Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az xəbər verir ki, hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, iş üzrə təqsirləndirilən Cavid Əsgərovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi "Mersedes Benz C250" markalı, 99 GC 949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə "Gənclik" istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu. Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.
Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.
Milli.Az





