12 fevral saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlər üçün əlamətdar bir konsert proqramı təqdim olunacaq. Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutacaq "Baxın kölgəsində" adlı bu musiqi axşamı dünya klassikasının seçmə nümunələrini bir araya gətirəcək.
Konsertdə nəfəs alətləri üzrə tanınmış və istedadlı ifaçılar - İrina Bısova (faqot) və Alim Sadıxov (qoboy) solist qismində çıxış edəcəklər. Onların ifasında barokko dövrünün incə üslubu ilə müasir musiqi təfəkkürü vəhdət şəklində təqdim olunacaq.
Proqramda J.C.Bach - Simfoniya N°2, Es-dur (op.9), A.Marcello - Qoboy və orkestr üçün Konsert d-moll, J.C.Bach - Faqot və orkestr üçün Konsert Es-dur, H.Villa - Lobos - "Braziliya Baxianası" N°4, A.Part - "B-A-C-H" mövzusuna kollaj, P.Vasks - "Cantabile" səslənəcək.
Həm klassik irsin, həm də çağdaş musiqi dilinin bir arada təqdim olunacağı maraqlı və rəngarəng proqramı ilə seçilən "Baxın kölgəsində" adlı bu konserti qaçırmayın.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





