Günay Ağamalı uçuş boyu atasının ölümü haqqında danışqları dinləyib.
Milli.Az xəbər verir ki, bunu jurnalsit Elçin Zahiroğlu bildirib.
"Dünən axşam, Ankara-Bakı reysi. Mənlə paralel əyləşən, hay-küyü ilə bütün təyyarənin diqqətini özünə çəkən bir qadının səsi fonunda üzündən kədər yağan başqa bir xanımın çarəsizcə stüardessadan kömək istədiyini eşidirəm. Təyyarə enən kimi təcili düşməlidir, amma yer olmadığı üçün çantaları lap axıra aparılıb...Haradansa tanıyıram, amma ayırd edə bilmirəm. Təyyarə qalxır. Yanımda əyləşən xanımın söhbətləri uzandıqca uzanır, mənə elə gəlir ki, bütün salon onu dinləyir. Təyyarə enir, səsi qısa müddətlik kəsilir - telefonu "dillənir", interneti gəlib. Və birdən uca səslə deyir: "Fəzail Ağamalı ölüb..." Yanındakı soruşur kim olduğunu. "Bu yaxınlarda oğlu ilə qızı partiya sədrliyi üstündə bir-birini qırmamışdı? Ailədə düşmənçilik oldu. Bəlkə də elə buna dözmədi..."
Mobil trapın önündə VIP qarşılanma xidməti göstərən personal dayanıb. Onlardan birinin əlindəki "name board"da yazılıb: Ağamalı Günay
Sən demə, bütün uçuş boyu çarəsiz halda tələsən, eyni zamanda atasının ölümü haqqında danışqları dinləyən o xanım Günay Ağamalı imiş. Susqun, bitkin, atasının cənazəsinə tələsən bir övlad.
Allah Fəzail Ağamalıya rəhmət eləsin!"
Milli.Az





