icra razılaşması imzalansın. Tədqiqat işlərinə artıq başlanılıb və ümid edilir ki, proses sürətlə davam edəcək və bütün region bundan faydalanacaq".
Müctəba Dəmirçilu eyni zamanda, İran və Azərbaycan əlaqələrinin siyasi müstəvidə də gündən-günə genişləndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İran və Azərbaycan əlaqələri Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərindən sonra ciddi irəliləyiş əldə edib: "Bu münasibətlər müsbət istiqamətdə gündən-günə genişlənir. Xüsusilə iqtisadiyyat sahəsində, nəqliyyat və tranzit istiqamətində, ticarət və birgə iqtisadi layihələr çərçivəsində əməkdaşlıq uğurla davam edir və artıq müsbət nəticələr əldə olunub. Bundan başqa, siyasi sahədə də müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır. Mədəniyyət istiqamətində isə hər iki ölkənin mədəniyyət nazirlərinin müavinlərinin qarşılıqlı səfərləri baş tutub və razılaşdırılıb ki, qarşıdakı aylarda həm İranda, həm də Azərbaycanda qarşılıqlı mədəniyyət günləri keçirilsin".
Səfir əlavə edib ki, yaxın günlərdə Bakıda Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. Bu komissiya iqtisadi əlaqələrlə yanaşı, humanitar sahəni də əhatə edir. Onun sözlərinə görə, növbəti iclasda da yeni nailiyyətlərin əldə olunacağı gözlənilir.
Bundan başqa, səfir qeyd edib ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasında iştirakla bağlı Azərbaycan tərəfindən İrana dəvətnamə göndərilib: "Dəvətnamə İranın Prezident Aparatına təqdim olunub və ona baxıldıqdan sonra cavab veriləcək. Təcrübə göstərir ki, istər İranda, istərsə də Azərbaycanda keçirilən beynəlxalq forum və tədbirlərdə tərəflər yüksək səviyyədə iştirak etməyə çalışırlar. Hazırda Azərbaycan tərəfindən göndərilən dəvətnaməyə İrandan cavab gözləyirik".
Milli.Az





